Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Aprel 2021 11:00

Döyüş hazırlığı Zəfərdən sonra da yüksək səviyyədə saxlanılır

İstehkamçıların təlim-məşqlərini izləmək həmişə ətrafdakılarda böyük maraq doğurur. Döyüşlər zamanı bu ixtisas sahiblərinin üzərinə də böyük və mühüm vəzifələr düşür. Bu mühüm vəzifələri yerinə yetirmək üçün isə, təbiidir ki, istehkamçının hazırlığı, peşəkarlığı yüksək səviyyədə olmalıdır. Peşəkarlıq yüksək səviyyədə olmalıdır ki, qarşıya qoyulan tapşırıq yerinə yetirilərkən, səhvə, qüsura yol verilməsin. Belə bir deyim var ki, istehkamçılar yalnız bir dəfə səhv edirlər. Bu səhvdən qaçmaq üçün isə öz sahənin peşəkarı olmalısan. Təcrübə, peşəkarlıq isə müntəzəm olaraq keçirilən dərs və məşğələlərdə, təlimlərdə qazanılır. Ona görə də komandanlıq daim dərs və məşğələlərin keçirilməsinə böyük diqqət göstərir, hərtərəfli şərait yaradır. Zabitlər isə bir qayda olaraq xidmətlərinə məsuliyyətlə yanaşır, şəxsi heyətin döyüş hazırlığının artırılması üçün dərs və məşğələlərin səmərəli şəkildə keçirilməsinə böyük önəm verirlər.
Bu günlərdə ezamiyyətdə olanda istehkamçıların təlim-məşqlərini yaxından izlədik. Gördüklərimiz bizdə xoş təəssüratlar oyatdı. Zabit sıranın qarşısında dayanaraq dərsin mövzusunu şəxsi heyətə geniş açıqlayır, əyani vəsaitlərdən də istifadə edərək, tapşırığı yerinə yetirərkən tələb olunan bütün zəruri hərəkətləri əsgərlərə dərindən və əhatəli aşılamağa çalışırdı. Şəxsi heyət isə bütün diqqəti komandirlərinə yönəldərək, məşğələnin gedişini həvəslə izləyirdi. Zabit məşğələnin mövzusunu geniş danışdıqdan sonra, əsgərlərdən birini sıranın qarşısına çağırdı və bir az əvvəl göstərdiyi hərəkətləri təkrar etməyi tapşırdı. Əsgər əyani vəsaitlərdən də istifadə edərək komandirin tapşırığını yerinə yetirdi. Mövzuya uyğun olaraq göstərilən bütün hərəkətləri tələb edilən qaydada təkrar etdi. Beləcə, məşğələdə iştirak edən əsgərlər bir-bir irəli çıxaraq məşğələ zamanı mənimsədikləri vərdişləri göstərdilər. Komandirin üzündən razılıq əlaməti oxunur, hiss olunur ki, əsgərlərin bacarıq və bilik səviyyəsi yüksəkdir.
Bir azdan məşğələdə fasilə elan olundu. Arada yaranmış vaxtdan istifadə edərək istehkamçılarla söhbətləşib, ətraflı tanış olduq. Bayaqdan şəxsi heyətə məşğələ keçən baş leytenant Nuran Bəşirzadə ilə söhbət etdik. Gənc zabit şəxsi heyətin döyüş hazırlığının yüksək olmasından ürəkaçıqlığı ilə danışdı. Dedi ki, əsgərlərimizin hazırlığı, peşəkarlığı yüksək səviyyədədir. "Buna görə də biz onlarla birlikdə 44 gün davam edən Vətən müharibəsində qarşıya qoyulan bütün döyüş tapşırıqlarını bacarıqla, peşəkarcasına yerinə yetirdik. Nə qədər riskli və təhlükəli olsa da, qoşunlarımızın irəliləməsi, düşmənin torpaqlarımızdan qovulması üçün təyin olunan strateji nöqtələrdən dəhliz açdıq. Zabit və əsgərlərimizin işğalçıların  üzərinə getmələrini təmin etdik. Bütün bu və ya digər tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsində bölməmizin bütün zabit və əsgərləri iştirak etdilər. Hamı bir nəfər kimi erməni işğalçılarına qarşı cəsarət və hünərlə vuruşdu. İkinci Qarabağ müharibəsində hər kəs üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəldi. Məhz buna görə də biz Vətən müharibəsində düşmənə sarsıdıcı zərbələr endirərək, torpaqlarımızı erməni qəsbkarlarından azad etdik. Qaçqınların, köçkünlərin torpaq həsrətinə, yurd nisgilinə son qoyduq. Buna görə də indi xalqımızın yanında başımız uca, alnımız açıqdır".
Baş leytenant N.Bəşirzadə sözünə davam edərək onu da dedi ki, əks-hücum əməliyyatlarında qazandığımız qələbələr bizi arxayınlaşdırmır. "Əksinə, müharibədən sonra üzərimizə düşən vəzifənin öhdəsindən bacarıqla gəlməyimiz üçün döyüş hazırlığımızı plana uyğun olaraq artırır, əsgərlərimizin biliklərini, və təcrübələrini daha da təkmilləşdirməyə çalışırıq. Şəxsi heyət bu təlim-məşqlərdə fəal iştirak edir, tələb olunan hərəkət və vərdişləri dərindən mənimsəyir. Döyüş hazırlığı Zəfərdən sonra da yüksək səviyyədə saxlanılır. Bugünkü məşğələnin mövzusu "Tankəleyhinə minanın torpaq səthinə qurulması"dır. Biz məşğələlərin mövzularını əsgərlərimizə geniş və əhatəli şəkildə izah edirik. Onların vərdiş və bilikləri dərindən mənimsəmələri üçün əyani vəsaitlərdən də səmərəli istifadə etməyə çalışırıq. Məşğələlər bir qayda olaraq döyüş şəraitinə uyğun keçirilir. Mövzuların belə geniş və əhatəli izah olunması vərdişlərin dərindən mənimsənilməsinə əlverişli şərait yaradır. Buna görə də dərs və məşğələlərin bu formada, bu üsulda keçirilməsinə üstünlük veririk. Məqsədimiz odur ki, əsgərlərimiz bilikli və bacarıqlı olsunlar. Verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirsinlər".
- Vətən müharibəsində iştirak etməyimizdən və erməni qəsbkarları üzərində qələbələr qazanmağımızdan qürur hissi duyuruq, - deyə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Babək Hümbətov söhbətimizə qoşuldu. - Bildiyimiz kimi, qələbələrin əldə olunmasında döyüş hazırlığının rolu əvəzsizdir. Ona görə də bütün diqqəti şəxsi heyətin döyüş hazırlığının artırılmasına, dərs və məşğələlərin səmərəli keçirilməsinə yönəltmişik. Müntəzəm olaraq təlim keçir, döyüş hazırlığımızı artırırıq. Bilirik ki, döyüş hazırlığımız yüksək olarsa, peşəkarlığımız bir o qədər artar. Bunu biz Vətən müharibəsində bir daha sınaqdan keçirdik.
Daha sonra məşğələdə fəal iştirak edən istehkamçı əsgərlərdən Anar Baxşıyev, Canəli İsmayılov, Vüsal Ağayev, Allahverdi Nəcəfli, Camo Əliyev, Tohid Əsgərov və başqaları ilə də söhbət etdik. Onların həm təlimlərdə, həm də döyüşlərdə qazandıqları uğurlar bizi çox sevindirdi. Qələbə bu əsgərlərə çox yaraşırdı.
Elan olunmuş fasilə başa çatdı. İstehkamçılar onlar üçün ayrılmış sahədə yerlərini tutaraq məşğələlərinə davam etdilər. Belə hazırlıqlı, peşəkar əsgərlər həmişə uğurlar qazanır.

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"