Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Aprel 2021 11:00

Ali Baş Komandan İlham ƏLİYEV: Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın,ordumuzun gücünü göstərən qələbədir

Vətən müharibəsində Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin cəsurluğu, fədakarlığı və rəşadəti ilə qazanılan tarixi Zəfər ölkəmizdə ümumxalq sevinci, kapitulyasiya aktına imza atan Ermənistanda dərin məyusluq və depressiya yaratdı. Dünyanın aparıcı ölkələrində hərbi mütəxəssislər, ekspertlər qoşunlarımızın cəbhədə nümayiş etdirdiyi ən modern silahlarına və döyüş texnikalarına diqqət yetirir, hərbi-taktiki yenilikləri incələyirlər. Onların əksər qismi haqlı olaraq belə qənaətə gəliblər ki, Azərbaycan 44 gün davam edən hərbi əməliyyatlar zamanı XXI yüzilliyə xas döyüş imkanları sərgiləyib.
Aradan beş ay keçməsinə baxmayaraq, hələ də Qarabağ cəbhəsində baş verən bu və ya digər hadisələr geniş işıqlandırılır, təhlil obyektinə çevrilir. Hərbi analitiklər öz araşdırmalarında Silahlı Qüvvələrimizin ötən 20-25 il ərzində keçdiyi inkişaf yolunu təhlil edir, ordu quruculuğunun dövlət rəhbərliyi tərəfindən prioritet vəzifə kimi qarşıya qoyulduğunu vurğulayırlar. Ötən müddət ərzində öz arsenalını gücləndirmək üçün dünyanın bir çox ölkələrindən ölkəmizin ən müasir və yüksək dəqiqliyə malik silah nümunələri aldığını ekspertlər xüsusi vurğulayır, döyüş hazırlığı prosesində ordumuzun bu silahları və hərbi texnikanı bacarıqla mənimsədiyini, müxtəlif  və müştərək təlimlər zamanı taktiki ustalıqlarını durmadan artırdığını dəlil kimi ortaya qoyurlar.
Hərbi mütəxəssislər 2016-cı ilin aprelində baş vermiş dördgünlük döyüşləri Vətən müharibəsində Azərbaycan Ordusunun Ermənistan üzərində çaldığı  zəfərin təsadüfi olmadığına əsas arqument olaraq gətirirlər.
Beş il öncə bu günlərdə baş verən döyüşlər də məhz Ermənistan hərbi birləşmələrinin təxribatı nəticəsində baş vermişdi. Buna baxmayaraq ordumuzun bölmələri düşmənə layiqincə cavab vermiş, onu müxtəlif istiqamətlərdə təmas xəttindən xeyli arxaya atmışdılar.  
2016-cı ilin aprelin ilk günlərində atəşkəs cəbhə xəttində vəziyyətin kəskinləşməsi nəticəsində pozuldu. Atəşkəs imzalandığı 24 il ərzində atışmalar baş versə də, gərginlik bu səviyyəyə çatmamışdı. Ermənistan silahlı birləşmələrinin martın sonlarında ordumuzun mövqelərinə, kənd və qəsəbələrimizə artilleriya silahlarından ağır zərbələr endirməsi cavabsız qala bilməzdi.
Ermənistan silahlı birləşmələrinin ordumuzun mövqelərini, kənd və qəsəbələrimizi artilleriya silahlarından güclü atəşə tutması  səbr kasasının daşmasında son damla oldu. Ermənistan işğalçı ordusu bölmələrimizi bu döyüşlərə beləcə vadar etdi.
İntensiv döyüşlərlə yadda qalan bu dörd gündə baş verən hadisələr dünya informasiya agentliklərində yuxarı sətirlərdə yer aldı.
O zaman nüfuzlu "Blomberq" agentliyinə müsahibəsində Con Hopkins Universitetinin əməkdaşı Svante Kornell bildirmişdi: "Azərbaycanın siyasəti çox aydın idi, strategiyası ölkələr arasında iqtisadi, siyasi, diplomatik və hərbi tarazlığı elə yüksəltməyə yönəldilib ki, Ermənistanı hansısa sülh sazişini qəbul etməyə məcbur etsin".
Yaşayış məntəqələrimizi atəş altında saxlayan yüksəkliklərdəki düşmən mövqelərini birdəfəlik susdurmaq üçün  ordumuzun bölmələri aprelin ilk günlərində hərəkətə keçdi. Cəsur Azərbaycan oğulları Tərtər, Goranboy və Füzuli rayonları istiqamətində düşmənin atəşkəs dövründə işğal etdiyi ərazilərimizdə durmadan möhkəmləndirdiyi və keçilməz hesab etdiyi  ön xətt mövqelərini  qısa bir vaxtda yarmağı bacardılar və erməni hərbi birləşmələrini qaçmağa vadar etdilər. Bu döyüşlərdə bölmələrimiz çevik hərəkətlə irəliləyərək önəmli yüksəklikləri və 2 min hektardan artıq ərazini düşmən işğalından azad etdilər.
Bu döyüşlərdə Azərbaycanın zabit, gizir və əsgərləri əsl cəsarət və igidlik nümunələri göstərdilər. Zabit və əsgərlərimizin hər biri cəbhədə, sözün həqiqi mənasında, mətanət, dözümlülük, qələbə əzmi nümayiş etdirdi.
O günlərdə Azərbaycan zabitləri əsl fədakarlıq göstərərək şəxsi heyətə nümunə olmağı, döyüşçülərdə ordumuzun gücünə inam aşılamağı, onları qələbəyə aparmağı bacardılar. Bu uğurda onların zəhməti böyük idi. Neçə-neçə zabit və əsgərimiz yaralı halda döyüşü davam etdirərək, şücaət və  fədakarlıq  göstərdi.
Dövlət tərəfindən yüksək mükafatlara layiq görülən zabit və əsgərlərimizin bu fədakarlığı, mətinliyi ordumuzun real  gücündən, yüksək döyüş ruhundan,  sarsılmaz  iradəsindən xəbər verirdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşərkən demişdi: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir".
Döyüşlərdən sonra Silahlı Qüvvələrimizin bölmələri azad etdikləri yüksəkliklərdə qısa zamanda möhkəmlənməyi bacardılar. Düşmən həmin əraziləri qaytarmağa nə qədər cəhd göstərsə də, buna nail ola bilmədi, itkilər verərək geri çəkilməyə məcbur oldu. Döyüşçülərimizin apardığı mühəndis-istehkam işləri həmin mövqeləri alınmaz qalaya çevirdi. Amma Azərbaycan Ordusunun bölmələri bu ərazilərdə möhkəmlənib dayanmaq niyyətində deyildi. Bunu 44 gün davam edən Vətən müharibəsi bütün dünyaya nümayiş etdirdi. Aprel döyüşləri tarixi Zəfərimizin müjdəçisi oldu.

Əbülfət QASIMOV