Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Aprel 2021 08:43

Vətən müharibəsində ermənilərin xülyasına son qoyuldu

1993-cü il yazın ilk ayı idi. Gərgin döyüşlər gedirdi. Düşmən bütün var-gücü ilə Tərtər rayonunu işğal etməyi qarşısına məqsəd qoymuşdu. Ön cəbhədə döyüşən əsgərlər erməni vandallarının amansız hücumlarının qarşısını qətiyyətlə alırdılar.
Döyüşlər zamanı  başqa bölmələrdən hərbi qulluqçular sıralarımıza daxil oldular. Onların arasında vətənpərvərliyi ilə seçilən, tabeliyində olan şəxsi heyətin qayğısına qalan və onları döyüşə ruhlandıran kapitan ilk baxışdan hamının diqqətini özünə çəkdi. Bölmənin ilk döyüşü Ağdərənin bir sıra kəndlərinin düşməndən azad edilməsi ilə başlandı. Şəxsi heyət bir neçə ay müddətində təlim-məşq kursu keçdikdən sonra dərhal döyüşə atıldı. Onların əvvəlki döyüş fəaliyyətlərindən deyil, bundan sonrakı Vətən qarşısındakı xidmətlərindən danışmaq istərdim.
Yolçu Ələkbərov birinci Qarabağ müharibəsi başlananda Samux rayonu Qovlar-Sarı kəndində sovxozdakı işini buraxıb Vətənin müdafiəsinə könüllü yollanmışdı. Çaykənd və Toğanadan başlayan döyüş yolunu gənc zabit Tərtər-Ağdərədə davam etdirməli oldu. O, komandirin şəxsi heyətlə iş üzrə müavini idi. Komandirindən aldığı döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməklə bərabər tabeliyində olan döyüşçüləri daim ruhlandırırdı. Onların qayğı və ehtiyaclarını öyrənib həllinə çalışırdı. Zabit Yolçu Ələkbərov həm ədaləti, həm də cəsarəti ilə hər bir döyüşçünün sevimlisi oldu.
Həmin dövrdən on illər keçir. Yolçu Ələkbərov bu gün də cəbhə dostlarını unutmur. Onunla bu günlərdə müalicə mərkəzlərindən birində görüşdüm. Arxada qoyduğumuz o illəri, müharibənin qanlı-qadalı günlərini xatırlamamaq mümkün deyil. Söhbət zamanı oğlu Məqsədin döyüşən hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etdiyini öyrəndim. Yolçu Ələkbərov oğlu haqqında qürurla danışmağa başladı...
- Məqsəd məni həmişə hərbi geyimdə görüb. Böyüyəndə o da zabit olmaq arzusunda idi. Zaman elə gətirdi ki, Məqsəd öz istəyinə nail oldu. Bir ata kimi xeyir-dua verib hərbi xidmətə yola saldım.
Məqsəd müddətli həqiqi hərbi xidmətini də cəbhə bölgəsində, ön xətdə keçib. Düşmənlə təmas xəttinə kifayət qədər bələd idi. Ötən il sentyabrın 27-də Azərbaycan Ordusunun əks-hücum əməliyyatları da həmin istiqamətdən başladı. Həm mürəkkəb relyef, həm də tez-tez dəyişən hava şəraiti döyüşçülərin qarşıya qoyduğu döyüş əməliyyatını uğurla yerinə yetirməsinə müəyyən çətinliklər yaradırdı. Digər tərəfdən də düşmən Murovdağ istiqamətində kifayət qədər qüvvə toplayaraq on illər ərzində qurduqları səngərlərdə müdafiə olunaraq döyüşçülərimizin irəliləməsinin qarşısını almağa çalışırdı. Ordumuz düşmənin mövqelərini yararaq işğal altında olan ərazilərimizi azad etməyə müvəffəq oldu.
Zabit Əlzamin Mirzəyev tabeliyində olan kiçik komandir heyətindən söz açaraq Məqsədin xidmətindən yetərincə razı qaldığını bildirdi.
Məqsəd Ələkbərov hərbi qulluqçu kimi yenə də xidmətini davam etdirir. Vaxtilə Vətənin bütövlüyü naminə düşmənlə mübarizə aparmış ata dedi ki, oğlum Məqsədin komandirlərindən hər dəfə aldığı təşəkkürləri görəndə ürəyim dağa dönür, qürurlanıram.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında keçirilən Vətən müharibəsindən sonra düşmən çətin ki, özünə bir də gələ. Dəmir yumruq "dənizdən-dənizə Ermənistan" xülyasına son qoydu. Bundan sonra da neçə-neçə ata-oğullar  müqəddəs Vətən torpaqlarını göz bəbəyi kimi qoruyacaqlar.

Bəxtiyar ƏLİYEV, "Azərbaycan Ordusu"