Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Mart 2021 11:00

“Hazırlıqlı və peşəkar ordumuzun qarşısında tab gətirə bilmədilər”

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistana qarşı başladığı uğurlu əks-hücum əməliyyatı tarixi qələbəmizlə başa çatdı. Döyüşlərdə tətbiq edilən müasir silah və texnikalar qələbənin qazanılmasında xüsusi önəm daşıdı. 2016-cı ilin aprelində, 2018-ci ilin mayında olduğu kimi, 2020-ci ilin Vətən müharibəsində də Azərbaycan əsgəri əsl qəhrəmanlıq nümunəsi göstərərək adını Zəfər salnaməmizə qızıl hərflərlə yazdı. 44 günlük döyüşlər zamanı bütün dünya Azərbaycan xalqının birliyini, Azərbaycan Ordusunun qələbə əzmini, döyüş və mənəvi-psixoloji hazırlığını aydın şəkildə gördü. Qazanılan qələbədə payı olan igidlərimizdən biri - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Eldəniz Qaraxanov ilə "N" hərbi hissəsində həmsöhbət olduq.
Eldəniz Qaraxanov 1989-cu ildə Şirvan şəhərində anadan olub. Tam orta təhsilini başa vurduqdan sonra müddətli həqiqi hərbi xidmətə yollanıb. Hərb peşəsinə olan maraq və istəyi tərxis olunduqdan sonra onu ordu sıralarına qayıtmağa, Vətənin keşiyində dayanmağa səsləyib. 2014-cü ildə "N" hərbi hissəsində "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı" kursunu tuşlayıcı-operator ixtisası üzrə bitirib. Xidmətinə cəbhə bölgəsində yerləşən bölmələrdən birində başlayıb. Təcrübəli hərbi qulluqçu xidmət müddətində bir neçə dəfə "Ən yaxşı tuşlayıcı-operator" yarışlarının mükafatçısı olub. İxtisasını mükəmməl mənimsəyən Eldəniz 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısıdır. Şəxsi heyətlə birgə cəbhənin ön xəttində müdafiədə dayanaraq düşmənin hər hansı bir təxribatının qarşısını almağa hazır vəziyyətdə gözləyib.
27 sentyabr 2020-ci ildə uğurlu əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsinin iştirakçısı olan həmsöhbətim Füzuli rayonu uğrunda gedən döyüşlərə qatılıb. "Sentyabrın 27-də ermənilər yenidən genişmiqyaslı təxribat törətməyə cəhd göstərdilər. Düşmən təxribatının qarşısını almaq məqsədilə səhər saatlarında bölmələrimizə həyəcan siqnalı verildi. Tuşlayıcısı olduğum zirehli texnika ilə erməni təxribatının qarşısını alaraq əks-hücum əməliyyatına başladıq. Ağır döyüşlər başlandı. Düşmən ciddi müqavimət göstərirdi. Lakin çox keçmədən dəqiq atəş zərbələri ilə onların xeyli sayda canlı qüvvə və texnikasını,  atəş nöqtələrini məhv etdik. Təlaş içində qalan düşmən silah-sursatlarını, atəş mövqelərini ataraq qaçmağa başladı. Hazırlıqlı və peşəkar ordumuzun qarşısında tab gətirə bilmədilər."
Daha sonra Eldəniz yuxarı komandanlığın əmri ilə Cəbrayıl rayonu istiqamətində döyüşlərə davam edib. "Kəndlərimiz, rayonlarımız işğaldan bir-bir azad olunduqca ruh yüksəkliyimiz, qələbə əzmimiz daha da artırdı. Digər ərazilərimizin işğaldan azad olunmasına can atırdıq. Tək amalımız doğma Qarabağımızın azadlığı idi. Elə bu amalla da istəyimizə nail olduq. Haqq davamız Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuzun Böyük Qələbəsi ilə başa çatdı."
"Döyüşlərdən sonra ölkə rəhbərliyi tərəfindən "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olundum. Torpaqlarımızın işğaldan azad olunmasında payımın olduğuna görə sevincimin həddi-hüdudu yoxdur. Qələbə əzmimizlə, vətənpərvərlik ruhumuzla ərazi bütövlüyümüzü bərpa edərək "Qarabağ Azərbaycandır!" ifadəsini döyüş meydanında da təsdiq etdik", - deyə əsgər Eldəniz Qaraxanov bildirdi.

Elçin İMANOV, "Azərbaycan Ordusu"