Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Mart 2021 10:49

Vətən müharibəsinin qəhrəmanı - Azərbaycan əsgəri

İyirmi səkkiz ildən çox idi ölkəmizin ayrılmaz hissəsi olan Dağlıq Qarabağ da daxil olmaqla, yeddi rayonumuz erməni qəsbkarlarının işğalı altında  qalmışdı. Torpaqlarımızın sülh yolu ilə azad olunması üçün bu illər ərzində beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqlar aparılırdı. Münaqişənin dinc yolla həll olunması üçün müxtəlif ümidverici təkliflər irəli sürülürdü. Amma illər bir-birinin ardınca ötüb arxada qalsa da, bu təkliflərdən heç biri həyata keçmirdi. Ermənistanın həm keçmiş, həm də indiki rəhbərləri beynəlxalq təşkilatları yalançı vədlərlə aldadaraq, danışıqlar prosesini uzatmağa çalışırdılar. Görüşlərdə, danışıqlarda sülhə xidmət edən uğurlu nəticələr əldə olunmurdu.
Güclü, qüdrətli ordumuz erməni işğalında qalmış torpaqlarımızı qaytarmağa qadir və hazır olsa da, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Qarabağ münaqişəsinin dinc yolla həll olunmasının tərəfdarı idi. Ölkəmizin başçısı istəmirdi ki, müharibədə igid, cəsur oğullarımızın qanı tökülsün. Buna görə də, həm beynəlxalq təşkilatlar, həm də Ermənistan rəhbərliyi qarşısında status-kvonun dəyişdirilməsi, erməni qoşunlarının Azərbaycanın ərazilərindən çıxarılması barədə tələb irəli sürürdü. Birləşmiş Millətlər Təşkilatı erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması barədə dörd qətnamə qəbul etmişdi. Təəssüflər olsun ki, erməni işğalçıları beynəlxalq hüququn prinsip və normalarına hörmətsizlik göstərərək onu yerinə yetirmirdi. Ermənistan rəhbərliyi beynəlxalq hüquqa zidd addımlar atmaqda davam edirdilər. Danışıqlar prosesini uzatmaqla çirkin əməllərini həyata keçirməyə çalışırdılar.
Ermənistan rəhbərliyi danışıqlar prosesində konstruktivlik göstərmədiyinə görə, münaqişənin dinc yolla həlli dalana dirənmişdi. Ön xətdə günü-gündən gərginlik artırdı. Beynəlxalq təşkilatların vasitəçiliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına inam azalmışdı. Son vaxtlar Ermənistan rəhbərliyi sərsəm-sərsəm danışaraq, "Qarabağ Ermənistandır, nöqtə" deyib sülh prosesində iştirak etməyəcəyini bəyan etdi. Bu bəyanat danışıqlar prosesinə ağır zərbə vurdu. Beynəlxalq hüquqa zidd olan bu bəyanatdan sonra Ermənistan rəhbərliyi ilə danışıqlar aparmağın hüquqi qüvvəsi qalmadı.  
2020-ci ilin iyulunda ermənlər atəşkəs rejimini pozaraq Tovuz rayonu istiqamətindən iriçaplı silahlardan, minaatan və artilleriya qurğularından mövqelərimizi atəşə tutdular. Azərbaycan Ordusu qısa müddət ərzində işğalçılara layiqli cavab verdi. Mövqelərində ayıq-sayıq dayanmış zabit və əsgərlərimiz erməni təxribatının qarşısını qətiyyətlə aldılar. Düşmən sərrast atəş zərbələri ilə susduruldu. Tovuz hadisələri bir daha göstərdi ki, atəşkəs çox kövrəkdir.
2020-ci il sentyabrın 27-də  işğalçılar ölkəmizin yeni ərazilərini ələ keçirmək məqsədilə atəşkəs rejimini pozaraq cəbhənin müxtəlif istiqamətlərindən mövqelərimiz üzərinə hücum etdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusu tərəfindən düşmənin qəfil hücumunun qarşısı qətiyyətlə alındı. Torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə, erməni qəsbkarlarına qarşı əks-həmlə əməliyyatlarına başlanıldı.  
Əks-həmlə əməliyyatlarının ilk saatlarından Azərbaycan Ordusunun cəsur zabit və əsgərləri igidliklə, hünərlə vuruşaraq  düşmənə sarsıdıcı zərbələr vurdular. İşğalçılar bu dəqiq və sarsıdıcı zərbələrin qarşısında tab gətirməyərək iyirmi səkkiz ildən bəri əllərində saxladıqları və xeyli möhkəmləndikləri mövqelərdən geri çəkilməyə başladılar. Azərbaycan zabitinin, Azərbaycan əsgərinin yüksək döyüş hazırlığı elə ilk əməliyyatlardan özünü aydın şəkildə göstərdi.
Şanlı ordumuzun zabit və əsgərləri uğurlu döyüşləri ilə qəsbkarları qaçmağa məcbur etdikcə, torpaqlarımız addım-addım işğaldan azad olunurdu. Azərbaycan Ordusunun güclü əks-həmlələri nəticəsində düşmənin dayaq məntəqələri bir-birinin ardınca darmadağın edilirdi. Azərbaycan xalqı müstəqilliyinin təminatçısı olan və böyük məhəbbət bəslədiyi ordusundan hər gün qələbə xəbərləri eşidirdi. Hər gün yüksəkliklərimiz, kənd və şəhərlərimiz düşməndən azad olunurdu. İşğaldan azad edilmiş şəhər və qəsəbələrimizdə üçrəngli bayraqlarımız dalğalanırdı.
Təəssüflər olsun ki, Ermənistan rəhbərliyi cəbhədəki uğursuzluqlarının əvəzini mülki əhalimizdən çıxmağa çalışdı. Qəsbkarlar Vətən müharibəsinin davam etdiyi günlərdə Tətər, Ağdam, Ağcabədi rayonlarını, həmçinin Bərdə, Gəncə və Mingəçevir şəhərlərindəki mülki əhalini beynəlxalq konvensiyaların qadağan etdiyi ballistik raketlərlə atəşə tutdu. Bərdə və Gəncə şəhərlərində insan tələfatı ilə nəticələnən faciəli hadisələr baş verdi. Ermənistan rəhbərliyinin bu addımı, mülki əhaliyə qarşı ballistik raketlərdən istifadə etməsi Cenevrə Konvensiyasına, həmçinin Ümumdünya İnsan Haqları Bəyənnaməsinin maddələrinə kobud qaydada ziddir. Ermənistan rəhbərliyi törətdiyi bu cinayətkar əməllərinə görə beynəlxalq hüquq qarşısında cavab verəcək.
Elə ilk həmlədən uğur qazanacaqlarına, yeni ərazilərimizi işğal edəcəklərinə ümidlər bəsləyən ermənilərin arzuları Azərbaycan əsgərinin dəqiq atəşi ilə məhv edildi. Azərbaycan Ordusunun cəsur zabit və əsgərləri ermənilərin qəfil hücumlarının qarşısını qısa müddət ərzində alaraq işğalçıları ərazilərimizdən qovmağa başladılar. Oktyabrın 4-də Cəbrayıl rayonu, oktyabrın 17-də Füzuli rayonu, oktyabrın 20-də Zəngilan rayonu, oktyabrın 25-də Qubadlı rayonu, həmçinin Tərtər rayonunun Suqovuşan, Talış kəndləri...,  erməni işğalçılarından azad olundu. Noyabrın 8-də isə üçrəngli bayrağımız Şuşaya sancıldı. Noyabrın 10-da Ermənistan rəhbərliyi kapitulyasiya aktına imza atmağa məcbur oldu. Rusiya, Azərbaycan və Ermənistan arasında bəyənnamə imzalandı. Erməni işğalçıları Laçın, Ağdam və Kəlbəcər rayonlarından qoşunlarını çıxartdı. Beləliklə, 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında böyük uğur və zəfərlə başa çatdı. Sözün həqiqi mənasında biz 44 gün tariximizin ən şərəfli və ən çətin anlarını yaşadıq. Elə anları ki, bir günümüz bir aya, bir ilə, bir əsrə bərabər oldu. Həmişə olduğu kimi, xalqımız Vətən müharibəsi gedən günlərdə də Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdiyindən düşmənə qalib gəldik.
Vətən müharibəsi günümüzün bir çox reallıqlarını dəyişdi. Dekabrın 10-u tariximizə Zəfər paradı günü kimi düşdü. Həmin gün ikinci Qarabağ  müharibəsində qazanılan qələbələr münasibətilə Bakı şəhərində Zəfər paradı keçirildi. İllərdən bəri həsrətini çəkdiyimiz Zəfər paradında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək bu əlamətdar gün münasibəti ilə Azərbaycan xalqını təbrik etdilər.
Əvvəlki illər noyabrın 10-u hamımız üçün adi günlərdən biri idi. Sakitcə, heç bir təmtəraqsız ötüb keçirdi. Bu il isə noyabrın 10-u tariximizə Zəfər günü kimi düşdü. Bundan sonra təqvimin bu gününü böyük fərəhlə, qürurla qeyd edəcəyik, yaşananları dönə-dönə xatırlayacağıq. Xatırladıqca da iftixar hissləri keçirəcəyik.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza etdiyi səfərlər və çıxışlar hər birimizin yaddaşında dərin iz salır. Ölkə başçısının Şuşa şəhərinə etdiyi səfərini isə heç vaxt unutmayacağıq.
Ali Baş Komandanın noyabrın 8-də Şəhidlər xiyabanından Şuşanın azad olunduğunu xalqımıza çatdırarkən dediyi: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" sözləri yaddaşımın dərin qatlarına həkk olunub.
Əminlik hissi ilə deyə bilərik ki, ölkə başçısının rəhbərliyi altında işğaldan azad olunmuş bütün ərazilərimiz bərpa ediləcək. Əbədi-əzəli torpaqlarımıza yeni həyat gələcək. İllərdən bəri yurd-yuvasından didərgin düşmüş köçkünlər doğma ocaqlarına qayıdacaqlar.
Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin qanlı döyüşlərdə göstərdiyi əsrlərə sığmayan qəhrəmanlığı, igidliyi tariximizin pozulmayan səhifələrində əbədi yaşayacaq. Üzərlərinə düşən tarixi vəzifələri şərəf və ləyaqətlə yerinə yetirdiklərinə görə gələcək nəsillər Azərbaycan zabitini, Azərbaycan əsgərini daim böyük hörmətlə xatırlayacaq, ehtiramla yad edəcək! Çünki onlar Vətən müharibəsinin qəhrəmanlarıdırlar!


Səfər ƏHMƏDOV, Azərbaycan Respublikası
Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi