Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Mart 2021 10:49

Keçirilən təlimlər ordumuzun gücünə güc qatır

Ulu öndər Heydər Əliyevin formalaşdırdığı ordu quruculuğu prosesi ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Orduda modernizasiya və yenidənqurma işləri yüksək sürətlə aparılır. Ordumuzun bütün bölmələrində hərbçilər üçün yüksək sosial-məişət şəraiti yaradılır, arsenalımız ən son silah və texnikalarla təchiz edilir. Bütün hərbi hissələr müasir standartlara cavab verir. Hərbi qulluqçuların ərzaq, qida, geyim təminatı da lazımi səviyyədədir. Bunlarla yanaşı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı da yüksəkdir. Bütün bunlar isə döyüş hazırlığının yüksək səviyyədə təmin olunmasına birbaşa təsir edən amillərdir. Danılmaz faktdır ki, döyüş hazırlığının yüksək səviyyədə saxlanılması Müdafiə Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzindədir. Şəxsi heyətin döyüş vərdişlərinin artırılması mühüm əhəmiyyətə malikdir. Bunun əsasında təlimlər, məşğələlər dayanır. Müntəzəm olaraq hərbi qulluqçuların nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi, mənəvi-psixoloji hazırlıqlarının formalaşdırılması şəxsi heyətin istənilən coğrafi və təbii şəraitdə xidmətə hazırlanmasına yardımçı olur.
Son illərdə hərbi potensialımızın təkmilləşdirilməsinin nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Beynəlxalq hərbi ekspertlərin də etiraf etdikləri kimi, müdafiə qüdrəti artan Azərbaycan Ordusu gücünü Vətən müharibəsində qazanılan qələbə ilə təsdiqlədi. Aparılan əməliyyatlarda cəmi 44 günə hərbçilərimizin ən mürəkkəb tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməsi,  onların döyüş qabiliyyətinin və peşəkarlığının, yeni silah sistemlərindən və döyüş texnikalarından istifadə etmək bacarıqlarının yüksək səviyyədə olduğunu göstərdi. Təbii ki, bu qələbənin qazanılmasında illərdir orduda keçirilən təlimlərin böyük rolu olduğu danılmaz bir faktdır. Hər bir işin mükəmməl olması üçün təcrübə əsas amillərdən biridir. Hər bir hərbi qulluqçu keçirilən dərslər və təşkil olunan təlimlər zamanı qazandığı təcrübəni, nəzəri və praktiki bilikləri qarşıya qoyulan tapşırıqların icrasında uğurla istifadə etdi. Qazanılan qələbə ordumuzun bölmələrinin qarşılıqlı fəaliyyəti, hərbi qulluqçularımızın yüksək hazırlığı nəticəsində əldə olundu. Peşəsinin sirlərinə dərindən sahib olan hərbi qulluqçularımız qazanılan zəfərlə təlimlər zamanı tökülən tərin haqqını verdilər.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 15-dən 18-dək Azərbaycan Ordusunda əməliyyat-taktiki təlimləri keçirildi.
Təlimlərin ilk günü, yerdən və havadan müşayiət edilən kolonlarla təlim rəhbərliyi, eləcə də Azərbaycan Ordusunun təlimlərə cəlb edilən şəxsi heyəti və xüsusi texnikası təlim bölgəsinə yola düşdü. Plana əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarıldı. Daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edən raket və artilleriya bölmələri də daxil olmaqla qoşunlar təyin edilmiş marşrutlarla hərəkət edib, cəmləşmə rayonlarını tutur və qruplaşmalar yaradaraq növbəti komandaları gözləyirdilər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin əməliyyat-taktiki təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinlədi, qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verdi.
Vətən müharibəsi zamanı dəqiq atəşlər açaraq düşmənin mövqelərini,  canlı qüvvəsini darmadağın edən artilleriyaçılarımız, tankçılarımız təlim zamanı da təyin olunmuş şərti hədəfləri asanlıqla məhv etdilər.
Təlimin növbəti mərhələsində mavi səmaların fatehləri olan döyüş təyyarələri, hərbi daşıma və zərbə helikopterləri təlimdə çətin pilotoji manevrlərlə təlim-məşq uçuşları həyata keçirdilər. Pilotsuz uçuş aparatlarının (PUA) heyətləri havadan müxtəlif hündürlüklərdə kəşfiyyat apararaq əldə edilən məlumatları idarəetmə məntəqələrinə ötürdülər. PUA heyətləri şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkar edilməsi və müvafiq məlumatların idarəetmə məntəqələrinə göndərilməsi üzrə tapşırıqları da uğurla icra etdilər.
Döyüş şəraitinə maksimum yaxınlaşdırılmış vəziyyətdə keçirilən təlimlər martın 18-də uğurla yekunlaşdı. Təlim rəhbərliyinin qiymətləndirməsinə əsasən qoşunlar qarşıya qoyulan məqsədlərə tam nail olmağı bacardılar. Şəxsi heyət döyüş əməliyyatlarının aparılması üzrə praktiki təcrübə əldə edərək, yüksək səhra vərdişləri nümayiş etdirdi. Təlimə cəlb olunan hər bir hərbi qulluqçunun döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi.
Gündən-günə müasir tələblərə cavab verən şəxsi heyətin formalaşması, döyüş meydanında praktiki vərdişlərin təkmilləşdirilməsi üçün keçirilən təlimlər ordumuzun gücünə güc qatır. Qarşıya qoyulan istənilən tapşırığın öhdəsindən asanlıqla gələn belə güclü və müasir ordumuzun olduğunu görmək insanı qürurlandırır.

Oruc MUSTAFAYEV, "Azərbaycan Ordusu"