Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Mart 2021 10:49

Döyüş tapşırıqlarını yerinə yetirmək üçün...

Geniş meydandakı böyük canlanma diqqətimizdən yayınmadı. Bu canlanmanı yaradan minaatanlar idi. Heyət üzvləri zabitlərin nəzarəti altında təlim keçərək döyüş hazırlıqlarını artırır, daha da yüksək göstəricilər əldə etməyə çalışırdılar. Üzərlərinə düşən tapşırıqları bacarıqla yerinə yetirmələrindən hiss olunurdu ki, əsgərlər təcrübəli və səriştəlidirlər. Təlimlərdə həvəslə iştirak edən əsgərlər səmərəli keçən məşğələlərdə özüyeriyən minaatan qurğusunun taktiki-texniki xüsusiyyətlərini dərindən öyrəniblər. Onlar qazanılan təcrübədən yaxşı bilirlər ki, döyüşlərdə qələbəni təmin edən amillərdən ən başlıcası peşəkarlıqdır. Peşəkar və bacarıqlı əsgərlər döyüşlər zamanı düşmən hədəflərini dəqiq vurur və uğurlardan yoğrulmuş zəfərlər qazanırlar. Buna görə də minaatanlar bütün diqqətlərini döyüş vərdişlərinin dərindən mənimsənilməsinə yönəldiblər.
Zabit Səbuhi Qasımov təlim keçən minaatanlar haqqında söz açaraq dedi ki, onlar Vətən müharibəsində əvvəldən sonadək iştirak ediblər. “44 gün ərzində səngiməyən döyüşlərdə düşmən mövqelərinə sarsıdıcı zərbələr endiriblər. Ermənilərin dayaq məntəqələrinin, mövqelərinin darmadağın edilməsində fəallıq göstəriblər. Minaatanlar işğalçıların xeyli sayda canlı qüvvəsini və zirehli texnikasını məhv ediblər. Düşmən üzərində qələbə belə bacarıqlı zabit və əsgərlərimizin sayəsində qazanıldı. Minaatanlarımız nə qədər peşəkar və təcrübəli olsalar da, yenə də məşğələlərdə fəal iştirak edərək, döyüş vərdişlərinə dərindən yiyələnməyə çalışırlar. Hər addımda hiss olunur ki, təlimdən-təlimə, məşğələdən-məşğələyə minaatanlarımızın peşəkarlığı  artır”.
Minaatanların məşğələsinə nəzarət edən zabit Azər Həmid söhbət zamanı dedi ki, bu heyət nəfərləri Vətən müharibəsində düşmən mövqelərini darmadağın etdilər, böyük uğurlar qazandılar. “Əsgərlərimiz qısa müddət ərzində özüyeriyən minaatan qurğusunun sirlərinə dərindən yiyələniblər. Elə buna görə də onlar döyüşlərdə hədəfləri vaxtında və dəqiq vurdular. Erməni qəsbkarları bu atəşlərin qarşısında dayana bilməyərək geri çəkildilər. Əminik ki, təlimdən-təlimə döyüş hazırlığını artıran əsgərlərimizlə həmişə uğurlar və zəfərlər qazanacağıq”.
Təlimin gedişini diqqətlə izləyirik. Yaxınlıqda dayanmış  gənc zabit əlində tutduğu bayraqları yuxarı qaldıraraq, minaatanlara müxtəlif göstəriş və tapşırıqlar verir. Əsgərlər də komandirin tapşırıqlarını yerinə yetirmək üçün cəld və çevik hərəkətlərlə irəli atılırlar. Minaatan qurğuları tələb olunan vaxt çərçivəsində atəş vəziyyətinə gətirilir. Zabit sonra bir-bir minaatan qurğularına yaxınlaşaraq əsgərlərin tapşırığı necə yerinə yetirdiklərini yoxlayır. Qurğulara diqqətlə nəzər yetirən gənc zabitin üzündən razılıq əlaməti duyulur. Hiss olunur ki, minaatanlar tapşırığı qüsura yol vermədən yerinə yetiriblər. Təcrübə və bacarıq həm təlimlərdə, həm də döyüşlərdə özünü göstərir, zabitə də, əsgərə də uğur qazandırır.
Təlimdə fasilə yarananda minaatanlara tapşırıq və göstərişlər verən gənc zabitlə tanış olduq. Öyrəndik ki, minaatanlara məşğələ keçən leytenant Elvin Şükürovdur. Gənc zabit  bildirdi ki, şəxsi heyətin döyüş hazırlığının yüksək olması üçün məşğələlərin hər dəqiqəsindən səmərəli istifadə edirik. “Gördüyünüz kimi, minaatanlar məşğələ prosesində qarşıya qoyulan tapşırıqları yerinə yetirmək üçün üzərlərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəlirlər. Onlar özüyeriyən minaatan qurğusunun sirlərini dərindən mənimsədiklərinə görə Vətən müharibəsində dəqiq atəş zərbələri ilə erməni işğalçılarına sarsıdıcı zərbələr vurdular. Döyüşlərdən zəfərlə qayıtmışıq, amma yenə də təlim-məşqlərimizi davam etdiririk. Bugünkü məşğələnin mövzusu: "Batareyanın atəş mövqeyinin tutulması və atəş açılana qədər görülən işlər"dir. Mövzuya uyğun olaraq təlim-məşqlər keçir, heyət üzvlərinin döyüş hazırlığını daha da artırırıq. Təcrübə göstərir ki, heyətin döyüş hazırlığı nə qədər yüksək olsa, düşməni o qədər tez və asan məğlub edərik. Bizim də amalımız ondan ibarətdir ki, şəxsi heyətə hərbi bilik və vərdişləri hərtərəfli aşılayaq. Heyət nəfərlərimiz daha çevik, hazırlıqlı, peşəkar olsun. Məqsədimizə çatmaq üçün xidməti vəzifəmizə məsuliyyətlə yanaşırıq. Heyət nəfərləri Vətən müharibəsində erməni işğalçılarının mövqelərinin, dayaq məntəqələrinin dağıdılmasında, şəxsi heyətinin məhv edilməsində, zirehli texnikalarının vurulmasında fəal iştirak etdilər. Bu döyüşlər bir daha göstərdi ki, minaatanlar peşəkardırlar. Bu gün onlar təlimlərdə, məşğələlərdə hazırlıqlarını daha da artırırlar”.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Vüsal İsbatov Vətən uğrunda gedən döyüşlərdə iştirak etdiklərindən ətraflı söz açdı: “Erməni işğalçılarının təxribatı nəticəsində başlanan Vətən müharibəsində  bölməmizin şəxsi heyəti də əks-həmlə əməliyyatlarına cəlb olundu. Biz Suqovuşan qəsəbəsi uğrunda gedən döyüşlərdə iştirak etdik. Bu qəsəbənin yağılardan azad edilməsi uğrunda cəsarətlə vuruşduq. Qəsbkarlar Azərbaycan Ordusunun yenilməz gücü qarşısında dayana bilməyərək qaçmağa başladılar. Fəxr edirəm ki, minaatanlarımız da bu uğurlu döyüşlərdə iştirak etdilər və qələbənin qazanılmasına töhfələrini verdilər. Bu günlər keçirilən dərs və məşğələlərdə həvəslə iştirak edərək, hazırlığımızı, təcrübəmizi artırırıq. Yaxşı bilirik ki, qalib əsgər - hazırlıqlı əsgərdir! Ona görə də çalışırıq ki, dərs və məşğələlərin bütün anlarından səmərəli istifadə edək”.
Məşğələ keçən minaatanlardan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Fərhad Nəzərov, kiçik çavuş İlkin Quliyev, Müslüm Həsənov, Mirşahin Abdullazadə, Toğrul Quliyev, Ziyəddin Məmmədov, Rəşad Rəfiyev, heyət nəfərlərindən Əhməd Fərzəliyev, Namiq Hüseynov, Mahir Cəbiyev və başqaları ilə də görüşüb söhbət etdik. Onlar bildirdilər ki, Vətən müharibəsində zəfər qazanmağımıza baxmayaraq, bu gün yenə də təlim keçir, döyüş hazırlığımızı artırmağa çalışırıq.
Minaatanların təlim-məşğələləri davam edir. Mövzuya uyğun olaraq cəld hərəkətlər edən əsgərlər komandirin verdiyi tapşırıqları bacarıqla yerinə yetirirlər. Onların təcrübəli olmaları ilk addımdan görünür. İnanırıq ki, özlərinə "Qalib əsgər - hazırlıqlı əsgərdir" devizi seçən minaatanlar gələcəkdə daha böyük uğurlar qazanacaqlar.

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"