Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Mart 2021 10:49

“Xalqımızın güvənini doğrultduq, Vətənimizin ərazi bütövlüyünü bərpa etdik”

Sentyabrın 27-də başlanan Vətən müharibəsində rəşadətli ordumuzun qazandığı zəfər hər birimizin qürur mənbəyidir. Azərbaycan Ordusunun əsgər və zabitləri döyüş meydanında qəhrəmanlıq salnaməsi yazdılar. Belə hərbi qulluqçularımızdan biri də baş leytenant Kamran Hacıyevdir. Onunla işğaldan azad edilən ərazilərimizdən birində tanış olduq.
Öyrəndik ki, baş leytenant Kamran Natiq oğlu Hacıyev 20 aprel 1994-cü ildə Bakı şəhərində anadan olub. On bir illik tam orta təhsilini Nərimanov rayonunda yerləşən 291 saylı liseydə bitirən Kamran 2011-ci ildə Milli Aviasiya Akademiyasının Hava Nəqliyyatı fakültəsinə daxil olur. 2015-ci ildə həmin fakültəni bitirərək hərbi xidmətə yollanır. Əsgəri xidməti Aprel döyüşlərinə təsadüf edir. Döyüşlərin iştirakçısı kimi Aprel zəfərindən ilhamlanan Kamran hərbçi olmaq qərarını alır. Bu istəyini hərbi hissə rəhbərliyinə bildirir. Xidmətinin son aylarında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən "Ehtiyat zabit hazırlığı kursu"na göndərilir. Kursu "mühəndis-istehkamçı" ixtisası üzrə uğurla başa vuraraq "leytenant" hərbi rütbəsi alır və xidmətini zabit kimi davam etdirir.
Vətən müharibəsindən danışan zabit bildirdi ki, döyüşlər başlayan zaman "N" hərbi hissənin mühəndis xidməti rəisinin köməkçisi vəzifəsində xidmət edib. Komandirlərinin dediyinə görə, Kamran Azərbaycan Ordusunun tarixi qələbəsində düşmənin əvvəlcədən hazırlanan mühəndis maneələrinin və fortifikasiya qurğularının qısa vaxt ərzində sıradan çıxarılmasında və bölmələrin döyüşə yeridilməsində misilsiz xidmətlər göstərib.
- Döyüşlərə ilk olaraq Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, Kürdlər kəndləri istiqamətində başladıq, - zabit dedi. - Bu istiqamətdə düşmənin əks-həmlələrinin qarşısının alınmasında və azad olunan ərazilərin müdafiəsində iştirak etdik. Qarşıya qoyulan tapşırığın öhdəsindən layiqincə gəldikdən sonra kəşfiyyat bölüyünün tərkibində fəaliyyətə başlayaraq mühəndis istehkam cəhətdən təminat işləri gördük. Cəbrayıl rayonunun Havuçlu kəndi, Qubadlı rayonunun Balasoltanlı, Padar, Xanlar yaşayış məntəqələri uğrunda gedən döyüşlərin iştirakçısı olduq. Yalnız bir amalla - işğalda olan torpaqlarımızı azad etmək üçün düşmən üzərinə irəliləyirdik. Şükürlər olsun ki, xalqımızın güvənini doğrultduq, Vətənimizin ərazi bütövlüyünü bərpa etdik.
Əks-hücum əməliyyatları zamanı baş leytenant Kamran Hacıyev Xocavənd istiqamətində döyüşən bölmələrin tərkibinə göndərilir və bu istiqamətdə kəşfiyyat bölmələrinin hücum etməsi üçün keçidlərin açılmasını təmin edir. Keçid açmaqla yanaşı, onlarla birgə döyüşdə də iştirak edir. Düşmən geri çəkilərkən Həkəri çayının üstündəki körpünü partladıb, çayın ətrafına və içinə minalar yerləşdirir. Buradan bölmələrin hərəkəti üçün keçid açan Kamran 33 mina aşkar edərək çıxarır və 350 metr məsafədə keçidi təmin edir.  
Zabit bildirdi ki, ağır döyüş tapşırıqlarından biri də Xocavənd istiqamətində olub. Üçtəpə deyilən yüksəkliklərə bölmələrin hücum etməsi üçün keçid açmaq əmri alır. Kamran bu tapşırığın da öhdəsindən uğurla gəlir. Çox çətin ərazi olan həmin yüksəkliklərdə 1500 metrə yaxın keçid açaraq, oranı 150-200-ə yaxın müxtəlif təyinatlı minadan təmizləyir. Gecə saat 03:30 radələrindən, səhər saat 06:30 radələrinə kimi əzmkarlıqla fəliyyət göstərir.   
Döyüşlərdən sonra baş leytenant Kamran Natiq oğlu Hacıyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının müvafiq Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"