Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Mart 2021 11:00

Vətənpərvərliyi və qələbə əzmi ilə hamını heyrətləndirən azərbaycanlı gənc

İyirmi milyondan artıq əhalisi olan Amerika Birləşmiş Ştatlarının Florida ştatında Azərbaycandan olan Hüseynovlar ailəsi də yaşayır. Ailənin övladları Elnur və Hüseyn davranışları, nizam-intizamları və təhsilə həvəsləri ilə çoxlarının sevimlisinə çevriliblər. Elnur Hüseynovu isə Floridada məşhur edən digər amil bu yaxınlarda Braziliya ciu-citsu döyüş növü üzrə yarışlarda qalib gəlməsidir.
Elnur Ağası oğlu Hüseynov 2004-cü ildə Bakı şəhərində anadan olub və 6  saylı məktəbdə əla qiymətlərlə oxuyub. Bakı şəhərində DİN-in idman cəmiyyətində cüdo idman növü ilə məşğul olub. Uşaqlar arasında keçirilən yarışlarda dəfələrlə Azərbaycan çempionu olub.
Anasının təhsili ilə əlaqədar 2015-ci ildə valideynləri ilə birlikdə Amerika Birləşmiş Ştatlarının Florida ştatına köçüblər. Hazırda Elnur Floridada 11-ci sinifdə oxuyur, 17 yaşı var və yenə də dərs əlaçısıdır. Floridada yaşadığı müddətdə təhsillə yanaşı, idmanla da mütəmadi məşğul olmağa davam edib. Burada Braziliya ciu-citsu idman növü üzrə göy kəmər ustasına qədər yüksəlib. Kiçik qardaşı Hüseyn də qardaşı Elnurun yolunu davam etdirir, həm dərs əlaçısıdır, həm də Braziliya ciu-citsu idman növü ilə məşğul olur.
Elnur Hüseynov bu ilin martında Florida ştatının Orlanda şəhərində ciu-citsu yarışlarında iştirak edərək ən yüksək pilləyə yüksəlib. 100 kiloqram çəki dərəcəsində çıxış edən Elnur bütün rəqiblərini məğlub edərək birinci yerə çıxıb və qızıl medal qazanıb.
Bu yarışlardan sonra Elnur Hüseynovu çoxlarının sevimlisinə çevirən isə onun vətənpərvərliyi, doğma yurdu Azərbaycana sevgisi və qələbə əzmidir. Belə ki, 17 yaşlı azərbaycanlı gənc yarışlarda 20-27 yaşlı idmançılarla keçirdiyi bütün görüşləri tam qələbə ilə başa vurub. Ən əsas məqam Elnur Hüseynovun xahişini nəzərə alaraq onun rəqibləri ilə qarşılaşması zamanı tabloda Azərbaycan bayrağının əks etdirilməsidir. Gənc idmançının babası Silahlı Qüvvələrin zabiti polkovnik Əfsələddin Zakirov bildirib ki, Elnur bu qələbəsini torpaqlarımızın azad olunması ilə nəticələnən Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində şanlı Zəfərinə həsr edib.

İsa ELDAROĞLU