Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Mart 2021 11:00

Novruz bayramınız mübarək!

Azərbaycan xalqının zəngin milli dəyərlər sistemini və dövlət ənənələrini yaşadan bayramlar sırasında Novruz bayramının xüsusi yeri var. Novruz bayramı əcdadlarımızın indiki nəsillərə misilsiz yadigarı və əbədi yaşarılıq rəmzidir. Artıq bu gün Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu qazandığı zəfərlə bu bayrama xüsusi rəng qatıb. Bu uğurların əldə olunmasında Azərbaycan Ordusunun şəxsi heyətinin misilsiz xidmətləri var. Bu Novruz hərbçilərimizin də qəlbini riqqətə gətirib.

Leytenant Kamran Məmmədov:
- Ən əziz bayramlardan sayılan Novruz bayramı milli-mənəvi dəyərlərə möhkəm bağlılığın, humanizm, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsinə çevrilib. Bu möhkəm bağ özünü Vətən müharibəsində daha aydın göstərdi. Döyüşlər başladığı ilk gündən xalqımız Vətən müdafiəçilərinin yanında olduğunu hər fürsətdə nümayiş etdirdi. Bundan ilhamlanan hərbçilərimiz döyüş meydanında düşmənin üzərinə şığıyır, torpaqlarımızda yaratdıqları müvəqqəti mövqeləri, zirehli texnikaları, canlı qüvvəni məhv edirdi. Buna görə bu il ölkə miqyasında qeyd olunan Novruz bayramı digərlərindən fərqlənir. Çünki bu bayramda xalqımızın sevinci qələbə sevincinə qarışıb. Artıq rəşadətli ordumuzun şəxsi heyəti azad edilən Qarabağımızda bayram tonqalları qalayır. İllər sonra işğaldan azad olunan torpaqlarımızda bayram sədaları eşidilir. İnşallah, Azərbaycan Ordusunun şəxsi heyəti bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq, hərbi intizamını gücləndirəcək, döyüş və mənəvi-psixoloji hazırlığını daha da yüksəldəcək.  Bayram günü ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini hörmətlə yad edir, onların ailə üzvlərini və yaxınlarını, düşmənlə savaşda sağlamlığını itirən, eləcə də bu gün ordu sıralarında xidmət edən döyüşçülərimizi səmimi qəlbdən təbrik edir, xidmətlərində müvəffəqiyyətlər arzulayıram.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kənan Cahangirli:
- Xalqımızı sevimli Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər kəsə cansağlığı, səadət və bütün işlərində uğurlar arzulayıram. Yazın gəlişi odlar diyarında yüzillərdən bəri xüsusi mərasimlərlə qarşılanır, təntənəli el şənlikləri ilə müşayiət olunur. Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini ən incə çalarlarınadək nümayiş etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də çox sevilir, uca tutulur və layiqincə qorunub yaşadılır. Novruz yeni gün, yenilik deməkdir. Bu bayram yazın gəlişi ilə bağlı olduğundan təbiət oyanır, təzələnir və saflaşır. Novruz bayramını qədim dövrlərdən nəsildən-nəslə ötürərək bu günədək qoruyub saxlamışıq. Novruz özü bir tarixdir, yaddaşdır. Xalqımız bu bayramı böyük sevinclə, fərəhlə, xoş niyyət və arzularla qeyd edir. Uzun illərdir arzu edirdik ki, Bahar bayramını doğma torpaqlarımızda, Qarabağımızda qeyd edək. Artıq şükürlər olsun ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında hərb yolu ilə doğma torpaqlarımız mənfur düşməndən azad edilib. Bayram tonqalları artıq işğaldan azad edilən torpaqlarımızda qalanır. Hərbçilərimiz çərşənbə axşamında qədim və tarixi Şuşa şəhərində tonqal qaladılar. Bu mənzərə hər birimizi həm kövrəltdi, həm də sevindirdi. İlk öncə onu demək istəyirəm ki, bu il Novruz bayramının Laçında, Kəlbəcərdə, Şuşada və digər azad olunan tarixi torpaqlarımızda keçirilməsini bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirik. Şəhid ana və bacılarımızın əllərindən öpürük. Şəhidlərimizin, qazilərimizin, igid oğullarımızın sayəsində 30 ildən sonra Azərbaycanda Novruz bayramı tamamilə qeyri-adi keçəcək. Qoy bu bayram ölkəmizə sülh, əmin-amanlıq, süfrələrə ruzi, bərəkət, bolluq gətirsin. Yaz Günəşinin şəfəqləri ocaqları qızdırsın. Elimizin gözəl bayramı olan Novruz münasibətilə daim yanımızda olan xalqımızı təbrik edir, onlara firavan günlər, xoş gələcək arzulayıram, yazın gəlişinin hər bir ailəyə səadət gətirməsini diləyirəm.

Gizir Maxsud Cəbrayılov:
- Novruz xalqımızın ən əziz, ən doğma bayramlarından biridir. Buna görə də xalqımız bu bayramı təntənə ilə qeyd edir. Böyüklərlə bərabər, uşaqların da sevinci yerə-göyə sığmır. Bu əziz bayramda hamının üzü gülür, qəlbi sevinir. Novruz həm də ən qədim bayramlarımızdandır. Onun yaşı elə tarixin özü qədər qədim və uludur. Ulu olduğu qədər də safdır, pakdır, su kimi dupdurudur.
Yüz illərin, min illərin o üzündə ata-babalarımız bu bayramı həmişə sevinclə qarşılayıb və elə sevinclə də yola salıblar. Novruz həm də birlik, həmrəylik bayramıdır. Buna görə də Novruz bayramında hamı bir olur, həmrəy olur, bir-birinə qayğı göstərir. Hamı bir-birini xoş dindirir, küsülülər barışır, yeni ailələrin təməli qoyulur.
Novruzun gəlişi ilə torpaq da oyanır, təbiət də donunu dəyişir. Boz dərələr yaşıllığa bürünür. Dünya getdikcə gözəlləşir, həyat özündə yeni mənalar əks etdirir. Novruz bayramı həm də rəmzlər bayramıdır. Novruzun öz simvolları var. Şəkərbura, paxlava, səməni və başqa rəmzlər. Bunlar Novruz bayramının qədimliyindən, fəlsəfi dərinliyindən soraq verir.
Təəssüflər olsun ki, uzun illər idi torpaqlarımız erməni qəsbkarlarının işğalında olduğuna görə xalqımız bu bayramı ürəkdən qeyd edə bilmirdi. 2020-ci il sentyabrın 27-də erməni hərbi birləşmələrin təxribatı nəticəsində torpaqlarımızın azadlığı uğrunda İkinci Qarabağ müharibəsi başlandı. Sıralarında xidmət etdiyim güclü, qüdrətli Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında 44 gün davam edən Vətən müharibəsində uzun illər erməni təcavüzkarlarının işğalında olan torpaqlarımızı azad etdi. İllərdən bəri ürəyimizdə qubar bağlayan arzularımız payız günlərində çiçək açdı. Azərbaycan Ordusunun cəsur zabit və əsgərləri işğal altında olan ərazilərimizi, o cümlədən, noyabrın 8-də Qarabağın tacı olan Şuşanı azad edib, üçrəngli bayrağımızı bu gözəl şəhərdə də dalğalandırdılar.
Vətən müharibəsi qələbəmizlə, zəfərimizlə başa çatdı, işğalda olan torpaqlarımız düşməndən azad edildi. Ona görə də xalqımız bu il Novruz bayramını sevinclə qeyd edəcək. Bu Novruzda xalqımızın əvvəlki illər kədərli olan üzünə gülüş ələnəcək. Mən də xalqımızı Novruz bayramı münasibətilə təbrik edir, xoş və firavan günlər arzulayıram. Biz hərbçilər çalışacağıq ki, zəfərlərimizlə, qələbələrimizlə xalqımızı həmişə sevindirək.

Baş çavuş Turgut Qəhrəmanov:
- Təbiətin oyanış elçisi olan Novruz bayramı xalqımızın həyata nikbin baxışının, təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır. Yurdumuza Novruz gəlir, yaz gəlir. Baharın oyanışı qaranquşların qanadında, qış yuxusundan oyanan torpağın rayihəsində, ağacların, gül-çiçəklərin tumurcuğunda gəlir.
Novruz bayramı çox qədim tarixə malikdir. Uşaq yaşlarında çox səbirsizliklə gözlədiyimiz bu bayramı, ona məxsus oyunları xatırlayanda adam kövrəlir. Bu müqəddəs bayramı xalqımızın hər bir nümayəndəsi - yaşından asılı olmayaraq adət-ənənələrə uyğun şəkildə qeyd edir.
Ötən ilin sentyabrın 27-də əks-hücum əməliyyatı kimi başlayıb 44 gün davam edən, torpaqlarımızın azad olunması ilə başa çatan Vətən müharibəsinin nəticəsi xalqımızın Qarabağ həsrətinə son qoydu. Yüksək döyüş əzminə, qələbə ruhuna malik olan Azərbaycan Ordusunun mənəvi-psixoloji hazırlığı bu gün daha da yüksəkdir. Azərbaycançılıq ideologiyası hər birimizin yaşam amalıdır.
Yüksək diqqət və qayğı ilə əhatə olunduğum rəşadətli Azərbaycan Ordusunun əsgəri olmaq qürurvericidir. İllərdir bu bayramı nisgillə qeyd edirdik. Bu gün isə düşmən əsarətindən azad etdiyimiz əzəli torpaqlarımızda dalğalanan müqəddəs üçrəngli bayrağımızın kölgəsində, bayram tonqalları qalayan xalqımızı, şəxsi heyətimizi səmimi qəlbdən təbrik edir, bahar əhval-ruhiyyəsi, cansağlığı və ailə səadəti arzulayıram.
Bu bayram günündə şəhidlik məqamına ucalan igidlərimizi ehtiramla yad edir, müqəddəs ruhları qarşısında baş əyirik!

Əsgər Məhərrəm Məhərrəmov:
- Orta təhsilimi başa vurduqdan sonra müddətli həqiqi hərbi xidmətə yollandım. Əsgəri xidmət müddətimdə komandirlərimiz tərəfindən keçirilən məşğələlər sayəsində hərbi biliklərə dərindən yiyələndim. Sevinirəm ki, ötən ilin sentyabrın 27-dən erməni silahlı birləşmələrinin təxribatlarına cavab olaraq ordumuzun başladığı əks-hücum əməliyyatında mən də iştirak etdim. Xidmət etdiyim bölmənin tərkibində Füzuli rayonunun Alxanlı kəndi və Qubadlı rayonu istiqamətində gedən şiddətli döyüşlərdə minalı sahələrin təmizlənməsi, keçidlərin açılması kimi mühüm döyüş tapşırıqlarını icra etdim. Rəşadətli ordumuzun qələbəsi ilə başa çatan döyüşlərdən sonra Ali Baş Komandanımızın müvafiq Sərəncamına əsasən, "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olundum.
Xalqımız baharın gəlişi, torpağın oyanışının müjdəçisi olan Novruz bayramını bu il ikiqat sevinc hissi ilə qeyd edir. Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bu günlərdə bir daha ehtiramla yad olunur. Xalqımızı və Azərbaycan Ordusunun şəxsi heyətini  Novruz bayramı münasibətilə təbrik edirəm.

"Azərbaycan Ordusu"