Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Mart 2021 10:28

Hədəfləri dəqiq və vaxtında vuran artilleriyaçılar...

Bir qış səhəri yollar bizi "N" hərbi hissəsinə aparır. Vətən müharibəsində igidlik və qəhrəmanlıq nümayiş etdirən hərbi qulluqçularla görüşmək istəyi bizə xoş ovqat bəxş edir.
Hərbi hissənin ərazisinə daxil olanda şəxsi heyət geniş meydanda təlim keçir, təcrübə və səriştəsini artırırdı. Zabitlərin hündür səslə verdiyi müxtəlif komandalar uzaqdan aydın eşidilirdi. Komandirlərin səsində bir qələbə, bir zəfər ab-havası hiss olunurdu. Vətən müharibəsindən ürəkaçan zəfərlərlə dönən zabit və əsgərlər təsdiq olunmuş döyüş hazırlığı planına uyğun olaraq məşğələlər keçir, səriştələrini artırırdılar. Məqsədləri gələcək xidmətlərində daha da böyük uğurlar qazanmaqdır. O uğurlar ki, bütün ömürləri boyu həmişə onlara başucalığı gətirəcək.
İlk həmsöhbətimiz kapitan Nəbi Zeynalov dedi ki, hərbi hissəmizin şəxsi heyəti Vətən müharibəsində yaxından iştirak etdi. “Bölməmizin zabit və əsgərləri də döyüşlərdə böyük hünər və qəhrəmanlıqlar göstərdilər. Onlar üzərlərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəldilər. Hərbçilərimiz 44 gün ərzində işğalçıların mövqelərinə dəqiq artilleriya zərbələri endirdilər. Bu sarsıdıcı zərbələrdən yağıların neçə-neçə dayaq məntəqəsi dağıdıldı, xeyli sayda zirehli və avtomobil texnikası sıradan çıxarıldı. Gücümüz və qüdrətimiz qarşısında dayana bilməyən düşmən əks-həmlə əməliyyatı zamanı geri çəkilməyə məcbur oldu. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında Vətən müharibəsində böyük uğurlar və qələbələr qazandı. Qazanılan bu nailiyyətlərə görə hərbi hissəmizin bir qrup zabit və əsgəri ölkə başçısının müvafiq sərəncamları ilə müxtəlif orden və medallara layiq görüldü. Ancaq əldə olunmuş zəfər və uğurlar bir an olsun belə bizi arxayınlaşdırmır. Nə qədər ki, erməni işğalçıları torpaqlarımızdan çıxmayıb, hər an döyüşə hazır olmalıyıq. Komandanlığın təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq şəxsi heyət dərs və məşğələlər keçir, təcrübə və səriştələrini daha da artırmağa çalışır. Zabitlərimiz əsgərlərin dərs və məşğələlərini diqqətlə izləyir, onlara lazımi məsləhət və tövsiyələr verirlər. Bu gün zabit və əsgərlərimizin döyüş və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir”.
Kapitan Həbib Poladi isə qeyd etdi ki, şəxsi heyətimiz Vətən müharibəsində ilk gündən sonadək iştirak edib və ürəkaçan uğurlar qazanıblar. “İkinci Qarabağ müharibəsində xalqımız Azərbaycan Ordusunun gücünü və qüdrətini bir daha gördü. İndi təlim keçən bu özüyeriyən artilleriya qurğusunun heyətləri də Vətən müharibəsində yaxından iştirak etdilər və düşmən hədəflərinin külünü göyə sovurdular. Hünər və rəşadətləri ilə düşməndən qat-qat üstün olduqlarını göstərdilər.
Ordumuz üçün böyük uğurla başa çatan Aprel döyüşlərində də işğalçılarla vuruşmuşam. Həmin vaxtlar xidmətimi Füzuli istiqamətindəki hərbi hissələrin birində yerinə yetirirdim. Aprel döyüşlərində erməni işğalçılarına sarsıdıcı zərbələr vuraraq, Lələtəpə yüksəkliyini azad etdik. Düşmən güclü zərbələrimiz qarşısında dayana bilməyərək geri çəkildi. Atəşkəs elan olunduğuna görə döyüşlər dayandırıldı. Zabit və əsgərlərimiz həmişə torpaqlarımızın azad olunması uğrunda başlayacaq döyüşlərdə iştirak etməyi arzulayırdılar. Hamı kimi mən də həmin günün intizarındaydım. Doğma Qarabağımızın, eləcə də ətraf rayonlarımızın işğalda qalması bir hərbçi kimi məni çox usandırırdı. Amma ümid edirdim ki, günlərin birində torpaqlarımızın azadlığı uğrunda müqəddəs savaşa atılacağıq. Buna görə də keçirilən dərs və məşğələlərdə fəal iştirak edərək, hərbi biliklərə daha da dərindən yiyələnir, döyüş hazırlığımızı artırırdıq. Təlimdən-təlimə daha təcrübəli və səriştəli olurduq. Nəhayət, 2020-ci il sentyabrın 27-də erməni işğalçılarına qarşı əks-hücum əməliyyatı başlandı. Bölməmiz də qısa bir müddətdə Vətən müharibəsinə cəlb olundu. İlk günlərdən döyüş meydanı qızışdı. Atılan mərmilərin, güllələrin səsindən yer-göy lərzəyə gəlirdi. Əsgərlərimiz komandirlərin verdiyi bütün əmr və tapşırıqları bacarıqla yerinə yetirirdilər. Düşmən hədəfləri dəqiq atəş zərbələri ilə məhv edilirdi. İlk vaxtlar müqavimət göstərən erməni işğalçıları sonra Azərbaycan Ordusunun zərbələrinə  dözməyərək geri çəkildi. 44 gün davam edən Vətən müharibəsi zəfərlə başa çatdı. Düşmən məhv edildi, torpaqlarımız işğaldan azad olundu. Qazanılan uğurlardan hamının üzü gülürdü. Vətən müharibəsində iştirak etdiyimizə və uğur qazandığımıza görə qürur hissi keçirirdim. Bu gün yenə də dərs və məşğələlər keçərək hərbi biliklərə yiyələnirik. Bugünkü dərsin mövzusu "Heyət nəfərlərinin topun yanında vəzifələri və işi"dir. Mövzuya uyğun olaraq heyət nəfərləri geniş təlimatlandırılır və zəruri hərəkətlər icra olunur. Çalışırıq ki, döyüş hazırlığımız həmişə yüksək səviyyədə olsun”.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cəlaləddin Əliyev dedi ki, istər təlimlər, istərsə də döyüş əməliyyatları zamanı üzərimə böyük vəzifələr düşür. “Çünki tuşlayıcı hədəfi dəqiq nişan almalıdı. Xeyli müddətdir ordu sıralarında olduğuma görə, mən bu ixtisasa dərindən yiyələnmişəm. Vətən müharibəsində işimizin, verilən bütün əmr və tapşırıqların öhdəsindən layiqincə gəldik. Hədəflər dəqiqliklə məhv edildi. Döyüşlərdən hərbi hissəyə zəfərlə qayıtdıq. Qazandığımız uğurlara arxayınlaşmadan bu gün yenə də təlim keçir, bacarığımızı artırmağa çalışırıq”.
“Aprel döyüşlərində mən də iştirak etmişəm”, - deyə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əlisultan Qasımov söhbətimizə qoşuldu. - Talış kəndi istiqamətindəki strateji əhəmiyyətli yüksəkliklər uğrunda cəsarətlə vuruşduq. Əks-həmlə əməliyyatları uğurla nəticələndi. Komandanlığın qarşımıza qoyduğu tapşırıqları peşəkarlıqla yerinə yetirdik. Bir neçə strateji əhəmiyyətli yüksəkliyi işğalçılardan azad etdik. Əgər döyüşlər dayanmasaydı, biz daha da irəli gedəcəkdik. Atəşkəs rejimi bərpa oldu deyə, silahlar susdu. 2020-ci il sentyabrın 27-də erməni qəsbkarları yenə də atəşkəs rejimini pozaraq ölkəmizin ərazisinə hücum etdilər. Hücumu dayandırmaq üçün döyüşlərə atıldıq. Komandirin verdiyi tapşırıqlara uyğun olaraq düşmən tərəfinə dəqiq zərbələr vurmağa başladıq. Getdikcə işğalçıların mövqeləri zəifləyirdi. Ordumuzun bölmələri daim irəliləyirdi. Torpaqlarımız azad olunduqca üzümüz gülürdü. Çünki bu günü, bu anı illər idi ki, gözləyirdik. Başqa cəbhələrdən də uğurlu xəbərlər alırdıq. Gərgin döyüşlərdən sonra Talış kəndi də, Suqovuşan kəndi də yağılardan azad olundu. Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində biz artilleriyaçılar üzərimizə düşən tapşırıqların öhdəsindən bacarıqla gəldik. Vətən müharibəsində əldə etdiyimiz uğurlara baxmayaraq, bu gün yenə də təlim keçir, təcrübəmizi daha da artırırıq.
Əsgərlərdən Fərid Əbilov və Anar Hüseynli də iştirakçısı olduqları döyüşlərdən ürəkdolusu danışdılar.  
Özüyeriyən artilleriya qurğusunun heyət nəfərlərinin məşğələsi davam edir,  əsgərlər bacarıqlarını artırmaq üçün məşğələnin mövzusuna uyğun olaraq hərəkətlər edir, yeni-yeni biliklər əldə edirlər.

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"