Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Mart 2021 11:43

Sevgi dolu ürəklər, nəvazişli əllər...

"N" hərbi hissəsində olarkən camaşırxana ilə yaxından tanış olduq. Burada  çalışanların əksəriyyəti qadınlardır. Onlar hərbçilərimizə qayğı göstərməkdən qürur duyurlar. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Şahmar İzanovla camaşırxanaya daxil olduqda hər kəs üzərinə düşən vəzifəni yerinə yetirirdi. Qadınlardan bəziləri camaşırxanaya daxil olan camaşırları, dəsmalları çeşidləyir, bəziləri onları yuyur, bəziləri yuyulmuş məhsulları qurudur və ütü qurğusuna yönləndirir. Bir an olsun belə iş dayanmır. Qurğu və avadanlıqların ritmik səsi dalğa-dalğa ətrafa yayılır.
Çavuş Şahmar İzanov bildirdi ki, kollektivimizdə çalışan qadınlar, bir qayda olaraq, bütün diqqəti gördükləri işin keyfiyyətinə yönəldirlər. "Müntəzəm olaraq hərbi hissə və birləşmələrdən camaşırlar qəbul olunur. Çalışırıq ki, qəbul olunan camaşırları, dəsmalları və başqa zəruri əşyaları vaxtında və yüksək səviyyədə yuyub hazırlayaq. Camaşırxana ən müasir qurğu və avadanlıqlarla təmin olunub. Avadanlıqlardan bacarıqla istifadə edərək işimizi həm sürətlə, həm də keyfiyyətlə aparırıq. İşlərimiz əsasən dörd mərhələdən ibarətdir. Əvvəlcə daxil olan camaşırlar çeşidlənir, yuyulur, qurudulur və sonda səliqə ilə ütülənərək hərbi hissələrə qaytarılır. Onların işi, sözün həqiqi mənasında, könül açır, göz oxşayır. Əməkdaşlar işlərinə məsuliyyətlə, ən əsası isə sevgi və məhəbbətlə yanaşırlar. Onlar yaxşı bilirlər ki, keyfiyyətli işləri ilə Vətənin xidmətində olan zabit və əsgərlərə qayğı göstərirlər, onların rahatçılığını təmin edirlər. Bütün bu amillər işçilərimizə əlavə stimul verir".
Yuyucu-sıxıcı operatorlar Şəfəq Salahova, Südabə Hacıyeva, quruducular Zülfiyyə İbrahimova, Elmira Dadaşova, ütüləyicilər Xalidə Nəsirova, Könül Əhmədova, çeşidləyicilər Ruhiyyə Hacıyeva, Seydarə Nəcəfova, İlhamə Ağayeva, dərzi Afaq Qasımova və başqaları da söhbətimizə qoşuldular.
- Oğlum, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Kamil Salahov da bu hərbi hissədə xidmət edirdi, - deyə Şəfəq Salahova sözə başaldı. - Vətən müharibəsi başlayanda oğlum Kamil də könüllü olaraq döyüşlərə yollandı. Ermənilərə qarşı hünər və cəsarətlə vuruşdu. Təəssüflər olsun ki, övladım Suqovuşan qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid oldu. Oğlumun ölümü məni çox sarsıtdı. Ana üçün övlad itirmək ağır dərddir. Təskinliyimi yalnız onda tapıram ki, Kamil Qarabağ uğrunda, ərazi bütövlüyümüz naminə şəhid olub. Döyüşlərdə göstərdiyi igidliyə və qəhrəmanlığa görə ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medallarına layiq görülüb. Həyat yoldaşım Mətləb Salahov da birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Oğlum da atası kimi igid, qəhrəman idi. Əsgərlərə öz balam kimi baxıram. Onlara xidmət etdiyimə görə çox qürurluyam.  
- Yurdumuzu qoruyan oğullar üçün çalışmaqdan zövq alırıq, - deyə Xalidə Nəsirova söhbətimizə qoşuldu. - Camaşırları, dəsmalları və başqa əşyaları yuyub ütülədikcə fikirləşirik ki, bunlardan zabit və əsgərlərimiz istifadə edəcəklər. Onda daha diqqətlə, daha məsuliyyətlə işləyirik. Buna görə də biz həmişə hərbçilərimizdən xoş sözlər eşidirik.   
Doğrudan da, bu zəhmətkeş qadınların gördükləri işlər xoş sözlərə layiqdir. Görüşümüz 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsinə təsadüf etdiyindən xanımları və onların simasında bütün ana və bacılarımızı təbrik edir, onlara cansağlığı, işlərində müvəffəqiyyətlər arzulayırıq.

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"