Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Mart 2021 11:43

Müqəddəsliyə ehtiram müqəddəs borcumuzdur

Şəhidlik mənəviyyat zirvəsidir. Bu zirvə bəşərin sığındığı zirvədir. Bəşərin yaşamına hökm verən zirvədir...
Şəhidlik həm də bir örnəkdir...
Şəhidlik həm də bir məktəbdir. Yaşada-yaşada öyrədən, öyrədə-öyrədə yaşadan məktəb...
Şəhidlik əbədilikdir deyənlərin sırasında biz də varıq. Şəhidlərimizlə bütöv Azərbaycan fəxr edir. Onların hər birini əzizimiz bilirik, xatirələrini həmişə ehtiramla yad edirik; şəhidlərimiz qəlbimizdədir, onlar əbədiyyən ürəklərdə yaşayacaqlar...
Şəhidlərimizin keçdiyi ömür yolunu, qəhrəmanlıqlarını, Vətənə olan sevgilərini örnək göstərməklə gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında bir addım atmış oluruq.
Bu günlərdə belə nümunəvi bir addım atan Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində olduq.
Hərbi Tibb Fakültəsinin rəisi tibb xidməti polkovniki Çingiz Əlləzov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin orduya diqqətindən, qayğısından, onun rəhbərliyi altında Silahlı Qüvvələrdə aparılan genişmiqyaslı islahatlardan, hərbi səhiyyənin müasir tələblər səviyyəsində qurulmasından, hərbi təhsildən, sentyabrın 27-də əks-hücum əməliyyatı kimi başlayıb 44 gün davam edən, torpaqlarımızın azad olunması ilə başa çatan Vətən müharibəsindən danışaraq bildirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Azərbaycan Ordusu həll etdi.
- Bu gün Azərbaycan inkişaf etmiş ölkə olaraq dünyanın diqqət mərkəzindədir. 2016-cı ilin Aprel döyüşləri Vətən müharibəsində qazanılan qələbələrin başlanğıcı idi. Azərbaycan Ordusu təsdiq etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" kəlamı dünyanı düşündürməli idi. Gec də olsa, indi düşündürür.
Vətən müharibəsində həkimlərin 24 saat fəaliyyətdə olmasını xatırladan tibb xidməti polkovniki vurğuladı ki, Ali Baş Komandanın əmrinə uyğun olaraq 27 sentyabr 2020-ci ildə 149 nəfər Hərbi Tibb Fakültəsində hərbi həkim ixtisası üzrə təhsil alan kursant, 20 nəfər feldşer ixtisası üzrə təhsil alan kursant, eyni zamanda, 20 müəllim-zabit və 78 nəfər rezident ön xəttə ezam olundular. Xidmətlərini Vətən müharibəsində davam etdirdilər. Fakültənin tələbələri (I-IV kurs) isə könüllülük əsasında Bakı şəhərində yaralılara qulluq göstərdilər. Vətən müharibəsi dövründə tibb işçiləri də belə xidməti ilə döyüşüblər desək, yanılmarıq.
Həm birinci, həm də ikinci Qarabağ müharibəsinin iştirakçısı olan tibb xidməti polkovniki hər iki müharibədən nümunələr gətirməklə bildirdi ki, birinci Qarabağ müharibəsində ölkədə hökm sürən hərc-mərclik, vahid komandanlığa tabe olmayan yerli müdafiə batalyonları, ixtisaslı həkimlərin olmaması, təbabətin maddi-texniki vəziyyətinin zəifliyi, ən əsası xalq-dövlət-ordu birliyinin olmaması çox sayda şəhidlərin olması və torpaqlarımızın işğalı ilə nəticələndi. “İkinci Qarabağ müharibəsində isə müasir Azərbaycan dövlətçiliyinin memarı olan ulu öndər Heydər Əliyev Azərbaycan Ordusunun nizami ordu kimi formalaşmasını təmin etmişdi. Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev bu ordunu gücləndirdi. Onun rəhbərliyi ilə ordumuz nəinki Cənubi Qafqazda ən güclü ordudur, həm də dünyada ən güclü ordular sırasındadır.  
Vətən müharibəsində xalqın orduya, sərkərdəyə inamı da güclü silah oldu. Döyüşlərdə qazanılan qələbələr həm ordunun gücü ilə, həm də döyüşçülərin mənəvi-psixoloji hazırlığının yüksək səviyyəsi ilə bağlı idi. Döyüşlərdə təsdiqləndi ki, xalqın Ali Baş Komandana inamından yaranan ruh yüksəkliyi qələbələrin bəlkə də başlanğıcıdır. Vətən müharibəsində xalqımızın birlik, həmrəylik, qarşılıqlı yardım kimi nümunəvi xüsusiyyətlərini nümayiş etdirdiyinin canlı şahidi olduq”.
Müharibə itkisiz olmur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhidliyə, şəhidlərə həmişə böyük sayğı göstərir. Vətən müharibəsində şəhid olanlar da xalqın böyük ehtiramı ilə əhatələnib. Vətən müharibəsinin qələbə ilə bitməsi ölkədə böyük ruh yüksəkliyinə səbəb oldu. Xalq bu qələbənin qazanılmasında şəhidliyin, şəhidlərin də hünərini zaman-zaman yaşadacaqdır.
Fakültə rəisi onu da qeyd etdi ki, şəhidlər bizim sahib çıxacağımız ən yüksək dəyərlilərimizdir. "Qürurumuz, fəxrimiz, güvənc yerimiz, hamımızın - bütün millətimizin başucalığıdır. Vətən müharibəsində 18 hərbi həkim şəhid oldu. Onlardan 14-ü Hərbi Tibb Fakültəsinin məzunudur. 6-sı həkim, 8-i feldşerdir. Şəhid adlarının əbədiləşdirilməsi onların valideynlərinə qürur hissi yaşatmaqla bərabər, tələbələrə və kursantlara vətənpərvərlik hissi aşılayacaq. Onların  mənəvi-psixoloji hazırlığına da müsbət təsir göstərəcəkdir.
Fakültəmizdə şəhidlərin adının əbədiləşdirilməsini həm vətəndaş, həm hərbçi, həm də vəfa borcu bildik. Bu addımı atarkən ilk olaraq rəhbərliyə müraciət etdik. Müsbət cavab aldıqdan sonra fakültəmizin Təltif Komissiyasının və Elmi Şurasının qərarı ilə Vətən müharibəsində Cəbrayılın, Füzulinin, Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxararaq Qubadlı döyüşləri zamanı şəhid olan tibb xidməti kapitanı Anar Məmmədovun, Cəbrayılın, Füzulinin, Qubadlının, Şuşanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan tibb xidməti baş leytenantı Aqşin Ənvərlinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan tibb xidməti leytenantı Adil Əfəndiyevin, Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə igidlik göstərərək  şəhid olan tibb xidməti leytenantı Turqut Xəlilbəylinin və 2016-cı ilin aprelində Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan feldşer Mirsalam Cəfərovun adları kitabxana, mühazirə və brifinq zallarına verildi. Bu addım onların timsalında tariximizin ən günəşli səhifələrini yazan, şüası ilə xalqının üzünə nur ələyən bütün şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramımızın təzahürü idi”.
Hərbi tibb fakültəsində tələbə və kursantların şəhid adları verilmiş kitabxana və zalların qarşısında dayanaraq qalib Azərbaycan Ordusundan, şəhidlərimizin qəhrəmanlığından və gələcək xidmətlərini işğaldan azad olunan tarixi torpaqlarda davam etdirmək istəklərindən danışdıqlarının şahidi olduq.
Şəhidliyi özlərinə ömür payı biçən Vətən oğullarının, şəhidlərimizin döyüş yolu, göstərdikləri şücaət hər bir gəncə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı şəhidlərini tanımalı və tanıtmalıdır. Şəhidlərimizə ehtiram hər birimizin ən müqəddəs borcudur.

Günay TAĞIYEVA, fotolar C.CƏFƏROVUNDUR, "Azərbaycan Ordusu"