Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Mart 2021 11:43

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)
Mövzu:  31 Mart - Azərbaycanlıların soyqırımı günüdür.
İctimai-siyasi hazırlıq qrupunun rəhbəri bu dərsə hazırlaşarkən ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım haqqında əldə olan tarixi materiallardan, həmin hadisələrin şahidi olanların xatirələrindən istifadə etməli, eləcə də əvvəlki dərslərdə ermənilərin separatçı siyasəti haqqında öyrənilənləri dinləyicilərə bir daha xatırlatmalı və mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirməlidir.
Suallar:
1. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanı və bu fərmanın tarixi əhəmiyyəti.

2. Azərbaycan xalqına qarşı ermənilər tərəfindən aparılmış genosid siyasətinin məzmunu, tarixi xronikası və ağır nəticələri.

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı və bu fərmanın tarixi əhəmiyyəti


Azərbaycanlıların soyqırımı erməni faşizminin xalqımızın taleyinə həkk etdiyi qanlı salnamə, bütün türk dünyası və bəşəriyyət üçün tarixi ibrət dərsidir.
Türklərə və azərbaycanlılara qarşı ermənilərin mütəşəkkil şəkildə misli görünməmiş düşmənçilik siyasəti aparmasının və bunu bir millətin digər millət tərəfindən fiziki cəhətdən məhv edilməsi məqsədini daşıyan milli ideologiyaya və böyük fəaliyyət proqramına çevirməsinin dünya tarixində analoqu yoxdur.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.
1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi torpaqların zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək, ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu.
"Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət qazandırmaq məqsədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçiriblər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azyaşlı azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.
Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin martından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başladı. Həmin günlərdə ermənilərin törətdiyi cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımının, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyində xüsusi qurum yaradıldı. 1919-1920-ci il martın 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.
1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından qovuldu. Həmin ərəfədə ölkədə gedən siyasi proseslərə etiraz olaraq xalq hərəkatı geniş vüsət aldı. Siyasi proseslərin nəticəsi olaraq, 1990-cı ilin yanvarında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu.
1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə qurtardı.
Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkatın başlanğıcı olaraq bu gün 1 milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış, çadırlarda yaşamağa məhkum edilmişdir. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır.
Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edib. Xalqımıza qarşı törədilmiş bütün soyqırımı faciələrinə siyasi qiymət vermək məqsədilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanı imzaladı. Həmin fərmanla 31 mart azərbaycanlıların soyqırımı günü kimi tarixə yazıldı.

 

Azərbaycan xalqına qarşı ermənilər tərəfindən aparılmış genosid siyasətinin məzmunu, tarixi xronikası və ağır nəticələri


1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələrindən qısa bir müddət sonra tarixi torpaqlarımızın bölünməsi siyasəti gerçəkləşdirilərək, 10 minlərlə erməninin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Əhalinin fiziki cəhətdən məhv edilməsi isə Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi. XX əsrin əvvəllərində "Daşnaksütyun" və "Hnçak" kimi erməni millətçi partiyalarının fəaliyyətə başlamasından və fanatik kütlələri qatı millətçi ideyalar ətrafında birləşdirməsindən sonra bu proses daha da sürətləndi.
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan ermənilər 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Erməni terrorçu-quldur dəstələri Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda kütləvi şəkildə azərbaycanlılara divan tutmuş, şəhər və kəndləri yandırmış, uşaqları, qadınları, qocaları misilsiz qəddarlıq və vəhşiliklə öldürmüşlər. Həmin dövrdə təkcə Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında 75 Azərbaycan kəndi yerlə-yeksan edilmiş, İrəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsi viran edilmişdir. Erməni vəhşiliyindən sağ qurtara bilən on minlərlə azərbaycanlı öz doğma yurd-yuvasını tərk etmək məcburiyyəti qarşısında qalmışdır.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində də xüsusi qəddarlıqla həyata keçirilmişdir. Təkcə 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda ermənilər 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, on minlərlə adamı öz yurd-yuvalarından didərgin salmışlar.
1988-ci ildə yenidən baş qaldıran erməni separatizmi, ermənilərin Dağlıq Qarabağda apardığı işğalçı müharibə və etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlı soyqırımı qurbanlarının sayı daha da artmışdır. Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal edilmiş, 20 mindən çox azərbaycanlı həlak olmuş, 100 mindən çoxu yaralanmış, 4 mindən çox azərbaycanlı əsir və itkin düşmüş, girov götürülmüş, 4 mindən çox sənaye və kənd təsərrüfatı müəssisəsi, 660 məktəb və uşaq bağçası, 250 xəstəxana və tibb müəssisəsi dağıdılmış, azərbaycanlıların yaşadıqları 724 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. Bütün bunların nəticəsində təkcə XX əsrdə 2 milyondan çox azərbaycanlı bu və ya digər şəkildə şovinist erməni dairələrinin və onların havadarlarının yürütdükləri qanlı terror və soyqırımı siyasətinin təsirinə məruz qalmışdır. Demək olar ki, indi Azərbaycanda erməni millətçilərinin zülmündən bu və ya başqa şəkildə zərər çəkməyən ailə yoxdur.
Ümummilli lider Heydər Əliyev siyasi  kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar dövlətimizin siyasətini belə bəyan etmişdir: "Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir".
Aprel döyüşləri Azərbaycan Ordusunun təxribat törədən, dinc sakinləri hədəfə alan azğın düşmən üzərində şanlı qələbəsi kimi tarixə düşdü. Həmin döyüşlər Azərbaycan xalqının heç vaxt erməni işğalı ilə barışmayacağını, cavanından, qocasından asılı olmayaraq, daim döyüşə hazır olduğunu göstərdi. Xalqımız, həmin günlərdə ordu ilə xalqın birliyini nümayiş etdirdilər, torpaqlarımızın işğaldan azad olunmasına hər an hazır olduqlarını göstərdilər. Aprel döyüşləri və Naxçıvandakı uğurlu əməliyyatlar düşmən üzərində böyük zəfərin başlanğıcı olaraq göstərdi ki, Azərbaycan Ordusu istənilən zaman öz torpaqlarını azad etməyə və ərazi bütövlüyünü bərpa etməyə hər an hazırdır. Bir an olsun belə yerində dayanmayan, gündən-günə güclənən, mətinləşən Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün şərəfli və məsuliyyətli bir vəzifəni müvəffəqiyyətlə yerinə yetirməsinə, nəhayət, başladı. 2020-ci ilin iyul-Tovuz hadisələrindən başlanan yol, 27 sentyabr-9 noyabr tarixlərində yaşanan dastan öz məntiqi sonluğuna, tarixi qələbəyə və zəfərə gətirib çıxardı.
Azərbaycan Ordusunda xidmət edən hər bir hərbi qulluqçu mənəvi-psixoloji hazırlığını daim artırmalı, hərbi intizamın möhkəmləndirilməsinə çalışmalı, Vətən sevgisini hər şeydən üstün tutmalı və yurdumuzu düşmən təcavüzündən azad etmək üçün daim döyüşə atılmağa hazır olmalıdır. Bunu bizdən bir milyondan artıq qaçqın düşmüş soydaşımız və erməni işğalçıları ilə qanlı-qadalı döyüşlərdə şəhid olmuş qəhrəman oğulların ruhu tələb edir.

İdeoloji İş və Mənəvi-Psixoloji  Təminat İdarəsi