Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Mart 2021 11:43

“Ordumuz qazandığı qələbə ilə tarix yazdı”

Sentyabrın 27-dən əks-hücum əməliyyatı kimi başlayan, Vətən müharibəsi kimi davam edən döyüşlər ordumuzun qələbəsi ilə başa çatdı. Döyüşlər əsgər və zabitlərimizin yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olduğunu bir daha təsdiqlədi. Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qürurla bildirdi: "Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!".
Bu qüruru hərbçilər də, ictimaiyyət də bayram ovqatı ilə yaşadılar.
Döyüşlər zamanı Ali Baş Komandanın əmr və göstərişlərinin vaxtında və dəqiq yerinə yetirilməsi bütün qoşun növlərinin qarşılıqlı əlaqəsinin bariz nümunəsidir.
Vətən müharibəsində düşmən tərəfinə keçidlərin açılmasında, ərazilərin minalardan, partlayıcılardan təmizlənməsində mühəndis bölmələri, hərbi mühəndislər yüksək peşəkarlıq nümayiş etdirdilər. Ölkə rəhbərliyi onların fəaliyyətini yüksək qiymətləndirdi, fərqlənənləri qələbədən sonra müxtəlif orden və medallarla təltif etdi. Baş leytenant Peyman Əsədzadə də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.
Qalib ordunun zabiti olmağı ilə qürur duyduğunu bildirən baş leytenant Peyman Əsədzadə  dedi: "Ordumuzun şəxsi heyətinin döyüş əzmi, qələbə ruhu, mənəvi-psixoloji hazırlığı həmişə yüksək olub. Vətən müharibəsində bu hisslər daha yüksək idi. Əks-hücum əməliyyatında  ordumuz torpaqlarımızı işğaldan azad etdi. Bununla da tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin həll edə bilmədiyi münaqişəni 44 gün çəkən döyüşlərlə həll etdi. Qarşısında qorxmaz, cəsur və mərd Azərbaycan əsgərini görən düşmən ordumuzun hücumuna tab gətirə bilmədi. Onlar çıxış yolunu yalnız geri çəkilməkdə gördü. Döyüş meydanını tərk edən düşmən nəinki torpaqlarımızda yaratdıqları müvəqqəti postlarını, hətta silahlarını belə ataraq qaçırdılar. Bunu görən əsgərlərimiz daha da yüksək əhval-ruhiyyə ilə döyüşə atılırdılar. Qəlbi Vətən eşqi ilə döyünən oğullarımız xalqımıza qələbə sevincini yaşatmaq üçün əllərindən gələni əsirgəmədi. Azərbaycan əsgəri düşmən üzərinə qartal kimi şığıyaraq işğaldan azad etdiyi torpaqlarımızı da bu qətiyyətlə qoruyacaqdır. Sərhədlərimizin daxilində bir də səngər olmayacaq".
Döyüşlərdə yaralanan Peyman Əsədzadə tibbi personalın ona olan diqqət və qayğısından da söz açdı: "Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşürdü. Hərbi mühəndislər müharibə zamanı ikiqat diqqətli və məsuliyyətli olurlar.  Düşmən səngərinə keçid açmaqla yanaşı, özünü də qorumalısan. Çünki kiçik bir səhv böyük fəsadlara səbəb ola bilər. Mən də keçid açan zaman düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində əl, üz və ayaq nahiyəmdən qəlpə yaraları aldım. Müalicə üçün hospitala təxliyə olundum. Tibb personalı döyüşlər zamanı yaralananlara yüksək diqqət və qayğı göstərirdi. Ancaq yenidən döyüş meydanına qayıtmaq istəyirdim. Hospitalda 3 gün müalicə olunduqdan sonra yuxarı rəhbərliyə müraciət etdim. Həkim-mütəxəssislərin razılığından sonra istəyimə çatdım. Yenidən döyüşlərə qayıtdım. Fəxr edirəm ki, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə mən də iştirak etdim. Ordumuz qazandığı qələbə ilə tarix yazdı, bu zəfər tarixə qızıl hərflərlə yazıldı".
"Digər qoşun növləri kimi, döyüşlərdə qoşunların hərəkəti üçün əlverişli şərait yaradan, düşmənin hərəkətini çətinləşdirən mühəndis-istehkamçılarımız da qələbənin tezləşməsində qətiyyət göstərdilər. Qələbədən sonra onların şərti döyüşü davam edir. Hamı kimi biz də inanırıq ki, minaaxtaranlarımız səhv etməyəcək. Bu döyüş də dünyaya görk olacaq...
Minalar aşkarlanmalıdı, zərərsizləşdirilməlidi. Bunu biz, yəni, hərbi mühəndislər yerinə yetirəcəyik. İşğaldan azad edilmiş kəndlərin, şəhərlərin 28 il əvvəlki sakinləri kəndlərinə istehkamçıların gizlədilmiş ölümlərlə döyüşündən sonra qayıdacaqlar. Biz Vətən müharibəsinin bu mərhələsini də uğurla başa çatdıracağıq...”, - deyə zabit qeyd etdi.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunan zabit təltifə görə ölkə rəhbərliyinə də təşəkkürünü bildirdi...

Elçin İMANOV, "Azərbaycan Ordusu"