Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Mart 2021 11:43

Həmişə qalib olaq, həmişə zəfər qazanaq

Qəhrəmanlıq və igidlik məfhumu əsrləri yola salmış tarix üçün yenilik deyil. Zaman-zaman dərin maraqla boylandığımız tarixin səhifələri qanlı döyüş meydanlarında qeyri-adi hünər və cəsarət göstərib ad çıxarmış, müharibələrdə böyük şöhrət qazanmış cəngavərlərin qəhrəmanlığı ilə doludur. Həyat yaranışından nizamlandığı kimi öz axarındadır. Qəhrəmanlıq adlandırdığımız min illik ağacdan həmişə yeni budaqlar bitməkdədir. Yeni-yeni qəhrəmanlıqların şahidi oluruq və bundan sonra da olacağıq. 44 gün davam edən Vətən müharibəsində də yüzlərlə, minlərlə qəhrəmanlıq nümunələri gördük.
Tarix yaranandan belə olub: qəhrəmanlar qollarının gücünü, bacarıqlarını həmişə döyüş meydanlarında göstəriblər. Döyüş meydanları gücün sınaq yeri olub. Tarix dönə-dönə sübut edib ki, döyüş meydanları insanlara cəsarətlərini nümayiş etdirmək üçün bir səhnədir. İnsanlara şan-şöhrət gətirən, amma qan-qada ilə, ölüm-itimlə və müharibələrlə dolu bir səhnə!
Müharibə sözünü dilimizə gətirəndə gözlərimiz önünə həmişə insanların hakimiyyət, torpaq və var-dövlət üstündə ölüb-öldürdükləri cəng meydanları, döyüş səhnələri gəlir. Həmin anlarda elə bil möcüzə baş verir, sanki bir göz qırpımında ötüb əsrlərin arxasında qalmış illərə dönürük, canlı tarixə bağlanırıq. Bir-birini məğlub etməyə can atan qolu zorlu pəhləvanların hənirtisini duyur, odlu nəfəslərini hiss edir, igidlərin qulaq batıran nərəsini, qılınc cingiltisini, ox vıyıltısını, tüfəng səsini, pulemyot şaqqıltısını, top gurultusunu eşidirik. Tarixin dərinliklərindən gələn və bir-birinə həmahəng olan, bütövləşən bu səslər bizi qəhrəmanlığa çağırır, qələbələrə ruhlandırır. Addım-addım bizi gələcəkdə qazanacağımız uğurlara, qələbələrə istiqamətləndirir.
Tarix boyu qəhrəmanlar sağlığında insanlar tərəfindən hörmətlə qarşılanıb. Dünyadan köçəndən sonra isə xatirələri ehtiramla anılıb, adları hörmətlə çəkilib. Bu cəsur insanların məzarları sonrakı nəsillər üçün ziyarətgaha, and yerinə çevrilib. Yəqin ki, bu gün aramızda, sıramızda qəhrəman olmaq, bu arzunun alovunda yanmaq istəməyən tapılmaz. Dünya yaranandan, torpaq və sərvət uğrunda ilk müharibələr, döyüşlər başlanandan insanlar ondan qorxub geri çəkilməyiblər, əksinə, igidlik və cəsarətlərinə arxalanaraq qəhrəmanlığa susayıb, hünər göstərməyə can atıblar. Qəhrəmanlığı arzulamaq tarixin səhifələrinə pozulmayan iz salmaq deməkdir. Söz yox ki, qəhrəman olmaq da asan başa gəlmir. Bu yol təhlükələrlə doludu, bu yol enişli-yoxuşludu. Ürəyini qəhrəmanlıq arzusu ilə isidənlər zaman-zaman torpaq və Vətən uğrunda gedən qanlı döyüşlərdə igidlik göstərib, şöhrət qazanıblar. Qəhrəmanlar hünərləri ilə düşmən üzərində zəfər çalaraq tarix yazıblar. Elə bir tarix ki, zaman-zaman onlara başucalığı gətirib. Elə bir tarix ki, onunla yalnız fəxr etmək və qürur duymaq olar.
Ədəbiyyatın şah əsərlərindən sayılan və daim oxucu sevgisi qazanan qəhrəmanlıq dastanları hələ kiçik yaşlarımızdan sirli-sehirli cazibəsi ilə bizi özünə çəkib. Bu dastanları mütaliə etdikcə özümüzü igidlərin sırasında, qəhrəmanlığın zirvəsində hiss etmişik. Mütaliə boyunca əlçatmaz xəyallar qurur, qorxmadan döyüş meydanlarına girir, insanları heyrətə gətirən qəhrəmanlıqlar göstərməyi arzulayırıq. Bu doyumsuz qəhrəmanlıq dastanlarından doğan ülvi duyğular, bəşəri hisslər bizi igidliyə, cəsarətə səsləyir. İnsan təbiəti belədir, o yaranışından qəhrəmanlıq göstərib, xaruqələr yaratmağa köklənir.
Qəhrəmanların həyatını, keçdikləri döyüş yollarını öyrəndikcə, onların hərb meydanlarında göstərdikləri igidliyi, hünəri gördükcə qarşılarında baş əyir, xatirələrini hörmətlə yad edirik. Onlar bu ehtirama layiqdirlər, onlar bunu hünərləri ilə qazanıblar. Yaşadığımız ömrün bütün mərhələlərində tarixdə dərin iz qoymuş qəhrəmanlara oxşamağa, onlardan nümunə götürməyə çalışmışıq. Ürəklərimiz onların döyüş yollarını davam etdirmək istəyi və amalı ilə döyünüb. Məhz belə olduğuna görədir ki, gənclərimiz Vətən müharibəsində döyüş meydanlarına qələbə ovqatı ilə atıldılar, düşmənə sarsıdıcı zərbələr vurdular və zəfər qazandılar.
Döyüşlərdə qəhrəman kimi vuruşmağı, yurdumuzu erməni qəsbkarlarından müdafiə etməyi bizə yaşanmış tarixin qanla yazılmış şərəf dolu səhifələri diktə edir. Bunu bizə əcdadlarımızın məğlubedilməz ruhu deyir. Bunu bizə gözəl anlarını yaşadığımız dövran pıçıldayır. Bunu bizə zaman və tarixin özü söyləyir. Gəlin, yaşadığımız zamanın tələblərinə və diktələrinə köklənək tarixin pıçıltılarına, hıçqırtılarına qulaq asaq. Çünki tarix bizə yalnız və yalnız qəhrəmanlıqla dolu sözlər pıçıldayır. Bu pıçıltılara qulaq asa-asa erməni qəsbkarlarına daha da sarsıdıcı zərbələr vuraq. Həmişə qalib olaq, həmişə zəfər qazanaq.

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"