Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Mart 2021 11:43

Dağların başında ərənlər yaşar...

Yeddi ildir media sahəsində çalışan biri kimi, dəfələrlə ön xətdə çəkilişlərdə olmuşam, əsgər və zabitlərimizin xidməti fəaliyyətini işıqlandırmışam. Hər dəfə müqəddəs missiyanı yerinə yetirən oğullarla görüşə gedəndə eyni qürur və həyəcanla yola çıxmışam. Amma budəfəki səfərin mənim üçün ayrı bir mövzusu və yeri olacaqdı. Çünki onlar bizi Şuşaya, Laçına, Kəlbəcərə, Füzuliyə, Ağdama və işğaldan azad olunmuş digər şəhər və rayonlarımıza çatdıran qalib Azərbaycan Ordusunun əsgərləridirlər. İndi biz onların sayəsində "Salam Qarabağ, biz gəlmişik" deyə bilirik. QALİB ƏSGƏR barədə danışmağı, bu xoşbəxtliyi duymağı jurnalist taleyimə yazdığı üçün Uca Yaradana şükür edir və dağların başında yaşayan ərənlərlə görüşə tələsirəm. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun uca dağlar qoynunda yerləşən bölmələrindən birində uca dağları, şiş qayaları özünə səngər seçib düşmənin qorxulu röyasına çevrilən Azərbaycan əsgəri barədə danışacağıq. Payızın sazaqlı küləyindən mətin, qışın soyuğundan sərt, qanında və ruhunda  yenilməzlik olan QALİB ƏSGƏR barədə...
Yol boyu kəndləri bir-bir arxada buraxıb üzü dağlara sarı gedirik. Sinəsi sis, dumanla örtülən, bəziləri isə payızın ilk aylarından etibarən bəyaz örpəyə bürünən dağlar, Azərbaycan əsgərinin od-ocağına, yurd-yuvasına çevrilən dağlar, siz necə də vüqarlısınız, səxavətlisiniz. Ruhuma hakim kəsilən bu düşüncələrin müşayiəti altında bir neçə saat keçdikdən sonra şənini vəsf etdiyim dağlardakı dağ vüqarlı oğulların yanındayam. Bu dağları əhatələyən möhkəm səngərlər isə Azərbaycan əsgəri üçün sanki, qala divarlarıdır. "Əsgər və səngər" mənim üçün ən uğurlu qafiyələrdən biridir.  Səngər əsgər üçün ev, düşmən üçün qazılan qəbirdir.  Səngər, kişinin əsgərdən döyüşçüyə çevrilmə nöqtəsidir. Əsgər burada dayanıb torpağını qoruyur ki, üzərində gəzməyə haqqı olsun, Vətənin havasını qoruyur ki, udmağa nəfəsi olsun. Mənə görə Vətən həm də əsgərdən başlanır. Bugünkü QALİB ƏSGƏRdən. 2020-ci ilin payızını hər bir azərbaycanlı üçün əbədi yaddaşlara həkk edən, bu dövrü QƏLƏBƏ fəslinə çevirən əsgər, bizim üçün yeni bir mövsüm yaratdın. Əsgər fəsli! Xalqımıza elə bir sevinc, qürur, xoşbəxtlik yaşatdınız ki, onun ölçüsü, tayı-bərabəri yoxdur. Bu sevgi nə övlad, nə valideyn, nə də ki, canan sevgisinə bənzəyir. Bu sevginin adı Qarabağa qovuşmaqdır, Şuşanın əlindən tutub onu dirçəltməkdir, Xudafərinə yenidən can verməkdir, Azıx mağarasındakı əcdadlarımızın tarixi kökünə yenidən qayıtmaqdır. Bir sözlə, BÖYÜK QAYIDIŞdır.
Ali Baş Komandanın dəmir yumruğu təkcə düşmənin belini qırmadı. O yumruq həm də Azərbaycan xalqının birlik və və bərabərliyinin milli nişanəsinə çevrildi. Bu fikirləri əbəs yerə xatırlatmıram. İnsanlar  ordumuza mənəvi dəstək göstərmək məqsədilə uzun yolu qət edib olduğumuz bölməyə gələndə bir daha əmin oldum ki, bu iradəli xalq milli məsələlərdə bir yumruq kimi birləşə bilir. Bu o demək deyil ki, ordumuzun hansısa kənardan gətirilən ərzağa, sovqata yaxud təminata ehtiyacı var. Sadə vətəndaş 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də ordunun yanında olmağı, ona dəstək göstərməyi özünə mənəvi borc hesab edir. El ağsaqqalı Niqamət Heydərov deyir: "Bizim bura gəlməkdə əsas məqsədimiz əsgər və zabitlərimizlə birlik, bərabərlik nümayiş etdirməkdir. Xalq ordusunun yanında olmalıdır ki, onlar da nəyin uğrunda, hansı amal müqabilində döyüşdüyünü bilsin. Dövlət-xalq-ordu birliyi bizi BÖYÜK QƏLƏBƏyə daşıdı".
Hərbi qulluqçular burada - hərbi xidmətdə bir amal ətrafında birləşiblər. Zabit Elvin Cahangirov Salyan, Mahir Fərmanlı Beyləqan, əsgərlərdən Əmirah Səfərov Bərdə, Şəmistan Məmmədov Ağdam, İlkin Kərimzadə Sədərək rayonundandır. Onları birləşdirən dəyər "Vətən" adlı müqəddəsliyi qorumaqdır, onun təhlükəsizliyini təmin etməkdir. Hər birinin gələcək üçün planları, arzuları var. Vaxt olub ki, yaxınları, doğmaları üçün burunlarının ucu da göynəyib. Amma müşahidə məntəqəsində hər şey unudulub. Bütün diqqət qarşı tərəfə - düşmənə yönəlib. Vətən onlar üçün ən əziz varlıq olub. Ata da, ana da, övlad da, sevgili yar da onlar üçün Vətən olub. Vətənlə bütövləşiblər, doğmalaşıblar.
Əsgər Əmirah Səfərov deyir ki, Vətən müharibəsində mənfur düşmən həmişəki xislətindən yenə də əl çəkmədi. Mülki insanlara qarşı müharibə cinayətləri törətdi. Ata yurdum Bərdə şəhəri qadağan olunmuş raketlərlə atəşə tutuldu. Doğmalarım, əzizlərim üçün çox nigaran idim. Şükürlər olsun, silahdaşlarım düşmənin cavabını döyüş meydanında layiqincə verdi. Çünki bizim davamız mülki insanlarla yox, erməni silahlı birləşmələrinə qarşı idi. Əsgər yoldaşlarımızla birgə hər gün Müdafiə Nazirliyinin döyüş əməliyyatları ilə bağlı təqdim etdiyi kadrlara baxırdıq, Ali Baş Komandanın xalqa etdiyi müraciətləri diqqətlə izləyirdik. Fəxr edirəm ki, 44 gün ərzində tarix yazan Azərbaycan Ordusunun sıralarında xidmət edən əsgərlərdən olmuşam.
Əsgər Şəmistan Məmmədov ikiqat sevinc yaşayır. Çünki işğaldan azad olunan torpaqlar sırasında onun ata-baba yurdu olan Ağdam şəhəri də var. Qəhrəman döyüşçü deyir: "Tale elə gətirdi ki, Naxçıvanda xidmət edərkən Ağdamın işğaldan azad olunması xəbərini eşitdim. Ali Baş Komandanın noyabrın 20-də xalqa etdiyi həmin müraciəti heç vaxt unutmayacağam. Həmin gün Ağdam da "Qarabağ Azərbaycandır!" dedi. Yaşasın Müzəffər Ali Baş Komandanımız və ordumuz!
İndi əsas vəzifəm, döyüş tapşırığım qədim Naxçıvan torpağının sərhədlərinin təhlükəsizliyini təmin etməkdir. Xidmət etdiyim bölmədə hər cür şərait vardır. Payız aylarından başlayaraq bölmə üçün ehtiyat ərzaq və geyim təminatı da yaradılıb. Valideynlərimlə danışanda deyirəm ki, məndən nigaran olmayın. Burada əsgər yoldaşlarımızla birgə qardaşlaşmışıq, doğmalaşmışıq. Bölməmiz üçün bu ilin yayında yeni bina tikilib, hər cür məişət şəraiti yaradılıb".
Ön xətdə keçirdiyimiz bir neçə saat ərzində əmin oldum ki, şəxsi heyəti yenilməz edən bir neçə amil var. Məsələn, keçirilən təlimlərdə tökdükləri tər bu gün zəfərə çevrilib. Dövlət tərəfindən ən uca, əlçatmaz zirvələrdə belə qışın soyuq günlərində müasir təminatı olan yataqxana binaları tikilib istifadəyə verilib. Müasir atıcı silahlarla, döyüş vasitələri ilə təmin olunan əsgər və zabitlərin dilində həm də bir qardaşlıq, yoldaşlıq, dostluq, səmimiyyət şüarı var: Hamı bir nəfər üçün, bir nəfər hamı üçün!

Muxtar RZAZADƏ, “Şərqin səhəri” qəzetinin redaktoru