Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Mart 2021 11:43

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV: Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi

Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev və Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyasının sədrinin müavini Mehriban xanım Əliyeva Qurultayın işində iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev qurultayda videoformatda geniş məruzə ilə çıxış edib.
Çıxışında 2003-2020-ci illəri hazırlıq dövrü kimi xarakterizə edən Prezident İlham Əliyev bildirib ki, biz, torpaqlarımızın işğaldan azad olunmasına, ilk növbədə mənəvi cəhətdən hazır olmalı idik. "Bütün başqa amillərlə bərabər bax, bu amil həlledici rol oynamışdır. Müharibənin ilk günündən mənəvi üstünlük bizdə idi. Təkcə ona görə yox ki, biz haqlı idik, onlar nahaq. Ermənistanın rəsmi təbliğatı erməni xalqının beynini elə zəhərləyib ki, onların bəlkə bir çoxu hesab edirdi ki, bizim torpaqlarımızı zəbt etməkdə haqlıdırlar", - deyə dövlətimizin başçısı qeyd edib.
Prezident əlavə edib ki, millətçi və irqçi, azərbaycanofob, islamofob erməni siyasətçiləri bax buna gətirib çıxardılar. “Təkcə ona görə yox ki, biz haqlı idik. Biz mənəvi üstünlüyü ona görə əldə etdik ki, bütün bu illər ərzində bir amalla - ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması amalı ilə yaşamışıq”.
Prezident vurğulayıb ki, indi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır. "Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın", - deyə dövlətimizin başçısı qeyd edib.
Dövlət başçısı diqqətə çatdırıb ki, biz bütün işləri ardıcıllıqla edirik və əgər son 17 illik tariximizə nəzər salsaq görərik ki, qarşıya hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, biz bu hədəflərə çatırdıq və ondan sonra qarşımıza yeni hədəfləri qoyurduq. "Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi - ərazi bütövlüyümüzün bərpasını təmin etdik".
"Bu gün yeni bir vəziyyət yaranıb, bu vəziyyəti biz yaratmışıq. Biz reallıqlar yaradan ölkəyik və bundan əvvəlki dövrlərdə də bizim təşəbbüsümüzlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib, əməkdaşlığın yeni formatlarını şərtləndirib", - deyə ölkə başçısı çıxışında qeyd edib.
Prezident bildirib ki, bizim siyasətimizlə bağlı son vaxtlar dünyada aparılan düzgün təhlillər və fəaliyyətimizə verilən yüksək qiymət həqiqəti tam əks etdirir və İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaradıb. “Bölgədə yeni əməkdaşlıq imkanları yaranıb. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər, eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb”.
Dövlətimizin başçısı onu da qeyd edib ki, bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir və bu gün bizim Qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. "Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr vurub, öz tarixi torpaqlarını işğalçılardan azad edib. Biz bu tarixi missiyanı yerinə yetirdik".

"Azərbaycan Ordusu"