Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Mart 2021 13:29

“Asudə vaxtlarımızı səmərəli keçiririk”

Rəşadətli Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş hazırlığı ilə yanaşı, asudə vaxtının səmərəli təşkili üçün də yuxarı komandanlıq tərəfindən hərtərəfli şərait yaradılıb. "N" hərbi hissəsində bunun əyani şahidi olduq. Həmsöhbətimiz hərbi hissənin zabiti Çingiz Mahmudov əsgərlərin mənəvi-psixoloji hazırlığında asudə vaxtın səmərəli keçirilməsinin mühüm vasitə olduğunu bildirdi. "Əsgərlərimiz asudə vaxtlarında Milli qəhrəmanlarımızın həyat və döyüş yolundan bəhs edən filmləri izləyir, qəzet və kitablar oxuyur, televiziya verilişlərini izləyirlər. Həmçinin onlar şahmat və dama oynayır, müxtəlif növ idman yarışları keçirirlər. Bütün bunlar şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksək olmasına öz müsbət təsirini göstərir. Azərbaycan əsgərinin düşməndən qat-qat üstün və güclü olduğunu Vətən müharibəsində bütün dünyaya sübut etdik. Yüksək vətənpərvərlik hissi, döyüş ruhu və qələbə əzmi ilə düşmən üzərinə şığıyan igid oğullarımız xalqımıza qələbə sevincini bəxş etdilər. Onlar bu Qələbənin sevincini böyük qürur hissi ilə yaşayırlar. Artıq xidmətə gələcək yeni nəsillər asudə vaxtlarında Azərbaycan əsgərinin tariximizə qızıl hərflərlə həkk olunan Zəfərindən danışacaq, bu şanlı qələbə haqqında yazılan kitabları oxuyacaqlar. Xalqımıza Böyük Qələbənin sevincini yaşadan oğullarımızın qəhrəmanlığını, vətənpərvərliyini özlərinə nümunə biləcəklər."
Şəxsi heyətin asudə vaxtının necə təşkil olunduğunu görmək üçün zabitlə birgə bölməyə yollandıq. Mayor Çingiz Mahmudovun da qeyd etdiyi kimi, şəxsi heyət qələbə ab-havasında idi. Əsgərlər Bayram Həsənovla Əhmədbəy Əsədullayev dama oynayırdılar. Maraqlı oyun gedirdi. Heç bir tərəf açıq-aşkar üstünlük əldə edə bilmirdi. Gərgin mübarizə şəraitində keçən oyunda cüzi fərqlə əsgər Bayram Həsənov qalib gəldi. Hər iki əsgəri göstərdikləri əzmkar mübarizəyə görə təbrik etdik. Onlarla söhbətləşmək, qələbə təəssüratlarını bölüşmək imkanı qazandıq. İlk olaraq hərbi xidmətə Sabirabad rayonundan çağırılan əsgər Bayram Həsənov bildirdi ki, burada hərbin sirlərinə yiyələnməklə yanaşı, asudə vaxtlarımızı da səmərəli keçiririk. "Komandirlərimiz asudə vaxtlarımızın səmərəli keçirilməsində əllərindən gələni əsirgəmirlər. Onlar bizlərə daim diqqət və qayğı göstərir, problemlərimiz ilə maraqlanırlar. Biz də öz növbəmizdə göstərilən etimadı xidmətimizlə doğrultmağa, Vətən qarşısında övladlıq borcumuzu layiqincə yerinə yetirməyə çalışırıq. Azərbaycan Ordusunun adına layiqli əsgər olmaq üçün Ana Vətənimizə ikiqat məsuliyyətlə xidmət edirik."
Hərbi xidmətə Qaradağ rayonundan çağırılan əsgər Əhmədbəy Əsədullayev qeyd etdi ki, komandirlərimiz bizə asudə vaxtlarımızda düşmənin xalqımızın başına gətirdiyi müsibətlərdən, Xocalı faciəsindən geniş bəhs edirdilər. Bu söhbətlər bizdə düşmənə qarşı nifrət oyadırdı. Qəlbimiz intiqam hissi ilə alışıb yanırdı. İllərdir xalqımız Qarabağa yenidən qayıdacağımız günün həsrəti ilə yaşayırdı. Nəhayət, Vətən həsrəti sona çatdı. Müzəffər Ali Baş Komandanımızın döyüş əmri ilə torpaqlarımız işğaldan azad olundu. Tarixi yurd yerlərimiz öz gerçək sahibinə qayıtdı. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qardaş və bacılarımızın qisasını aldıq. Düşmənə gücümüzü döyüş meydanında göstərdik. Bütün dünyaya bir daha sübut etdik ki, Vətən sevgisi ilə silahlanmış Azərbaycan əsgərinin qarşısında heç bir qüvvə tab gətirə bilməz."
Vətən qoruyucuları ilə söhbətimizi xoş təəssüratlarla yekunlaşdırırıq. Cəsur döyüşçülərimizlə fərəhlənir, qürur hissi keçirirəm ki, bu gün torpaqlarımızın keşiyində ürəyi Vətən eşqi ilə döyünən oğullarımız dayanıb.

Elçin İMANOV, "Azərbaycan Ordusu"