Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Mart 2021 13:29

“Tarixi zəfərdə pay sahibi olduğum üçün qürurluyam”

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan Ordusu müstəqil dövlətimizin tarixinə parlaq, qürurverici, şanlı səhifə yazdı. 30 illik həsrətdən sonra doğma torpaqlara qovuşmaq naminə düşmən üzərində daim qürurla xatırlayacağımız qələbə qazandıq. Müzəffər Ali Baş Komandan və güclü ordumuz xalqımızı arzu və istəklərinə qovuşdurdu. Bu haqq savaşında ordumuzun zabit, gizir, əsgərləri yüksək döyüş hazırlığı və cəsarət nümayiş etdirdilər. Şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən uğurla gəldi. Düşmənin keçilməz zənn etdiyi müdafiə sədlərini Azərbaycan əsgəri yararaq torpaqlarımızı azad etdi. Bu müqəddəs yolda qəhrəmanlıqla döyüşən hərbi qulluqçularımızdan biri ilə - baş leytenant Rauf Mustafayevlə "N" hərbi hissəsində tanış olduq. O da digər silahdaşları kimi şərəfli döyüş yolu keçib.
Baş leytenant Rauf Mustafayev 1993-cü il yanvarın 8-də İmişli rayon Göbəktala kəndində anadan olub. İlk təhsilini Göbəktala kənd orta məktəbində alan zabit öz arzusu və istəyi ilə  Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olur. Sonra hərbi təhsilini  Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirir. AAHM-i "motoatıcı" ixtisası üzrə bitirərək uşaqlıqdan arzusunda olduğu peşəyə yiyələnir. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təkmilləşdirmə kursunu uğurla başa vurduqdan sonra "N" hərbi hissəsində taqım komandiri vəzifəsinə təyin olunur. Şərəfli peşə yolunda məsuliyyətlə, əzmkarlıqla xidmət edən Rauf Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan Aprel döyüşlərinin də iştirakçısı olub. "Biz ordumuzun gücünü və qüdrətini hələ Aprel döyüşlərində göstərdik. Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərində  illərlə yaradılan "məğlubedilməz erməni ordusu" mifini darmadağın etdik. Aprel zəfərimiz Böyük Qələbəmizin başlanğıcı olmuşdu. Mən çox qürurlanıram və sevinirəm ki, Vətən müharibəsinin də iştirakçısı oldum."
44 günlük Vətən müharibəsindən qürurla danışan baş leytenant R.Mustafayev, işğalda olan torpaqlarımızın azad olunması ilə başa çatan uğurlu əks-hücum əməliyyatında da fəal iştirak edib. Zabit Füzuli, Cəbrayıl, Xocavənd rayonları və Şuşa şəhəri istiqamətində gedən ağır döyüşlərdə öz mərdliyi və igidliyi ilə seçilib. Hətta onun şücaətindən, vətənpərvərliyindən, qorxmazlığından döyüş yoldaşları da ağızdolusu danışır. Şanlı qələbəmizin iştirakçılarından olan gizir Elnur Həsənov qeyd edir ki, döyüşdə yaralandığı vaxt ona ilkin tibbi yardımı məhz Rauf göstərib. Cəsarət nümayiş etdirərək, yaralanan silahdaşının atəş nöqtəsi altından təhlükəsiz əraziyə təxliyə olunmasına köməklik göstərib. Yoldaşının həyatını xilas edən zabit, sonra yenidən qəhrəmancasına döyüşməyə davam edib. Həm komandir kimi şəxsi heyətin idarə olunmasında, həm də döyüş tapşırıqlarının icrasında igidlik və bacarıq nümayiş etdirib. Noyabrın 4-də ağır yaralanaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə olunub.
Vətən müharibəsi başa çatdıqdan sonra baş leytenant Rauf Mustafayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə "Qarabağ" ordeni ilə təltif edilib.
Döyüşü sona qədər davam etdirə bilmədiyindən çox təəssüfləndiyini bildirən zabit Azərbaycan Ordusunun tarixi qələbəsindən və bu müqəddəs savaşın iştirakçısı olmaqdan qürur duyduğunu bildirir. "Şuşa şəhəri ətrafında gedən döyüş zamanı ağır yaralandım və döyüş meydanını tərk etməli oldum. Müzəffər Ali Baş Komandanımızın Şuşa şəhərinin azad olunması və qələbə xəbərini alanda çox sevindim. Bu sevincim yaralarıma da məlhəm oldu. Həm sevinirdim, həm də bu tarixi zəfərdə pay sahibi olduğum üçün qürurlanırdım. Xalqımıza qələbə sevinci yaşadanların sırasında olmaqdan fərəhlənirdim. Həmin hissləri sözlərlə ifadə etmək mümkünsüzdür. Bizim tək amalımız var idi - əzəli torpaqlarımızı düşməndən azad etmək. Bu missiyanı möhtəşəm qələbə ilə başa vuran bütün silahdaşlarımızı təbrik edir, şərəfli və müqəddəs yolda şəhid olan qardaşlarımızın ruhunu ehtiramla yad edirəm".
 
Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"