Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Mart 2021 13:29

Qadın cəmiyyətin əsas dayaqlarından biridir

Azərbaycan qadını hər zaman  layiq olduğu şərəfli, müqəddəs ana adını  uca tutmaqla müdrikliyi, ictimai-siyasi, mədəni həyatda fəallığı, işgüzarlığı, fədakarlığı və mübarizliyi ilə tarixi keçmişimizə ən parlaq səhifələr yazıb. Şərqdə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçmək və seçilmək hüququnun verilməsi də ən böyük tarixi hadisədir. Azərbaycan qadını görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadim adını qazanaraq, dövlətçilik tariximizdə mühüm rol oynayıb. Respublikamız dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra da qadınların cəmiyyətdə rolu daha da yüksəldi və fəaliyyətləri genişləndi.
Ümummilli lider Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idman və digər sahələrdə geniş təmsil olunmasına müstəsna əhəmiyyət verirdi. Elə bu siyasətin nəticəsi olaraq bu gün qadınlarımız təkcə respublikada deyil, ölkəmizin hüdudlarından kənarda da apardıqları dövlət əhəmiyyətli çoxşaxəli fəaliyyət proqramlarının yüksək səviyyədə həyata keçirilməsinə görə tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edirlər.  Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevaya YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri adı verilməsi buna bariz nümunədir. Azərbaycan qadınının milli-mənəvi dəyərlər sistemimizin təşəkkülündə və yaradılmasında müstəsna rolu vardır. Qadın adını hər bir azərbaycanlı uca tutaraq Ana məfhumunu Vətənin təcəssümü sayıb. Bu gün cəmiyyətimizin elə bir sahəsi yoxdur ki, orada qadın əməyi görünməsin. Bu gün milli-mənəvi dəyərləri zəngin olan Azərbaycan xanımları  Vətən qarşısında vəzifə borclarını ləyaqətlə yerinə yetirirlər.  
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qəzetimizin əməkdaşları Vətən qarşısında vəzifə borcunu  şərəf və ləyaqətlə yerinə yetirən bir qrup xanım hərbi qulluqçu və mülki işçi ilə görüşüb, onların bayram təəssüratlarını qələmə alıblar. "Azərbaycan Ordusu" qəzetinin kollektivi adından 8 Mart - Beynəlxaq Qadınlar Günü münasibətilə Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edən qadın hərbi qulluçuları və mülki əməkdaşları ürəkdən təbrik edir, onlara cansağlığı, xoşbəxtlik, firavanlıq və ailə səadəti arzulayırıq.

Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova:
- Qadın anadır, həm də müəllim, həkim, mühəndis, jurnalist, alim, polis, idmançı, hətta hərbçidir. Hərbçi qadınlarımız Hərbi and içərək  ordu sıralarına daxil olurlar. Onlar çətin, eyni zamanda, şərəfli peşəyə ömürlərini həsr edirlər. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan əks-hücum əməliyyatı  zamanı arxa cəbhədə xidmət edən və çalışan Azərbaycan Ordusunun xanım hərbi qulluqçuları və mülki əməkdaşları da vəzifə borclarını ləyaqətlə yerinə yetirdilər. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ana və bacılarının, həyat yoldaşlarının, övladlarının yanında olduq. Onlara bu günlər mənəvi dəstəyimizi əsirgəmədik. Müharibə zamanı itkin düşən və döyüşlərdə iştirak edən hərbi qulluqçularımızın ailələri ilə görüşür, onların problemləri ilə yaxından maraqlanırdıq. Hər gün cəbhədən aldığımız qələbə xəbərləri bizi ruhlandırırdı. Ön mövqelərdə Qazax, Tovuz, Gəncə, Bərdə, Tərtər və digər şəhər və rayonlarda müharibədə itkin düşən hərbi qulluqçuların ailələrinə mənəvi-psixoloji dəstək olurduq. Şəhid ailələrinin yas mərasimlərinin təşkilatçılığında şöbəmizin əməyini vurğulamalıyam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən müharibəsi zamanı hərbi qulluqçularımızın ailə üzvlərindən  bizə daxil olan telefon zəngləri, bütün müraciətlər ciddiliklə nəzarətimizdə saxlanılırdı. Bütün bunları söyləməklə qeyd etmək istəyirəm ki, şöbəmizin fəaliyyətinin birbaşa qadınlarla  əlaqədar olduğu halda biz də 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun yanında olaraq vəzifə borcumuzu şərəf və ləyaqətlə yerinə yetirdik. Azərbaycan qadını cəmiyyətdə vətənpərvər övlad yetişdirməklə böyük rola malikdir. Vətən müharibəsində qazandığımız Qələbə bunu bir daha təsdiq etdi. Həyatın orduya bağlayan bütün xanımları bayram münasibətilə təbrik edir, hər birinə cansağlığı və işlərində uğurlar arzulayıram.

Baş leytenant Günay Həmidova:
- Hərbçi ailəsində doğulub böyümüşəm. Hərbiyə, orduya olan həvəsim də ailəmdən gəlir. Atam Birinci Qarabağ müharibəsinin veteranıdır, eyni zamanda,  müstəqil Azərbaycanın ordu quruculuğunda xidmətləri olan peşəkar zabitlərdən biridir. Daima ön xətdə, döyüş bölgələrində xidmət edib. O harada xidmət edibsə, biz də onunla birlikdə o döyüş bölgələrində yaşamışıq. Respublikamızın müdafiəsini təmin edən hərbi qulluqçuların fiziki və mənəvi çətinliklərini görmüşəm. Onların Vətənin keşiyində dayanaraq, canlarından keçməyə hazır olduqlarının şahidi olmuşam. Bütün bunlar dünyagörüşümün formalaşmasında böyük rol oynayıb. Mən də atam kimi ömrümü hərb peşəsinə bağladım. Torpaqlarımızın azad edilməsində  az da olsa mənim də xidmətimin olmasını istədim. Erməni hərbi birləşmələrinin təxribatlarına qarşı başlayan ordumuzun uğurlu əks-hücum əməliyyatı Vətən müharibəsi ilə başa çatdı. 44 günlük Vətən müharibəsində hərbçilərimiz düşmən üzərində qələbə qazandılar, işğal altında olan tarixi torpaqlarımızı azad etdilər. Ordumuzun gücünü, qüdrətli olmasını bütün dünyaya göstərdilər. Ordumuzun milli-mənəvi dəyərlərə bağlı, peşəkar hərbi qulluqçuları var. Biz onlarla fəxr edirik.  Qalib ordunun xanım zabiti kimi bütün qadınlarımızı ürəkdən təbrik edir, onlara xoşbəxtlik arzulayıram.

Baş leytenant Reyhan Manıyeva:
- 2014-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi liseydə mülki işçi kimi fəaliyyətə başladım. Az sonra zabit kimi ordu sıralarına daxil oldum. Ulu öndər Heydər Əliyevin monumental əsəri olan Hərbi lisey ordumuzun zabit korpusunun yaradılmasında mühüm rol oynayır. Ona görə də apardığım xidmət nə qədər şərəfli, çətin olsa da, bir o qədər də məsuliyyətlidir. 16-17 yaşlı yeniyetmə gənclərin mülki məktəbdən ayrılıb hərbi təhsilə qədəm qoyması çox məsuliyyətli bir dövrü əhatə edir. Ona görə də onlar liseyə daxil olan kimi nəzarətə alınır və  uyğunlaşmalarına xüsusi diqqət yetirilir. Ordumuzun gələcək zabitlərinin intellektli, dünyagörüşü zəngin, iradəli, emosional cəhətdən dayanıqlı şəxsiyyət kimi formalaşması daima diqqət mərkəzində saxlanılır. Onların mənəvi-psixoloji rifahı üçün apardığım hər bir söhbətə və hər bir mövzuya öncədən ciddi hazırlaşıram. Hazırda müharibədən dönən hərbi qulluqçularımızla psixoloji işə diqqətimizi daha da artırmışıq. Liseyin şəhidi Asiman Əliyevin ailə üzvlərinə psixoloji dəstək göstəririk. Onu da qeyd etmək istəyirəm ki, liseyimiz ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, tam təmir olunaraq yenidən istifadəyə verilib. Mən  xanım hərbi qulluqçu olaraq Ulu Öndərin yaratdığı Hərbi liseydə xidmət etməyimlə qürur duyuram. Azərbaycan qadını tarix boyu ləyaqəti, qorxmazlığı, cəsarəti ilə fərqlənib. Mən də xanımlarımızı bayram münasibətilə təbrik edir, onlara ailə səadəti, xoşbəxtlik arzulayıram.

Leytenant Xəyalə Əhmədova:
- Atam Birinci Qarabağ savaşında şəhid olub. 1992-ci ildə könüllü olaraq döyüşlərə gedib. Ağdam, Tərtər, Goranboy istiqamətlərində döyüşüb. 1994-cü il martın 18-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Mən də belə bir ailədə böyümüşəm. Atam şəhid olanda 6 yaşım var idi. 1-ci sinfə gedirdim. Məktəbin bütün vətənpərvərlik tədbirlərinin təşkilatçısı idim. Hərbi peşəni öz arzumla seçdim. Hələ orta məktəb illərindən məqsədim hərbçi olmaq idi. Hərbçi olmaq mənim üçün nə qədər çətin olsa da, o qədər şərəflidir. Vətən müharibəsində ordumuzun qazandığı qələbə Birinci Qarabağ savaşının şəhidlərinin ruhunu şad etdi. Çünki onlar Qarabağın azadlığı uğunda döyüşüb şəhid olmuşdular. Fürsətdən istifadə edərək deməliyəm ki, ümummilli lider Heydər Əliyev hər zaman şəhid ailələri ilə görüşür, onların problemləri ilə maraqlanırdı. Bu gün də Azərbaycan Prezidenti İlham Əliyev biz şəhid ailələrinə diqqət və qayğısını əsirgəmir. Onların sosial rifah hallarının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.
Qalib ordunun zabiti olmağımla qürur duyuram. Hər bir Azərbaycan qadınını səmimi qəlbdən təbrik edir, onlara cansağlığı, işlərində müvəffəqiyyətlər arzulayıram.

Çavuş Aydan Səfərəliyeva:
- 2017-ci ildən Azərbaycan Ordusunun sıralarında hərbi xidmət keçirəm. Bu peşəni öz arzumla seçmişəm. Atam uzun illərdir ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində müəllim işləyir. Onun kursantlarla sözü, söhbəti hər zaman Vətən torpaqlarının azadlığı, ərazi bütövlüyümüzün bərpası olub.  Onu da deyim ki, taleyimin hərbə bağlanmasında atamın rolu böyükdür. Hərb sənəti çətin olduğu qədər müqəddəsdir. Hərb sənəti dedikdə  müharibə, döyüş başa düşülür. Ona görə də xanımların hərbi xidmətə gəlməsi bəzən qəbuledilməz olur. Lakin Azərbaycan xanımları o qədər güclü, fədakar,  mübariz və məsuliyyətlidirlər ki, bütün sahələrdə, o cümlədən hərbi xidmətdə  fəallıq nümayiş etdirməyi bacarırlar. Təcrübə qazanaraq biliklərini artırırlar. Xidmətə başladığım gündən ən əvvəl məsuliyyətimi  daha da artırdım. Çünki məsuliyyət hissi peşəkarlığın artırılmasına güclü təkan verir. Mən bütün bu cəhətlərin öz xidmətimdə oynadığı rolu gördüm. Bayram təəssüratlarımda ordumuzun qazandığı Qələbədən də danışmaq istəyirəm. 2020-ci il Qələbə ili kimi tarixə düşdü. Biz bu şanlı  tarixin canlı şahidləriyik.  Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərən vətənpərvər əsgər və zabitlərimizlə qürür duyduq. Hər gün cəbhədən qələbə xəbərləri alırdıq. Ordumuz durmadan irəliləyirdi. Bu hər birimizdə böyük ruh yüksəkliyi yaratdı. Qalib orduda xidmət etmək fəxrdir.
Mən də bütün ana və bacılarımızı bayram günü münasibətilə təbrik edir, onlara cansağlığı, firavanlıq arzulayıram.

Çavuş Zəhra Hüseynova:
- Azərbaycan qadını tarix boyu nəcibliyi, xeyirxahlığı, fədakarlığı, mərdliyi, işgüzarlığı ilə seçilib. Bu keyfiyyətlər Azərbaycan qadınına xas xüsusiyyətlərdir. Cəmiyyətimizin o sahəsi yoxdur ki, orada xanımlar çalışmasın. Analarımız ilk növbədə ailə ocağının qoruyucularıdır. Azərbaycan qadınına milli mənliyimizdə, ənənələrimizdə kök salmış ənənələr məxsusdur. Analarımız milli-mənəvi dəyərlərimizi əsrlərdir ki, yaşadırlar. Biz onların bizə miras qoyduğu ənənələrlə böyüyüb, tərbiyə almışıq. İstər ailədə, istərsə də cəmiyyətdə qadınların rolu böyükdür. Azərbaycan qadınının gözəlliyi, sədaqəti, mərdliyi, ana kimi məhəbbətinin ülviliyi ədəbiyyat nümunələrimizdə, görkəmli şairlərin əsərlərində tərənnüm olunub. "Dədə Qorqud" filmində səslənən "Ana ürəyi, dağ çiçəyi" kəlmələri hər zaman bizi düşündürüb. Ana müqəddəsliyini, qadın əzəmətini Cəfər Cabbarlının, Hüseyn Cavidin yazdığı əsərlərdən bir daha hiss etmişik. Xalqımız hər zaman qadının cəmiyyətdəki, ailədəki roluna böyük hörmətlə yanaşır. Hər bir ailədə cəmiyyətin sağlam gələcəyi üçün yeni nəsil yetişir. Atam polis orqanlarında çalışıb. Birinci Qarabağ müharibəsində iştirak edib. Qarabağ müharibəsi veteranıdır. Mən bir Azərbaycan xanımı olaraq hər zaman milli-mənəvi dəyərlərimizə böyük önəm vermişəm. Tərbiyə aldığım ailədə bu dəyərlər çox möhkəm qorunub. Ənənələr nəsildən-nəslə ötürülüb. Fikrimi ulu öndər Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi bir kəlamla bitirmək istəyirəm. Ulu Öndər qadınları şahlıq kimi qiymətləndirdiyi halda müqəddəs ananı həmişə şahlığın tacı kimi nəzərdə tuturdu. "Ana ilahi qüvvə, ulu varlıqdır, alilik, adilik, aqillik zirvəsidir. Yaradan, yaşadan, ərsəyə gətirən, kamala yetirəndi, saf duyğular, zərif hisslər, incə mətləblər timsalıdır".
Mən də ömrünü hərb peşəsinə bağlayan bütün qadın hərbi qulluqçularımızı, mülki işlərdə çalışan xanımlarımızı bayram münasibətilə təbrik edir, onlara cansağlığı və xoşbəxtlik arzulayıram.

Baş çavuş Kəmalə Abdullayeva:
- Qadın ən əvvəl anadır. O, cəmiyyət üçün əsl vətəndaş tərbiyə edir, böyüdür. Vətənin müdafiəsində dayanmağa hazır olan övlad yetişdirir. Vətən, torpaq, uğrunda canından keçən  şəhid oğulu, qızı bir ana dünyaya gətirib. Övladı şəhid olan ana deyir ki, şəhid anası adı qazanmaq şərəflidir. "Təki Vətən yaşasın!" görün, nə böyük məna, nə böyük fəlsəfə var bu hikmətdə. Vətənpərvər övladlarımızı böyüdən də, onları həyata hazırlayan da anadır. Azərbaycan qadını güclü, məğrur olduğu qədər də zərifdir, incə ruhludur. Analar bəşəriyyətin ilk tərbiyəçiləridir. Bu gün Azərbaycan qadını öz biliyi, istedadı, milli-mənəvi keyfiyyətləri ilə dünya qadınları sırasında yüksək yer tutur. Qadına ən böyük qiyməti ümummilli liderimiz Heydər Əliyev verib. Ulu Öndər deyirdi: "Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət rəmzidir". Cəmiyyətin bütün incəliklərini zərgər dəqiqliyi ilə təsdiq etmiş Ulu Öndərimiz qadının rolunu, fəaliyyətini həmişə belə yüksək dəyərləndirib. Mən hərbçi ailəsiyəm. Hərbçi anasıyam. Hər zaman bir ana, həyat yoldaşı kimi öz üzərimdə böyük məsuliyyət hiss etmişəm. Oğlum "N" hərbi hissəsində xidmət edir. Baş leytenantdır. Vətən müharibəsinin odlu-alovlu günlərində vəzifə borcunu şərəflə, ləyaqətlə yerinə yetirdi. Mən bir ana kimi oğlumla qürur duyuram. Vətənimə, xalqıma, dövlətimə, orduma xidmətimlə fəxr edirəm. Bu gün mən fəxr edirəm ki, qalib ordunun xanım hərbi qulluqçusuyam. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusu xalqımıza qələbə sevincini yaşatdı. Mən də ordu xanımlarını, analarımızı bayram münasibətilə səmimi qəlbdən təbrik edir, onlara cansağlığı, ailə səadəti, işlərində uğurlar arzulayıram.

Çavuş Aysel Qəhrəmanova:
- Vətənpərvərlik hissi insanı uca zirvələrə yüksəldir, ona mərdlik, cəsurluq, fədakarlıq, Vətənə, xalqa, dövlətə və orduya sevgi aşılayır. Mənim də hərb peşəsinə bağlanmağım qeyd etdiyim o müqəddəs duyğularla bağlıdır. Xanım hərbi qulluqçu olmaq, ordu sıralarında Vətənə övladlıq borcunu şərəflə, ləyaqətlə yerinə yetirmək çox qürurvericidir. Mən həmişə deyirəm, dünyaya yenidən gəlsəydim, yenə də hərb sənətini seçərdim. Bu gün mən Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdən qalib çıxan rəşadətli ordumuzun xanım hərbi qulluqçusu olmağımla fəxr edirəm. Ali Baş Komandanın diqqət və qayğısı sayəsində ordumuz gündən-günə, ildən-ilə gücləndi, dünyanın ən güclü orduları sırasına daxil oldu. Döyüşlərdə hünər göstərən hərbçilərimizlə qürur duyuram. Vətən, torpaq uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Məkanları cənnət olsun. Qazilərimizə şəfa arzulayıram. Bütün şəhid analarının qarşısında baş əyirəm. Onlar bir Azərbaycan qadını olaraq çox güclü, əyilməz  və məğrurdurlar.
Ailədə kiçik yaşlarımdan eşitdiyim vətənpərvərlik mövzusundakı söhbətlər bu ruhda böyüyüb tərbiyə olunmağımda böyük rol oynadı. Hərbi forma geyinmək ən böyük arzum idi. Son illər orduda xanım hərbi qulluqçuların xidmətə çağırılmasına şəraitin yaradılması məni orduda xidmət etməyə daha da ruhlandırdı. Hərb peşəsini seçdim və arzuma çatdım. Hərbi formanı əynimə geyindiyim gün sevincim yerə-göyə sığmırdı. O anlarda keçirdiyim duyğuları sözlə ifadə etmək çətindir. İşimə çox məsuliyyətlə yanaşıram, verilən tapşırıqların öhdəsindən bacarıqla gəlməyə çalışıram.
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan xanımlarını səmimi qəlbdən təbrik edir, onlara cansağlığı, xoşbəxtlik arzulayıram.

Çavuş Nigar Mirzəyeva:
- Təqdirəlayiq hadisədir ki, qadınlarımızın hərb peşəsinə marağı olduqca yüksəkdir. Cəmiyyətimizin bütün sahələrində olduğu kimi, hərb sahəsində də kifayət qədər xanım çalışır və vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacarır. Mən də öz növbəmdə xoşbəxtəm ki, Azərbaycan Ordusunun hərbi qulluqçusuyam. Müdafiə Nazirliyinin mətbu orqanı olan "Azərbaycan Ordusu" qəzetində xidmət edirəm. "Azərbaycan Ordusu" qəzeti redaksiyası artıq uzun illərdir mənim üçün doğmalaşıb. 25 il anam Südabə Dadaşova qəzetimizin ərsəyə gəlməsində payı olan mülki işçilərdən biri olub. Bu gün isə anamın peşə yolunun davamçısı olaraq mən hərbi mundirdə “Azərbaycan Ordusu” qəzetinin operator-yığıcısı vəzifəsində xidmət edirəm. İlk dəfə anamla redaksiyaya gələndə 18 yaşım var idi. Hərbi formayla ilk tanışlığım da həmin dövrə təsadüf edir. Təhsilimi başa vurub sənədlərimi aidiyyəti üzrə təqdim etdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kursuna qəbul oldum. Bu gün artıq 6 ildir ki, hərbi xidmətdəyəm. Qürur duyuram ki, 44 günlük Vətən müharibəsi dövründə oxucularımıza, xalqımıza qazanılan Böyük Qələbənin müjdəsini verənlərin sırasında mən də varam. Azərbaycan Ordusu sıralarında xidmət edən hərbi qulluqçu olaraq qürur duyuram. Aldığımız şəhid xəbərləri bizi kədərləndirsə də, düşməndən geri qaytarılan tarixi ərazilər və düşməndən alınan qisas xəbərləri bizə təskinlik verirdi. Bugünkü tarixə qədər torpaqlarımızın bütövlüyü, müstəqilliyimiz uğrunda şəhidlik zirvəsinə yüksələn şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə şəfa və güc, xidmətdə olan həmkarlarıma isə uğurlar arzu edirəm.  

Çavuş Nigar Əsgərova:
- 3 ildir ordu sıralarında xidmət edirəm. 2 övladım var. Sabahın əsgər anasıyam. Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatında operator vəzifəsində xidmət edirəm. Ordu sıralarında xidmət edən qadın hərbi qulluqçu adını daşımağın məsuliyyətini dərindən dərk edirəm və hər zaman Vətənə layiqli xidmətimlə seçilməyə çalışıram. Uşaq yaşlarım müharibə dövrünə təsadüf etdiyindən, vətənpərvərlik anlayışını daha tez dərk etməyə başlamışam. Ata-baba yurdundan didərgin düşən soydaşlarımızı gördükdə, onlara olmazın əziyyətlər verilməsini əks etdirən görüntülərə baxdıqda düşmən məfkurəsini dərindən anladım. O dövrdə nizami ordumuzun olmamasından istifadə edən məkrli düşmənin xain planı baş tutdu, plan torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələndi. Lakin bir neçə ay əvvəl haqq-ədalət bərpa edildi. Haqq savaşı dövründə hər kəsin ürəyi Azərbaycan əsgəri ilə bir döyünürdü. Azərbaycan əsgəri tarixi salnamə yazdı, düşmənə layiq olduğu cavabı artıqlamasıyla verdi. Döyüşlər zamanı biz də öz vəzifəmizə uyğun olaraq fəaliyyətimizi təşkil etdik. Özümüz cəbhədən xeyli uzaqda olsaq da, qəlbimiz cəbhədə düşmənə qarşı vuruşan əsgərlərimizin yanında idi.  Hər bir azərbaycanlı rəşadətli Azərbaycan Ordusu tərəfindən azad olunan kəndlərin, rayonların, şəhərlərin müzəffər Ali Baş Komandan tərəfindən elan edilməsindən ruhlanırdı. Torpaqlarımızın hər qarışı tarixən şəhidlərimizin qanı ilə suvarılıb. Bu döyüşlərdə də şəhidlərimizin qanı torpaqlarımızı Vətənə çevirdi. Ordumuzla fəxr edir, qürur duyuruq. Bu gün hər kəs, Azərbaycan əsgərinə minnətdardır ki, nəhayət, tarixi yurdlarımızda işğala son qoyuldu. Sonda bütün Azərbaycan xanımlarının bayramını təbrik edirəm, onlara şəxsi və iş həyatında uğurlar arzu edirəm.

Çavuş Nərgiz Hüseynova:
- Azərbaycan qadını tarixən yüksək mənəvi-əxlaqi xüsusiyyətləri özündə birləşdirməyi bacarıb. Cəmiyyət üçün faydalı, sağlam, milli-mənəvi dəyərlərə sadiq və ən əsası vətənpərvər nəsil yetişdirən analar hər zaman xüsusi hörmət və sonsuz ehtiram sahibi olub. Mənə hərb sənətini sevdirən əmim olub. Əmim Nəhmətov Mehman Birinci Qarabağ müharibəsi zamanı Ağdərədə şəhadətə yüksəlib. Onun şəhid olması mənim bu gün seçdiyim peşəni şərtləndirən amillərdən biri oldu. Uşaqkən ailəmdə qazandığım vətənpərvərlik hissini bu gün övladlarıma aşılayıram. Ana olmaq məsuliyyətli olmaqdır, ana olmaq qürurlu olmaqdır. Oğul analarının ən qürurlandığı an övladını hərbi mundirdə görməkdir. Əsgər anası, hərbçi anası adını daşımaqdan gözəl nə ola bilər ki?! Bu gün firavan yaşamağımızın əsas səbəbkarı məhz Azərbaycan əsgəridir. Yurdumuzun təhlükəsizliyinin qarantıdır Azərbaycan əsgəri. 30 ilə yaxın həsrətində olduğumuz tarixi torpaqlarımızı işğaldan azad etdi Azərbaycan əsgəri. Öz canı bahasına tarix yazan oğullarımızın Analarının qarşısında baş əyirəm. Eşq olsun Vətənə cəsur, qorxmaz oğullar qazandıran Analara. 6 ildir ki, Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzində xidmət edirəm. Fəaliyyətim dövründə çəkiliş aparmaq məqsədi ilə ordumuzun müxtəlif qoşun növlərinə, bir zamanlar ön xətdə yerləşən hərbi hissələrə ezam olunmuşam. Azərbaycan əsgəri ilə hər görüşümüz bizim üçün yaddaqalan hadisələrdəndir. Əsgərlərimizin cəsarəti, qorxmazlığı onların gözündən oxunur. Hər birinin gözləri, baxışları eynidir. O baxışları öz oğlumda da görürəm, qürurlanıram bir ana kimi. 3 övladım var. Oğlumun gələcəkdə hərbçi olmasını arzulayıram. Əmim hər zaman deyərdi: “Hərbçi kişi və ya hərbçi qadın anlayışı yoxdu, Vətən övladı anlayışı var”. Qəlbi Vətən eşqi ilə döyünən bütün xanımlarımızın bayramını ürəkdən təbrik edirəm.

Fuad CƏFƏROV, Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"