Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Mart 2021 13:29

Daha güclü, daha qüdrətli olmaq üçün...

Soyuq bir qış günündə "N" hərbi hissəsində təlim keçib hazırlığını artıran tankçılarla görüşüb söhbət etdik. Vətən müharibəsindən zəfərlə çıxan hərbçiləri yüksək ovqatda gördük.
Mayor Ziya Novruzov söhbətə Vətən müharibəsində qazandıqları uğurlardan başlayaraq dedi ki, hərbi hissənin şəxsi heyəti torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük hünər və qəhrəmanlıq göstərdi. "Vətən müharibəsinin ilk günündən zabit və əsgərlərimiz əks-hücum əməliyyatlarına atıldılar. Tankçılarımız Talış, Suqovuşan və Ağdərə istiqamətində gedən döyüşlərdə erməni qəsbkarlarına sarsıdıcı zərbələr vurdular. Dəqiq atəşlə düşmənin zirehli texnikalarını, avtomobillərini partlatdılar, mövqelərini darmadağın etdilər. Düşmənə ən sarsıdıcı zərbəni Talış kəndi istiqamətindəki strateji əhəmiyyətli yüksəklikləri azad edərkən vurduq. İşğalçılar bu istiqamətdə çətin keçilən sədlər qurmuşdular. Gərgin keçən döyüşlər zamanı düşmənə ağır itkilər verərək bu sədləri yardıq. Əməliyyatlar zamanı işğalçıların bir neçə zirehli texnikasını da saz vəziyyətdə qənimət kimi ələ keçirtdik. Döyüşlərdə fərqləndiklərinə görə, bir qrup zabit, əsgərlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallara layiq görüldülər. Vətən müharibəsində qazandığımız uğurlar bizi arxayınlaşdırmır. Tankçılarımız təsdiq olunmuş döyüş hazırlığı planına uyğun olaraq təlim keçir, təcrübə və səriştələrini artırırlar. Çünki peşəkarlığı yüksək olan əsgər həmişə döyüşlərdə düşməni məhv edərək qalib gəlir, hünəri və qəhrəmanlığı ilə fərqlənir.
- Şəxsi heyətin həm döyüş, həm də mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir, - deyə zabit Samir Məmmədov söhbətə başladı. - Vətən müharibəsində tankçılarımız üzərinə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəldilər. Erməni qəsbkarları zabit və əsgərlərimizin qəhrəmanlığı, igidliyi qarşısında dayana bilməyib məğlub oldular, geri çəkildilər. İkinci Qarabağ müharibəsi ordumuzun güclü və qüdrətli olduğunu bir daha sübut etdi. Azərbaycan Ordusu xalqımıza qələbə sevinci yaşatdı.
Qısa söhbətdən sonra təlim meydançasına getdik. Ərazi bir anlıq bizə döyüş meydanını xatırlatdı. Zirehli texnikaların gurultusu, nəriltisi çöllərə səs salmışdı. Hər tərəf tüstü dumanına bürünmüşdü. Döyüşlərdə uğurlar qazanmış tankçılar yorulmaq bilmədən təlim keçir, təcrübələrini artırırdılar.
Təlim rəhbəri baş leytenant Nemət Ələkbərov dedi ki, gördüyünüz kimi hərbçilərimiz təlimlərdə fəal iştirak edir, qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirirlər. “Təlimdən-təlimə onların bacarıq və peşəkarlığı daha da artır. Tankçılarımız belə peşəkar olduqlarına görədir ki, Vətən müharibəsində ürəkaçan uğurlar qazandılar. Müharibənin ilk günlərindən döyüşlərə atılan tankçılar üzərlərinə düşən vəzifəni bacarıqla və itkisiz yerinə yetirdilər. Əks-hücum əməliyyatlarında işğalçıların onlarla zirehli texnikası, yük və minik avtomobilləri dəqiq atəş zərbələri ilə məhv edildi. Hərbçilərimizin igidliyi və qəhrəmanlığı sayəsində torpaqlarımız azad olundu. Tankçılarımız yenə də təlimdə döyüş təcrübələrini artırırlar. Onlar manevrlər edərək maneələri məharətlə keçir, qarşıya qoyulan tapşırıqları tələb olunan zaman çərçivəsində icra edirlər. İnanırıq ki, daim təlim-məşqlər keçib təcrübəsini artıran şəxsi heyəti gələcək xidmətində daha böyük uğurlar gözləyir”.
Tank komandiri gizir R.Rəhimov isə bildirdi ki, 44 gün davam edən Vətən müharibəsində tankımızla vuruşduq. “Fəxr edirəm ki, mən də Vətən müharibəsində iştirak etdim, bu yurdun, bu torpağın övladı kimi borcumu yerinə yetirdim. Döyüşlər zamanı komandanlığın verdiyi əmr və tapşırıqlara uyğun olaraq Talış kəndi və Suqovuşan qəsəbəsi istiqamətində irəlilədik. Düşmənin bir neçə zirehli texnikasını vurduq, mövqelərini darmadağın etdik. İlk günlər əks-həmlələrimiz qarşısında müqavimət göstərən işğalçılar, sonra xeyli canlı qüvvə və texnika itirərək zəiflədi. Müqaviməti qırılan düşmən geri çəkilməyə başladı. Döyüşlərdən sonra hərbi hissəmizə qalib hərbçilər kimi qayıtdıq. Torpaqlarımızı azad etdiyimizə görə üzümüz gülürdü. Qələbə münasibətilə hamı bir-birini təbrik edirdi. İndi yenə də müharibədən əvvəlki günlərdəki kimi, təlim keçib təcrübəmizi artırırıq. Qazandığımız uğurlar bizi arxayınlaşdıra bilməz. Təlimlərdə təcrübə və səriştəmizi artırdıqca uğurlarımız da çoxalır. Düşməni daha tez və asanlıqla məhv edirik. Əminliklə demək olar ki, Vətən müharibəsindəki uğurları, gərgin keçən təlimlərdə əldə etdiyimiz təcrübə nəticəsində qazandıq”.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Aqil Hüseynov da 2015-ci ildən doğma ordumuzda xidmət edir. Bu sahədə kifayət qədər təcrübə və səriştəsi olan A.Hüseynov da Vətən müharibəsinin iştirakçısı olub.
- Bu günlər heç vaxt yadımdan çıxmayacaq, - deyə Aqil Hüseynov söhbətə başladı. - Düşünürəm ki, 44 gün davam edən döyüşlər tariximizin ən şərəfli səhifəsidir. Ona görə ki, Azərbaycan Ordusunun zabit və əsgərləri uğurlu döyüşləri ilə düşməni məhv etdi, 28 illik işğala son qoydu. Böyük fərəh hissi ilə deyə bilərəm ki, biz tankçılar da müharibədə üzərimizə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəldik. Sərrast atəşlə erməni işğalçılarının zirehli texnikalarını, dayaq məntəqələrini, mövqelərini dağıtdıq. Onları geri oturtduq. Təcrübəmiz nə qədər çox olsa da, biz yenə də təlim keçib peşəkarlığımızı artırırıq. Çünki döyüşlərdə həmişə peşəkarlar, təcrübəsi zəngin olanlar qalib gəlirlər. Biz də bütün döyüşlərdə qalib olmaq üçün təlimlərdə fəal iştirak edirik. Müharibə zamanı üzərimə böyük vəzifələr düşürdü. Gərək bütün bacarığını səfərbər edib, hədəfi dəqiq vurasan. Əks-təqdirdə düşmən səni hədəfə ala bilər. Kiçik bir səhv faciəyə aparıb çıxarar. Buna görə də təlimlərə məsuliyyətlə yanaşır, daim peşəkarlığımızı artırırıq.
- Qürur duyuram ki, mən də Vətən müharibəsində iştirak etdim, - deyə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mirəli İbrahimov qeyd etdi. - 44 gün davam edən müharibə Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Bu günlər ərzində tank heyətimiz erməni qəsbkarlarının mövqelərinə dəqiq zərbələr endirdi. Düşmən bu zərbələr qarşısında dayana bilməyərək geri çəkilməyə məcbur oldu. Döyüşlərdən hərbi hissəyə qələbə ovqatı ilə qayıtdıq. Müharibədə ona görə qalib gəldik ki, bacarığımız, səriştəmiz, döyüş hazırlığımız yüksək səviyyədə idi. Bu, tarixin sınağından çıxmış həqiqətdir ki, həmişə güclülər qalib gəlirlər. Vətən müharibəsində biz bunu bir daha gördük. Güclü və hazırlıqlı olmaq üçün daim təlim keçməli, təcrübəni artırmalısan. Müharibədən sonra təcrübəli zabitlərin nəzarəti altında yenə də təlim-məşqlərə başlamışıq, təcrübəmizi, gücümüzü daha da artırırıq. Sürücü-mexanik kimi tankı bacarıqla idarə edir, maneələrdən məharətlə, qüsura yol vermədən keçirəm. Dörd ildən çoxdur ki, bu hərbi hissədə xidmət edirəm. Kifayət qədər təcrübəm var. Amma yenə də təlimlərə qatılaraq peşəkarlığımı artırıram. Təlimlərdə iştirak etməkdə məqsədimiz daha da güclü və peşəkar olmaqdır.
Söhbətdən sonra şəxsi heyətin təlim-məşğələlərini izlədik. Tanklar bir-birinin ardınca maneələr zolağını keçərək irəli şütüyür. Sürətlə hərəkət edən zirehli texnikaların nəriltisi, gurultusu çöllərə yayılır, yeri-göyü titrədirdi. Tankların "baca"sından çıxan tüstü ətrafı bürüyürdü. Təlim keçirilən ərazi bir anlıq döyüş meydanını xatırladır, ovqatımızda müharibə ab-havası yaranırdı. Gündən-günə güclənən, qüdrətlənən Azərbaycan əsgəri bütün döyüş meydanlarından mütləq zəfərlə çıxacaq.

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"