Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Mart 2021 14:00

Vida nəğməsi

Şəhid gizir Xudayar Yuzifzadənin xatirəsinə
Payızın orta ayıdı. Sərin-sərin əsən yel 28 iliydi belə əsmirdi. Əvvəllər əsirdi - coşurdu, kükrəyirdi. Dağların daş sinəsindən daş qoparırdı, ağaclardan kövrək budaqlar üzürdü, özünü bu dağların xanı-sultanı sanırdı. Qanadlarını gərib süzən qartal görüncə canını "üşütmə tuturdu", rəngi avazıyırdı, Qartal uzaqlaşan kimi "gözünə işıq gəlirdi"…
Dağların dağ dərdini dərdəcarlardan savayı kimsə duymurdu, duymaq istəmirdi…
Əyyam dəyişdi…
Dağların yamacı boyunca üzü yuxarı duman sürünür. Anlar ötüncə dağlar boz dumana bürünür. Yamacda həvəsinə dirsəklənib nəfəs dərən, nəfəs dərə-dərə boy göstərməyə həvəslənən boz duman yamacın göylüyündə yamacın sal daşını nazbalınc eləyən, kürək-kürəyə, nəfəs-nəfəsə "Duman, gəl get bu dağlardan…" deyən döyüşçülərin yan-yörəsinə yaxın düşməyə çəkinir.
Dağlar indiyəcən bunca qürurlanmamışdı. Mehmanları döyüşçüləriydi, torpaqlarımızın işğaldan azad edilməsinin cəfakeşləriydi - Vətən müharibəsinin iştirakçılarıydı. Bir neçə saat əvvəl düşməni bu həndəvərlərdən uzaqlaşdırmışdılar. Qaçan düşməni bir güllə mənziliycə təqib etmişdilər. Komandirin əmri ilə burada nəfəs dərirdilər. Bir azdan hücum davam edəcəkdi. Düşüncələrin bürüyən xəyallar nə dumanı duyurdu, nə də dağın dumanı "dümsüklədiyini"…
Bu ara hamısı əmr alıbmış kimi dumandan sıyrılan pilə səsə sarı döndü. Xudayarın səsiydi.
Bərdədə doğulmuşdu Xudayar. 22 yaşındaydı.
Gizir idi…
Vətən müharibəsində Kəlbəcər istiqamətində Murovdağda döyüşmüşdü, Cəbrayılda döyüşmüşdü, Füzulidə döyüşmüşdü. Özü də döyüşmüşdü, səsi də. Döyüşə-döyüşə ürəyinin səsini eşidirdi, səsinin nəfəsini eşidirdi, səsinin "Heyratı"sını eşidirdi, "Osmanı"sını eşidirdi, "Mənsuriyyə"sini eşidirdi, "Arazbarı"sını eşidirdi, … Ürəyində ürəyinin oxumaları gücünə güc olurdu, sevgisinin gərili qanadına dönürdü; min illərlə dünyanın heyrətinə dönən, bu gün də heyrəti olan, sabah da heyrəti olacaq bir müqəddəsliyi qələbəyə yetirməyin cəfakeşlərindəniydi. Döyüşçülər bu səsi dinləyə-dinləyə dincələrdilər, dincələ-dincələ dinləyərdilər. Döyüşdə hamısının düşüncələrində bu səsin harayı eşidilirdi: Qələbə! Bu səs Qələbənin tərcümanıydı. Vətən müharibəsi SÖZü də əsgərləşdirmişdi, SƏSi də; SÖZ də döyüşürdü, SƏS də. Əliağa Vahidin "Vətən yaxşıdı" şeiri kimi, gizir Xudayar Yusifzadənin səsi kimi…
Xudayar oxuyurdu. Nə oxusa, döyüşçülər "nəfəs dərmədən" dinləyərdi; belə səsdə ahənrübalıq olur - ürəyi də özünə çəkir, baxışları da. Belə səs düşüncələrin bürüncəyinə dönüb mətləbə çağırır; belə səsə niyyət səsi, belə oxumalara niyyət oxumaları deyirlər…
Xudayar Vətəndən oxuyurdu, Vətən üçün oxumurdu, Vətən torpağını döyüş-döyüş işğaldan azad edəcək döyüşçülər üçün oxuyurdu…
Xudayar oxuyurdu…
Xudayar dağlarda oxuyurdu…
Xudayar kürəyini dağa söykəyib oxuyurdu…
"Dumanlı dağların başında durub" belə oxuma Vətənə and içməkdi. Müqəddəs niyyətləri dinləmək də müqəddəsliyə xidmətdi. Vətənin "adı gəlcək könlü xəndan görünənlərin" - müqəddəs niyyət üçün döyüşənlərin niyyətinin səsidi bu səs…
30 ildi bu dağlar doğma səs, doğma nəfəs eşitməmişdi. Bu gözəl səsi eşidincə dağlar bir boy da dikəlmişdi. "Doğma səs varsa, doğmalar gəlib" düşüncəsiylə. Doğma səsi eşidincə silkələnib, boz dumanı çiyinlərindən atıb. Sevinclə, bir qədər də kövrəkliklə "Gəldinizmi?" deyib. Bu, sorğu deyil, intizarın gözlənilən gözlənilməz sevincidi. Adını bilmədiyi əzizinin belə ecazkar oxuması nisgilini dağıdıb. Bu səs dağların yaddaşından əbədiyyən silinməyəcək…
Bir azdan döyüşçüləri Xudayarın səsiylə "Vətən yaxşıdı"nı ruhuna üzərlik bilən dağların özü uğurlayacaq…
Payız günü boz dumanı çəkilmiş dağın yamyaşıl yamacında təbiətin Xudayarı da, digər döyüşçüləri də heyrətləndirməsi təbiətin möcüzəsi deyildi, işğaldan qurtuluşun möcüzəsiydi. Bu möcüzəni Xudayarın səsinin ecazkarlığı, doğmalığı, qənirsizliyi tamamlayırdı. Bu mahnının yaradıcısı xalq artisti Əlibaba Məmmədov bu ecazkarlığa, bu doğmalığa, bu qənirsizliyə görə bu təsnifə "Xudayar təsnifi" deyilməsini istəyir. Ustad istəyi, ağsaqqal istəyi belədi. Vətən də belə istəyir…
Bu oxumadan iki gün sonra…
Zəngilanın Ağbənd kəndi işğaldan azad edildi. Dan yeri söküləndə düşmən hücum etdi. 25-30 addımlıqdan döyüşdülər. Xudayar yaralandı. Yaralansa da, döyüşü davam etdirdi. Onu yaralayanı öldürmüşdü…
Xudayar şəhid oldu, onun "Vətən yaxşıdı" deyən gözəl oxuması yaşayacaq, yaşadılacaq…
Yeniyetməliyində oxuduqlarının çoxusu unudulub. Xudayarın bu oxumasını minlər dinləyib, dinləyir, dinləyəcək; Vətən müharibəsində oxunduğuna görə, işğaldan azad edilmiş ərazidə oxunduğuna görə, iki gün sonra şəhid olduğuna görə. Hamı bu oxumanı ürəyinə köçürüb. Zəngilanın Ağbənd kəndinin camaatı bu oxumanı həm də kəndi işğaldan azad edən döyüşçülərdən biri bilib dinləyəcəklər. Son nəfəsəcən…
…Dumanı çəkilmiş dağlar Bərdəyə sarı boylanır. Həsrətlə, intizarla; gizir şəhid Xudayar Yusifzadə Bərdədə dəfn edilib. Bu oxumanı ürəyinə köçürənlərin xəyalı şəhid Xudayar Yusifzadəni həmişə ziyarət edəcək. Könüllərində işğaldan azad edilmiş dağ yamacında oxunmuş "Xudayar təsnifi" ilə …
Gizir Xudayar Yusifzadənin bu oxuması vida nəğməsiymiş…
 
Döyüşçülər arasında

vida nəğməsi

min illərin o üzündən

gələn səsiymiş...

Bir qələbə ovqatıyla

dağ yamacında

Xudayarın oxuması

Qu nəğməsiymiş...

Rəşid HÜSEYNOV, əməkdar jurnalist