Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Mart 2021 14:00

Xoş anlarla anılacaq döyüşçü ömrü

Bəşər övladı dünyaya gələndə onun saf və pak olduğunu kimsə inkar edə bilməz. İnsan böyüdükcə həyatı dərk edir, ağı qaradan, yaxşını pisdən, haqqı nahaqdan ayıra bilir. O haqdan söhbət gedir ki, ötən əsrin doxsanıncı illərin əvvəllərində mənfur qonşularımız Vətənimizin ərazi bütövlüyünə göz dikmişdi. Xalqımızın mərd, igid oğulları düşmənin bu istəyinə qarşı birləşdilər. Onlar bu yolda haqlı və ədalətli olduqlarını yaxşı dərk edirdilər. Erməni vandalları öz çirkin, çirkin olduğu qədər də haqsız mövqeyindən çəkinmək istəmirdilər. Vəziyyəti o həddə gətirib çıxartdılar ki, iki xalq arasında qanlı-qadalı müharibə on illərcə davam etdi. Qarabağ müharibəsinin ilk illərində yüzlərlə məğrur Vətən oğlu doğma yurd yerlərimizin müdafiəsinə qalxdı. Onlar düşmənə qarşı haqq savaşına atıldılar. Belə oğullardan biri də mingəçevirli Əmirov Abdulla Vilayət oğludu.
Cəngavərliyi boy-buxununa biçilən Abdulla Əmirovun keçdiyi döyüş yoluna qısa nəzər salmaq heç də təsadüfi deyil. Düz 26 il bundan öncə Ağdərə istiqamətində qızğın döyüşlər gedirdi. Suqovuşan kəndi düşməndən azad ediləndən sonra hərbi hissənin şəxsi heyəti düşmən mövqelərinin dərinliyinə doğru irəliləyirdi. Qarşıdakı yüksəklikdə düşmən lazımınca qüvvə toplayıb igid döyüşçülərimizin qarşısını almağa çalışırdı. Bu döyüşdə Abdullanın göstərdiyi şücaət silahdaşları tərəfindən bu gün də qəhrəmanlıq nümunəsi kimi xatırlanır. Gərgin döyüşdə dostu və həmyerlisi Tofiq Rövşənov şəhid olur. Onun nəşini döyüş meydanından çıxardandan sonra Abdulla yenidən döyüşə atılır. Vətənpərvər, cəsur döyüşçünün fəaliyyətindən ruhlanan digər silahdaşlar da düşmən üzərinə mətinliklə irəlilədilər. Məğlubiyyətlə barışmaq istəməyən düşmən bütün qüvvəsini bu istiqamətdə cəmlədi. Həmin gün davam edən qızğın döyüşdə Abdulla Əmirov düşmən snayperinə tuş gəlir. Başından aldığı güllə yarası onun sağlamlığına ciddi təsir  göstərir.
Sakit, mərd, dostcanlı bir insan kimi yaddaşlarda qalan Abdulla həm keçmiş silahdaşları, həm dostları, həm də yaxın qohumları arasında böyük nüfuza malik idi. Abdulla haqqını heç vaxt nahaqqa verməz, haqsızlıq etməz və belələrinə qarşı barışmaz mövqe tutardı. O haqqın, ədalətin tərəfdarı olanların qəlbinə əbədi yol tapmışdı. Həyat səhifəsi ləkəsiz, ağ vərəq kimi təmiz idi. Məğrur döyüşçümüzün yaralanmasından 26 il keçəndən sonra aldığım acı xəbər məni də kövrəltdi. Abdulla Vilayət oğlu Əmirov uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişdi. İki ciyərparasını Vətənə əmanət qoydu.
Mərhum qazimizin dəfnində respublikamızın ayrı-ayrı bölgələrində yaşayan silahdaşları, təmsil olunduğu "Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyinin rəhbər heyəti iştirak edirdilər.
Allah rəhmət eləsin.  

Bəxtiyar ƏLİYEV, "Azərbaycan Ordusu"