Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Mart 2021 14:00

“Ən güclü silahımız Vətən sevgimiz idi”

27 sentyabr 2020-ci il tarixində Azərbaycan Ordusunun erməni hərbi birləşmələrinin təxribatına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatı tarixi zəfərimizlə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən müvəffəqiyyətlə gələrək xalqımıza Böyük Qələbə sevincini yaşatdı. Xalqımızın mübariz övladları Vətənimizin keşiyində mərdliklə, ayıq-sayıq dayandığı kimi, ərazi bütövlüyümüzü təmin etmək üçün Ali Baş Komandanın döyüş əmrini də rəşadətlə yerinə yetirdilər. Hər bir zabit, gizir və əsgərimiz döyüş meydanında igidlik, mərdlik, vətənpərvərlik nümunəsi göstərdi. Öz qəhrəmanlıqları ilə tarix yazdılar, tarixə yazıldılar. Vətən müharibəsində igidlik nümayiş etdirən oğullardan biri də baş leytenant Məhəmmədəli Tağılıdır.
Tağılı Məhəmmədəli Hafiz oğlu 1995-ci il aprelin 16-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Tumbul kəndində anadan olub. Həyatını hərbi ilə bağlayan Məhəmmədəli əvvəlcə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2012-ci ildə liseyi bitirərək Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2016-cı ildə leytenant hərbi rütbəsi alan zabit düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində xidmətə başlayır. 2017-ci ildə Türkiyə Respublikasında keçirilən "Dağ komando kursunda"  iştirak edir. 27 sentyabrda başlayan ordumuzun əks-hücum əməliyyatında mexanikləşdirilmiş bölüyün komandiri kimi Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə fəal iştirak edir. Qarşıya qoyulan döyüş tapışırıqlarını müvəffəqiyyətlə yerinə yetirən zabit Vətən sevgisindən güc aldığını bildirərək, döyüş yolundan danışdı. "Vətən anamızdır, müqəddəs qibləgahımızdır. Bizim ən güclü silahımız Vətən sevgimiz idi. Gücümüzü, iradəmizi, mübarizliyimizi bu sevgidən, vətənpərvərlikdən  alırdıq. Hər birimiz yaxşı bilirdik ki, Vətənimizin hər qarışı onun uğrunda sevə-sevə canını fəda etmiş şəhidlərimizin qanıyla sulanıb. Bu haqq savaşımızda döyüşə atılıb şəhidlərimizin qisasını aldıq, torpaqlarımızı azad etdik. Vətən uğrunda mərdliklə döyüşmək, canını qurban vermək  əsil qəhrəmanlıqdır, igidlikdir. Biz belə yüksək əhval-ruhiyyədə döyüşürdük. Çox sevincli və qürurluyuq ki, düşmənin müdafiəsini yarıb  işğalda olan torpaqlarımızı  azad etdik, xalqımıza qələbə sevinci yaşatdıq."
Ordumuzun qələbəsindən qürurla danışan zabitin döyüş yolunu da öyrənirik. Məhəmmədəli döyüşlər başlayan zaman Füzuli rayonunun işğalda olan kənd Horadizin azad olunması tapışırığını alır və bölməsinin şəxsi heyəti ilə düşmənin mövqelərini darmadağın edir. Uğurlu əməliyyatlar keçirən zabit bölməsi ilə Cəbrayıl rayonunun bir neçə kəndinin, Xocavənd rayonunun Hadrut qəsəbəsi ətrafindakı yüksəkliklərin və Tuğ kəndinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edir. Daha sonra zabitin rəhbərlik etdiyi bölmə Şuşa şəhəri istiqamətində irəliləyir. Baş leytenant Məhəmmədəli Tağılı Şuşa şəhəri yaxınlığında düşmənin aramsız atəşi zamanı yaralanan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elmir Mürvət oğlu Qədirovu təxliyə edərək onun sağ qalmasında böyük rol oynayır. Döyüş tapşırığının icrasına davam edən bölmə xüsusi təyinatlı qüvvələrlə birlikdə Şuşanın azad edilməsinə nail olur.
Şərəfli döyüş yolu keçən baş leytenant Məhəmmədəli Tağılı Vətən müharibəsindən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə torpaqlarımızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyinə və tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. İki övlad atası olan zabitimizlə bu gün bütün xalqımız qürur duyur.  Onun timsalında millli şüarımıza çevrilən "Qarabağ Azərbaycandır!" gerçəyini reallaşdıran bütün igidlərimizə minnətdarıq. Bu haqq yolunda şəhid olanların ruhunu hər zaman ehtiramla anır, qazilərimizə şəfa diləyirik.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"