Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Mart 2021 14:00

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV: Reallıqla Ermənistan və eyni zamanda, bütün başqa ölkələr barışmalıdırlar, hesablaşmalıdırlar

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Xatırladaq ki, 4 saatdan çox davam edən mətbuat konfransında dünyanın aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edirdilər. Dövlətimizin başçısı 35-dən çox media nümayəndəsinin 50-yə yaxın sualına ətraflı cavab verdi. Bu cavablarda Azərbaycan həqiqətləri ilə yanaşı, dünya ictimaiyyətinə olduqca mühüm mesajlar da çatdırıldı. Azərbaycanın birmənalı mövqeyi yenidən ortaya qoyuldu, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərildi.
Mətbuat konfransının xalqımız üçün olduqca önəmli bir gündə - Xocalı soyqırımının 29-cu ildönümündə keçirilməsi xüsusi önəm daşıyırdı. Prezident aparıcı xarici media orqanlarının diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi, Xocalı ilə bağlı gerçəklikləri bir daha bütün dünyaya bəyan etdi.  "Biz isə Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının qanını da aldıq", - deyə dövlətimizin başçısı vurğulayıb.
Türkiyənin Anadolu Agentliyinin müvafiq sualına cavab olaraq dövlətimizin başçısı vurğulayıb ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyət göstərməsi də bu istiqamətdə atılmış çox önəmli addımdır. "Mən əminəm ki, bu Monitorinq Mərkəzi vasitəsilə bölgədə sabitlik və atəşkəs rejiminin möhkəmləndirilməsi işinə böyük töhfə veriləcək. Azərbaycan Prezidenti olaraq bildirmək istəyirəm ki, Azərbaycan tərəfindən hər hansı bir aqressiv addım atılmayacaq. Biz bunu heç vaxt etməmişdik və bu gün buna ehtiyac yoxdur. Ona görə 10 noyabr Bəyanatı prinsip etibarilə icra edilir".
Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında köçkünlərin öz torpaqlarına nə vaxt qayıdacağı barədə suala da aydınlıq gətirib: "Bu barədə mən artıq demişəm. Minalardan təmizləmə prosesi başa çatandan sonra və artıq bununla paralel olaraq biz bu işləri başlayırıq. Bu yaxınlarda "ağıllı kənd" layihəsi artıq gerçəkləşməyə başlamışdır. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Mən təlimat vermişdim ki, bu ilin sonuna qədər layihə tam başa çatsın. Yəni, orada təqribən 1000-ə yaxın insan yerləşəcək. Bütün lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar. Belə pilot layihələr çox ola bilər. Biz indi onun üzərində işləyirik".
"Ukraina-24" telekanalının sualına cavabında dövlətimizin başçısı hərbi əsirlərlə bağlı məsələyə aydınlıq gətirərək deyib: "Hərbi əməliyyatlar başa çatandan sonra biz aşkar etdik ki, arxa cəbhənin dərinliyində erməni silahlı dəstələri var. Əvvəlcə aldığımız məlumata görə, bu adamlar azıb mühasirədən çıxa bilməyənlərdir. Azərbaycan hərbi qulluqçuları onların azdıqlarını zənn edərək bir müddət sülhməramlı missiya ilə birlikdə həmin adamlara kömək göstərməyə və onları geri qaytarmağa çalışdılar. Lakin məlum oldu ki, bu belə deyilmiş. Məlum oldu ki, bu, həm bizim hərbi qulluqçulara, həm də dinc vətəndaşlara hücumlar edən təxribat qrupudur. Bu təxribatlar və terror aktları nəticəsində bizim hərbi qulluqçulardan dörd nəfəri və bir nəfər mülki şəxs -mobil operator şirkətinin nümayəndəsi həlak olub. Şuşa şəhərinə gedən həmin şəxs pusquya düşüb və bir neçə nəfər yaralanıb".
Prezident qeyd edib ki, biz təbii olaraq əks-terror əməliyyatı apardıq, nəticədə bir neçə terrorçu zərərsizləşdirildi, 60-dan çox terrorçu tutuldu. "Bu gün onları hərbi əsirlər adlandırmağa çalışırlar. Düşünürəm ki, məsələnin mahiyyətini qəsdən təhrif edirlər. Müharibə bitəndən 20 gün sonra hərbi əsir ola bilməz. Bizdə olan hərbi əsirlərin hamısını qaytarmışıq. Özü də biz onları bizim əsirlərin qaytarılmasından əvvəl qaytarmışıq. Bu adamlar həmin kateqoriyaya uyğun gəlmir. Bunlar terrorçu və təxribatçılardır. Ermənistan tərəfindən və ya başqa ölkələr tərəfindən hər hansı spekulyasiya yersizdir", - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycanın yeni reallıqlar yaratdığını bildirən Prezident İlham Əliyev vurğulayıb ki, bu reallıqla Ermənistan və eyni zamanda, bütün başqa ölkələr barışmalıdırlar, hesablaşmalıdırlar. Ermənistanın qarşısında indi bir neçə seçim var və onların arasında Ermənistan üçün ən məqbul seçim 10 noyabr Bəyanatının müddəalarını icra etməkdir. Əks təqdirdə onlar üçün daha da böyük problemlər yarana bilər.
Bütövlükdə Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransı Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımından çox uğurlu oldu. Azərbaycan Prezidenti bir daha dünyanın diqqətini özünə cəlb etdi. Bu mətbuat konfransı informasiya cəbhəsində Azərbaycanın mövqeyini daha da gücləndirdi.

"Azərbaycan Ordusu"