Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Fevral 2021 11:06

Şəxsi heyətin asudə vaxtının səmərəli təşkili diqqət mərkəzindədir

Şəxsi heyətin döyüş hazırlığı ilə yanaşı, asudə vaxtının səmərəli təşkil olunması daima yuxarı rəhbərliyin diqqət mərkəzindədir. Bunun üçün Azərbaycan Ordusunun coğrafi mövqeyindən asılı olmayaraq bütün hərbi hissələrində hər cür şərait yaradılıb. Komandir heyəti çalışır ki, asudə vaxtlarında əsgərlər həm istirahət etsinlər, həm də hər hansı bir biliyə yiyələnsinlər. Bu məqsədlə bölmələrin dayaq məntəqələri, həmçinin mövqelərdə qərarlaşan bölmələrimiz dünyaca məşhur müəlliflərin əsərləri ilə təmin olunub. Hərbi qulluqçular mütəmadi tele-radio proqramlarını izləyir, ölkədə və regionda baş verən hadisələrdən xəbərdar olurlar. Həmçinin asudə vaxtlarında Vətənin müdafiəçiləri dama və şahmat oynayır, müxtəlif növ yarışlar keçirirlər.
Döyüş mövqeyinə gəlişimiz əsgərlərimizin asudə vaxtına təsadüf etdi. Əsgərlər Sənan Bayramov və Elşən Quliyev şahmat oynayırdılar. Oyundan qalib ayrılan Elşən Quliyev bildirdi ki, asudə vaxtlarımız çox maraqlı keçir. "Xidmətimizi uğurla keçirir, hərbi bilik və vərdişlərə dərindən yiyələnirik. Asudə vaxtlarımda əsgər yoldaşlarımla şahmat və dama oynayıram. Ancaq bizim üçün oyunda qalib olmaq o qədər də önəmli deyil. Hər birimiz üçün əsl qələbə döyüş meydanında qazanılan qələbədir. Doğma el-obamızı işğaldan azad etdik. Xalqımızın həsrətinə son qoyduq. Azərbaycan əsgəri şəhid olan qardaş və bacılarımızın qisasını aldı. Xalqımızı təbrik edirəm. İnşallah, Ali Baş Komandanımızın rəhbərliyi ilə həmişə böyük uğurlara imza atacağıq!"
- Hərbi xidmətdə keçən hər gün yaddaşımda silinməz izlər qoyub, - deyə əsgər Sənan Bayramov söhbətə başladı. - Ən yaddaqalan gün işğalda olan torpaqlarımızı düşməndən azad etdiyimiz gündür. Əks-hücum əməliyyatının başladığı an həm sevincli, həm də həyəcanlı idim. Çünki üzərimizə Vətənimizin ərazi bütövlüyünü bərpa etmək kimi çox ciddi məsuliyyət düşmüşdü. Vətən torpaqları övladlarını - Azərbaycan əsgərini səsləyirdi. Döyüş meydanında Azərbaycan əsgəri yalnız deyildi. Sanki illərdir əsarət altında olan Vətən torpağı, Ana təbiət də övladlarına kömək edirdi. Payız aylarının olmasına baxmayaraq, yağış yağmır, gündüzlər günəş parıldayır, gecələr isə ay döyüşçülərimizin yoluna işıq saçırdı. Döyüşlər başladığı andan hər birimiz əlimizdən gələni əsirgəmədik. Hamımız üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəldik. Döyüş meydanında düşməni məğlub etdik. Qazanılan qələbə Azərbaycan xalqının birliyinin, sarsılmazlığının nümunəsidir. Çox sevinirəm ki, Vətən müharibəsinin iştirakçısıyam.
Öyrəndik ki, əsgər Sənan Bayramovun atası birinci Qarabağ müharibəsi əlilidir. O, Füzuli rayonu istiqamətində gedən ağır döyüşlər zamanı yaralanıb. Atası Sənana tez-tez ermənilərin törətdikləri vəhşiliklərdən, şəhid olan qardaşlarımızın qəhrəmanlıqlarından söz açardı.
Torpaqlarımızın azadlığı uğrunda döyüşlərin başladığı zaman əsgərimiz silaha sarılaraq, sayıqlığını bir an belə itirməyib. Həmsöhbətim bildirdi ki, biz torpaqlarımızı düşməndən azad etməli, özümüzü və əsgər yoldaşlarımızı "kor güllədən" qorumalıydıq. "Şükürlər olsun ki, ərazi bütövlüyümüzü bərpa etdik. Bundan sonra da Ana Vətənimizə doğru uzanan əlləri kəsməli, onu göz bəbəyi kimi qorumalıyıq".
Şəxsi heyətin mehribanlığını, səmimiyyətini, Vətən sevgisini hiss etdim. Onların gözlərində düşmən üzərində qazanılan qələbənin qürurunu gördüm.

Ruslan HƏSƏNZADƏ,  "Azərbaycan Ordusu"