Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Fevral 2021 11:06

Oğullar verdi ki, can...

Vətəndaş olaraq ömrümüz boyu Vətənimizin bütövlüyü ilə bağlı üzərimizə böyük  vəzifələr düşür. Bu vəzifələrin ən müqəddəsi, ən vacibi isə qoynunda dünyaya göz açdığımız torpağı, Vətəni yadellilərdən qorumaqdır. Böyük şair Məmməd Araz gözəl deyib: "Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı!" Oğullarımız həmişə Vətən uğrunda, onun bütövlüyü, bölünməzliyi naminə ölümdən qorxmadan döyüşlərə atılıblar, cəsarət və hünərlə vuruşa-vuruşa yurdun keşiyində dayanıb, onu yağılardan qoruyublar.
Ötən il sentyabrın 27-də düşmən hücumu xəbərini eşidən kimi yurd təəssübü çəkən oğullar çiyin-çiyinə verərək erməni qəsbkarlarına qarşı döyüşdülər. 44 gün çəkən qanlı döyüşlərdə məğlubiyyətə məhkum olan erməni qəsbkarları  Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında dayana bilmədi. Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun möhtəşəm qələbəsi ilə başa çatdı. Silahlı Qüvvələrin zabit və əsgərləri Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərdilər. Bu qəhrəmanlıq düşmən üzərində qələbəni təmin edən başlıca amillərdən biri oldu.
Təəssüflər ki, Vətən müharibəsinin davam etdiyi günlərdə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə zabit və əsgərlərimiz düşmən gülləsinə tuş gəldilər. Cəsur oğullarımız ikinci Qarabağ müharibəsində canından da çox sevdiyi Vətən torpağı uğrunda şəhid oldular. Şair çox gözəl deyib: "Oğullar verdi ki, can, yaşasın Azərbaycan!"
Qırx dörd gün davam edən müharibədə torpaq uğrunda canından keçən zabitlərimizdən biri də baş leytenant Rzazadə Həsən Vüqar oğludur. Gənc zabit Cəbrayıldan Laçına qədər döyüş yolu keçdi. Onun oktyabrın 3-də başlayan döyüş yolu 29 oktyabrda Laçında bitdi. 26 yaşlı Həsən Rzazadə erməni qəsbkarlarına qarşı 26 gün döyüşdü. Ömrünün səhifələrinə böyük hərflərlə yazılmış 26 gün ərzində o, Vətənimizi erməni işğalçılarından azad etmək, düşməndən şəhidlərimizin intiqamını almaq naminə vuruşdu. Gənc zabit istəklərini yerinə yetirdi. Həm yurdunu erməni işğalçılarından azad etdi, həm də şəhidlərin qisasını aldı. Düşmən belə igid və cəsur zabitlərin qəhrəmanlığı qarşısında dayana bilməyib geri çəkildi.
Təəssüflər ki, düşmənin atdığı mərmi  baş leytenant Həsən Rzazadənin yaxınlığında partladı, qəlpələr onun həyatına son qoydu.
Baş leytenant Həsən Rzazadə döyüşlərdə göstərdiyi igidliyə və qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamları ilə "Qarabağ" ordeninə, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medallarına layiq görülüb.
İndi baş leytenant H.Rzazadə doğmalarının, əzizlərinin, dost-tanışlarının xatirələrində yaşayır. Bu günlərdə Həsəni yaxından tanıyan və sevən insanlarla görüşüb söhbət etdik.
Anası Ruhəngiz xanım övladı haqqında səsi titrəyə-titrəyə danışdı:
- Həsən övladlarımızın böyüyü idi. İlk övlad həmişə istəkli olur. Həsən şirindilli uşaq idi. Özünü sevdirməyi bacarırdı. Kiçik yaşlarından da mənə dəstək olurdu. Hərbçi olmaq yolunu da özü seçmişdi. Həsənin atası da, dayıları da hərbçi idi. Hələ uşaqlıqdan onun ürəyində bu sahəyə böyük maraq və məhəbbət oyanmışdı... Müharibəyə getdiyini bizdən gizlətmişdi. Zəng vuranda deyirdi ki, bizi ehtiyatda saxlayırlar, əməliyyatlara cəlb etməyiblər. Sonra bildik ki, Həsən döyüşlərdədir. Evə zəng vuranda deyirdi ki, narahat olmayın, erməniləri torpaqlarımızdan qovuruq. Yaxın vaxtlarda bütün ərazilərimizi düşməndən təmizləyəcəyik. Həsən çox vətənpərvər zabit idi, onun ürəyi Vətən eşqi ilə döyünürdü. Həmişə deyirdi ki, torpaqlarımızı ermənilərdən azad etsək, alnıaçıq, başıuca gəzərik, rahat nəfəs alarıq... Sonralar döyüşçü yoldaşlarından öyrəndik ki, ürəyinin başında bayraq gəzdirirmiş. Hansısa kəndi, yüksəkliyi azad edəndə həmin bayrağı sinəsindən çıxarıb, başının üstündə dalğalandırarmış. Yaralananda bayrağın üstünə qanı çilənib. Döyüş yoldaşları danışırdılar ki, Həsən yaralanıb yerə yıxılandan sonra külək həmin bayrağı onun sinəsindən çıxarıb yaxınlıqdakı kolun üstünə sərib. Bayraq Həsənin başı üstündə dalğalanıb. Bu qanlı bayrağı oğlumdan ən əziz bir xatirə kimi saxlayıram.
Atası Vüqar Rzayev kövrəldiyindən övladı haqqında qısa danışdı:
- Həsən hərbçi ailəsində doğulmuşdu. Bu həyatı sevə-sevə böyümüşdü. Ona görə hərbçi oldu ki, mənim yolumu davam etdirsin. Həmişə deyirdi ki, ata, nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad etməliyik. Qarabağ müharibəsində iştirak etməyi arzulayırdı. İstəyinə çatdı. Cəbrayıl, Qubadlı və Laçın uğrunda vuruşdu. Bu yolda da şəhid oldu. Ailə də qurmamışdı. İndi ruhu sakitdi, çünki torpaqlarımız azaddır.
Kapitan Mehman Qaragözov baş leytenantın döyüş yolundan söz açdı:
- Həsən bir il idi ki, hərbi hissəmizdə xidmət edirdi. Çox nizam-intizamlı, nümunəvi zabit idi. Döyüşlər zamanı Rzazadəni sanki yenidən kəşf etdim. Gənc zabit döyüşlərin ən gərgin anlarında verilən əmr və tapşırıqları cəsarətlə yerinə yetirirdi. Həsən döyüşlərdə böyük qəhrəmanlıqlar göstərdi. Belə cəsur zabitlərlə fəxr edirik.
- Baş leytenant Həsən Rzazadəni kursant olduğum günlərdən tanıyırdım, - deyə leytenant Əmirbəy Ramaldanov sözə başladı. - Elə o vaxtdan da dostluq edirdik. Dostluğa çox sadiq idi. Sonrakı tale elə gətirdi ki, Həsənlə eyni hərbi hissədə xidmət etdik, çiyin-çiyinə döyüşdük. Mən onun simasında əsl canlı qəhrəman görürdüm. Həsən həmişə öndə vuruşur, şəxsi heyəti ardınca döyüşə aparır, qələbələrə ruhlandırırdı. Həsən çox igid zabit idi.
Həsənin ibtidai sinif müəllimi Səidə İçibəyova şagirdini belə xatırladı:
- Həsən sakit təbiətli uşaq idi. İyirmi beş ildən çoxdur ki, ibtidai sinif müəllimi işləyirəm. Həsən kimi tərbiyəli, savadlı uşaqları az görmüşəm. Yerişindən, duruşundan gələcəyinin parlaq olacağı hiss olunurdu. Zabit olduğunu bilirdik. Onun general olacağını gözləyirdik. Həsənin Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olduğunu eşidəndə çox kədərləndik. Bir dəfə ondan soruşdum ki, Həsən, böyüyəndə kim olacaqsan? "Əsgər olacağam", - dedi.
Bəli, baş leytenant Həsən Rzazadə verdiyi sözə əməl etdi, Vətənə əsgər oldu. Onu qəsbkarlardan göz bəbəyi kimi qorudu. Vətən müharibəsində qələbəni Həsən kimi cəsur, qorxmaz və qəhrəman oğulların hesabına qazandıq. Biz bu oğulları heç vaxt unutmayacağıq.
 
Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"