Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Fevral 2021 11:06

Babasının taleyini yaşayan Zaur

Vətənimizin hər qarışı igid oğullarımızın qanı, canı ilə yoğrulub. Qədimdən üzü bu yana zaman-zaman yadelli düşmənlər Vətənimizə silahlı hücumlar, xalqımıza isə olmazın zülmlər ediblər. Lakin xalqımızın qeyrətli, mərd oğulları hər zaman düşmənə qarşı qətiyyətlə mübarizə aparıblar. Nə qədər acı olsa da, bəzi hallarda məğlubiyyətimiz də olub. Ancaq bu o demək deyil ki, düşmənin işğalı ilə barışmışıq. Çox da uzaq olmayan keçmişə nəzər salmaq yetərlidir.
Qarabağ Vətənimizin ən qədim yaşayış məskənlərindən biridir. Bura ermənilər məqsədli şəkildə çar Rusiyası  tərəfindən köçürülüb. Tarixi saxtalaşdıran mənfur düşmən bu gün özünü Qafqazın aborigen xalqı kimi təqdim etməkdən belə çəkinmir. 1980-ci illərin sonunda mənfur qonşumuz olan ermənilərin Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüzü baş verdi. Erməni daşnakları məqsədlərinə çatmaq üçün müharibə etməkdən belə çəkinmədilər. Qarabağı və ətrafdakı daha yeddi rayonu havadarlarının sayəsində işğal etdilər. Bu işğal 30 ilə yaxın davam etdi. Sentyabrın 27-də başlanan əks-hücum əməliyyatı rəşadətli Azərbaycan Ordusunun qalibiyyəti ilə başa çatdı.
Azərbaycan əsgəri, sözün əsl mənasında, tarix yazdı. Düşməni lərzəyə salan ordumuz onun on illər ərzində tikdiyi "topdağıtmaz" istehkamlarını qısa müddətdə darmadağın edərək düşmən mövqelərinin dərinliyinə doğru irəliləməyə başladı. Vətən müharibəsi kimi tarixə düşən bu savaşda hər gün düşmən xeyli sayda həm canlı qüvvəsini, həm də silah və döyüş texnikasını itirməyə məhkum edildi. Qanlı döyüşlərin 44-cü günü ordusu pərən-pərən düşən düşmənin təslim olmaqdan başqa çıxış yolu qalmadı.
Vətən müharibəsinin minlərlə iştirakçılarından biri də əsgər Zaur Nazim oğlu Kəlbiyevdir. Zaur Bakı şəhərində anadan olub. O, orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət İqtisad Universitetində "İnformasiya texnologiyaları" ixtisası üzrə bakalavr təhsili alıb. Magistr təhsilini almaq üçün imtahanlarını müvəffəqiyyətlə versə də, hərbi xidmətdən sonra təhsilini davam etdirmək qərarına gəlib. Beləliklə, Zaur ötən ilin iyulunda hərbi xidmətə yola düşüb. Gənc əsgərlərin hazırlıq dövrü bitəndən sonra onların da hərbi hissəsi döyüşlərə atıldı. Yüzlərlə silahdaşı kimi Zaur da qısa müddətdə yiyələndiyi hərbi bilik və bacarıqlarını döyüş meydanında tətbiq etməli olub. Füzuli, Cəbrayıl və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Ordumuzun rəşadətli döyüşçüləri  düşməni ciddi itkilərə düçar edib məğrurcasına irəliləyiblər. Döyüş meydanında yaralı əsgərlərimiz də olub. Silahdaşlarına döyüş meydanında ilk tibbi yardım göstərəndən sonra Zaur da döyüşməyə davam edib. Gərgin döyüşlərin birində Xocəvənd yaxınlığında düşmənin atdığı minaatan mərmisindən Zaur Kəlbiyev ağır yaralanıb.
Cəsur döyüşçümüz hələ də hospitalda ayağından aldığı çoxsaylı qəlpə yaralarından müalicə alır. Ailəsi və dostları Zaurun tezliklə sağalıb  evə qayıdacağı günü gözləyirlər.
Qeyd edim ki, Zaurun babası Sami Kəlbiyev də Böyük Vətən müharibəsində faşizmə qarşı döyüşlərdə fəallıq göstərib və yaralanıb. Ailənin tək oğlu Zaurun da qismətinə babasının taleyini yaşamaq nəsib olub. Ümid edirik ki, Zaur da tezliklə sağalıb magistr təhsilini uğurla davam etdirəcək. Zamanında Vətənin müdafiəsində ucaldığı kimi, Zaur gələcəkdə elm sahəsində də böyük uğurlara imza atacaq. Bu yolda ona müvəffəqiyyətlər arzulayırıq.

Bəxtiyar ƏLİYEV, "Azərbaycan Ordusu"