Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Fevral 2021 11:06

Xocalı qətliamı insan təfəkkürünə sığmayan vəhşiliklərin qanlı izidir

Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırımı isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Xocalı müsibəti kimi!
Əslində isə, Xocalı faciəsi əvvəlcədən hazırlanmış plan əsasında törədilmişdi. Bu planın müəllifləri yüz illər boyunca çalışdığı arzusuna çatmaq, torpaq iddiasını həyata keçirmək istəyirdi. Bütün bu oyunların qurbanları olan adi adamlar isə gözlənilməz bəlaların fırtınasında qətlə yetirilir, əsir-girov götürülür, yurd yerlərindən qovulurdu. Bir millətin, bir obanın, bir elin taleyinin həll olunduğu günlərdə faciə senarisi davam edirdi...
Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir. Faciəni əks etdirən kadrlar hər an bu dəhşətli mənzərəni seyr edənləri sarsıdır, sızladır. Meşələrdə əli, ayağı, burnu, qulağı donan, əsir və girov düşən qoca və uşaqların bizim əsgərlərə təhvil verilməsi səhnəsi yüz il bundan sonra da ən möhkəm iradəli insanları belə sarsıdacaq, yandırıb-yaxacaqdır. Körpələri meşələrdə donan, çöhrələrinə ölümün rəngi çökən zavallı anaların ağrılara dönən fəryadı heç vaxt heç kimin yaddaşından silinməyəcək.
Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi Xocalı faciəsinin məhz soyqırımı olduğunu təsdiq edir. Bu faciə sözlə ifadə edilə bilməyəcək qədər dəhşət və kədər doludur. Elə bir zaman gələcək ki, biz Xocalı deyərkən ağlımızda ilk faciə yox, qələbə qazandığımız, yenidən üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı torpaqlar canlanacaq.
Keçən ilin bu gününü məhz belə xatırlamışdım. Ancaq düşünə bilməzdim ki, bir il sonra Qələbə qapımızı döyəcək. Zəfər qazanmış xalq, millət kimi artıq bütün dünyaya sözümüzü deyəcəyik.
Vətən müharibəsində göstərdiyimiz milli iradə göstədi ki, Azərbaycan xalqının səbri ilə oynayan hər kəsin aqibəti Ermənistan kimi olacaq. Azərbaycan xalqının birliyi  nə qədər böyük xalq, yenilməz xalq olduğunu bir daha sübut etdi. Bu öz siyasi gücünü xalqımızın cəsarətində göstərdi. Azərbaycan xalqı düşmənlə vuruşaraq ərazi bütövlüyünü bərpa etdi. Bu böyük sərvətimizdir, böyük dəyərimizdir. Bu sərvəti ərazi bütövlüyümüzün təmin olunmasında görən qəhrəman xalqımız bir ağızdan deyir: Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Biz qayıdırıq, Azərbaycan qayıdır!

Hüsniyyə İDRİSOVA, BSU-nun IV kurs tələbəsi