Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Fevral 2021 11:06

XX əsrin ən dəhşətli faciəsi - Xocalı soyqırımı

Xalqımız uzun illər ərzində ermənilərin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalaraq tarixi torpaqlarından qovulub, məcburi köçkünə və qaçqına çevrilib. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi faciələrin ən dəhşətlisi Xocalı soyqırımıdır. Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi həkk olundu. O gecə Xocalı dəhşət yaşadı. Ermənistan silahlı birləşmələri və 366-cı motoatıcı alay tərəfindən məqsədyönlü şəkildə törədilən bu soyqırımı Dağlıq Qarabağın azərbaycanlı əhalisinin bir hissəsini məhv etmək niyyəti ilə həyata keçirilən kütləvi qırğınlardan biridir. Azğınlaşmış ermənilər həmin gecə bütün beynəlxalq hüquq normalarına zidd olaraq azərbaycanlılara qarşı soyqırımı törədərək əsl simalarını bütün bəşəriyyətə göstərdilər. Əvvəlcədən düşünülmüş bu hərbi təcavüz nəticəsində Xocalı şəhəri yerlə-yeksan edildi, dinc sakinlərə qarşı amansızcasına və qəddarcasına divan tutuldu. Yalnız Azərbaycan xalqına qarşı deyil, insanlığa qarşı törədilən Xocalı soyqırımı zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə xüsusi qəddarlıqla qətlə yetirildi, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verildi. Günahsız insanlara qarşı ağlasığmaz işgəncələr törədildi. Yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri şəhəri tərk edərək xilas olmaq istəyən ayağı yalın, başı açıq insanları xüsusi amansızlıqla qətlə yetirdilər. Bu soyqırımı nəticəsində 8 ailənin həyatına son qoyuldu, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edildi, 487 dinc Xocalı sakini ağır yaralandı və 1275 nəfər girov götürüldü. Tarix belə bir vəhşilik, belə bir vandalizm görməmişdi.
Xocalı soyqırımına siyasi-hüquqi qiymət xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıtmasından sonra verildi. Ulu Öndərin təşəbbüsü əsasında 1994-cü ildə Milli Məclisin qərarı ilə fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edildi. Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün bütün zəruri addımlar atıldı. Ümummilli Liderimizin səyi nəticəsində Xocalı soyqırımı dünya səviyyəsində tanınmağa başlandı. Ermənilərin apardığı təcavüz siyasəti, xalqımıza qarşı törətdikləri vəhşilik ifşa olundu. Ulu öndər Heydər Əliyev Xocalı soyqırımı haqqında deyib: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəşhilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü və ardıcıl siyasət nəticəsində Xocalı faciəsinin soyqırımı olması faktını dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatları tanıyıblar. Prezident İlham Əliyev çıxışlarının birində deyib: "Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər. O gün gələcəkdir."
2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırdı. Soyqırımı ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində bütün dünyaya çatdırıldı, milyonlarla insan ermənilərin əsl simasına bələd oldu. Ermənilərin öz ideyalarını həyata keçirmək naminə heç nədən, hətta uşaqları, hamilə qadınları  belə qətlə yetirməkdən çəkinmədiklərini gördü.
Bu gün Xocalı faciəsi dünyanın bir çox ölkələrində tanınır, ermənilərin xalqımıza qarşı etdiyi soyqırımı qəti şəkildə pislənilir. Artıq bütün dünya da qəbul edir ki, Xocalı faciəsi təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayətdir.
Xocalı faciəsi respublikamızda və dünyanın müxtəlif ölkələrində ürəkağrısı ilə qeyd olunur, soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir. 29 il əvvəl törədilən bu vəhşilik, soyqırımı heç vaxt unudulmayacaq.

Elçin İMANOV, "Azərbaycan Ordusu"