Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Fevral 2021 11:06

Əbədiyyət qazanan şəhid ömrü

İllərlə xilaskar ər oğullarının həsrətlə yolunu gözləyən əsir, viranə yurd yerlərimiz azadlığına qovuşdu artıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsi rəşadətli Azərbaycan Ordusunun böyük qələbəsi ilə başa çatdı. Qəhrəman Vətən övladlarının dönməz, şərəfli mübarizə yolunda göstərdiyi misilsiz şücaəti, qanı, canı bahasına. Vətənimizin qeyrətli, mətin oğulları Azərbaycanın ərazi bütövlüyü uğrunda odlardan, alovlardan keçərək, igidlikləri ilə şanlı hərb tariximizə yeni-yeni səhifələr yazdılar. Onlar hətta yüksək dözüm, hərbi güc, birlik, əzm və qeyrət, eləcə də böyük fədakarlıq nümunəsi göstərərək, ordumuzun yenilməz qüdrətini dünya miqyasında nümayiş etdirməyə nail oldular.
Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olan oğulların xatirəsi həmişə qəlbimizdə yaşayacaq. Onların hər biri haqqında nə qədər yazılsa belə, yenə azdır. Çünki Vətən oğulları 1988-ci ildən bəri işğala məruz qalan yurd yerlərimizi böyük qəhrəmanlıq və şücaət göstərərək erməni faşistlərindən azad etməyi bacardılar. Bu qələbə həm də Azərbaycan gəncliyinin bizlərə böyük hədiyyəsi oldu. Dünənə qədər yaxınlarının gözündə sadə, təvazökar, məsum olan oğullar sonradan elə tarix yazdılar ki, onların qəhrəmanlığı dillərdə dastan oldu. Onlar erməni sədlərini darmadağın etməklə yanaşı, xain düşmənimizi qarşılarında diz çökdürdülər.  
1998-ci il fevralın 17-də anadan olan,  Vətən müharibəsində oktyabrın 4-də Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə  şəhidlik zirvəsinə ucalan Rəvan Məmmədovu bu gün xatırlamaq isə mənəvi borcumuzdur. Yaşasaydı, 23 yaşını tamamlayacaqdı  Rəvan. Canından artıq sevdiyi Vətənin dar günündə könüllü döyüşlərə qatılmışdı. Onu heç kəs yolundan döndərə bilməzdi. Məqsədi bir idi: "Qarabağ Azərbaycandır!" deyib torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılmaq. Dayısına "Vətən dardadır, Vətən oğullarının yolunu gözləyir, biz düşməndən qisasımızı almalıyıq", - deyib döyüşlərə yollanmışdı.
Rəvan 2016-cı il aprelin 8-dən 2017-ci il oktyabrın 10-dək "N" hərbi hissəsində həqiqi hərbi xidmət keçir. Ön xətt bölmələrimizdən birində  düşmənlə üzbəüz mövqedə Vətənin keşiyində dayanır. O, qumbaraatan idi. Atıcı silahların sirlərinə də dərindən yiyələnmişdi. Dəfələrlə düşmənin atəş nöqtələrinin susdurulmasında xüsusi fəallıq göstərmişdi. Nümunəvi xidmətlərinə görə hərbi hissə komandanlığı tərəfindən valideynlərinə təşəkkür məktubu göndərilmişdi. Əsgəri xidmətdə olan müddətdə  vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə iki dəfə fəxri fərmana layiq görülmüşdü. Komandirlərinin, döyüşçü yoldaşlarının hörmətini qazanmışdı. Bütün bunlar Rəvanın xarakter cizgilərinin mükəmməlliyindən xəbər verirdi…
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Rəvan Məmmədovun Cəlilabad rayon Novruzanlı kəndində yerləşən ata ocağında anım mərasimi keçirildi. Şəhidin anım mərasimində  yaxın qohum-əqrəbası, müəllimləri və başqa qonaqlar iştirak etdilər. Biz də "Azərbaycan Ordusu" qəzetinin əməkdaşları olaraq Vətən müharibəsi şəhidinin anım tədbirində əbədiyyət qazanan ömrün həyat cizgilərini qələmə aldıq.
...Ötən il Tovuz hadisələri zamanı şəhid olan gizir İlqar Zeynalovun ölüm xəbəri Rəvanı çox sarsıdır. Hələ hərbi xidmətdə olarkən İlqarla yaxın dost olan Rəvan düşməndən onun qisasını alacağı günü səbirsizliklə gözləyir. Tovuz döyüşlərindən sonra Rəvan da digər həmvətənləri kimi adını könüllülər sırasına yazdırır.  Vətən müharibəsinin elə ilk günlərindən erməni faşistlərinə qarşı amansızcasına  döyüşür. Ömrü yarıda qırılan Rəvanın da taleyinə şəhidlik zirvəsinə ucalmaq yazılır. Onu da xüsusi olaraq qeyd etməliyik ki, Rəvan Məmmədov 7 kəndi birləşdirən Bayxanlı inzibati ərazi birliyinin Vətən müharibəsində könüllü iştirak edən yeganə şəhididir.
Şəhidlik zirvəsinə ucalan Rəvan Məmmədovun  ad günü onsuz keçirilsə də, əziz xatirəsi yaddaşlarda əbədi qalacaq. İkinci Qarabağ müharibəsindəki Böyük Qələbəni bizə ərməğan etməkdə xidmətləri olan bütün şəhidlərimizin  anaları qarşısında, o sıradan Rəvan Məmmədovun anası Samirə  xanımın da qarşısında baş əyirik ki, o, ürəyi, amalı Vətən eşqi ilə dolu olan belə qorxmaz, mərd oğul dünyaya gətirib!
Rəvan Məmmədov 2015-ci ildə Birinci Qarabağ müharibəsi şəhidi Elçin Əliyevin adını daşıyan Bayxanlı tam kənd orta məktəbini bitirib. Atası İntiqam Əliyev uzun illərdir ki, Bakıda tikintilərdən birində  fəhlə işləyir. Anası Samirə Əliyeva isə evdar qadındı. Beş övladdan ikincisi olan Rəvan hələ erkən yaşlarından valideynlərinə yaxından kömək edib.
Şəhidin atası dedi ki, Rəvan çox vətənpərvər, zəhmətkeş gənc olub. "O da mənimlə birlikdə tikintidə krançı işləyirdi. Çətinlikdən qorxmazdı. Çox mübariz uşaq idi. Yalan danışmağı sevməzdi. Orta məktəb illərindən vətənpərvərliyi ilə seçilirdi. "Bu Vətən bizimdir. Biz onun uğrunda ölməyə hazır olmalıyıq" - deyirdi. Orta məktəbdə oxuyarkən ədəbiyyat və Azərbaycan dili fənlərindən dörd, beş qiymətləri alırdı. İdmanı xüsusilə, futbol oynamağı sevirdi. Rəvan həm də istedadlı uşaq idi. Gitarada vətənpərvərlik mahnılarını ifa etməyi xoşlayırdı. Daha çox sevdiyi "İgid əsgər", "Cənab leytenant", "Mən şəhid oldum" mahnılarını istirahət vaxtlarında ifa edirdi.  Dini kitabımız olan Quranı fars dilindən çox gözəl oxuyurdu. Fars dilindən oxumağı babasından  öyrənmişdi. Rəvan hərbi xidmətdə olarkən komandirlərinin böyük etimadını qazanmışdı. Fəallığına, nümunəvi davranışına, təlim-tərbiyəsinə və ən əsası vətənpərvər olduğuna görə daima adı öndə çəkilirdi. Mən bir ata kimi Rəvanla fəxr edirdim. İndi Rəvan bütün elin, obanın fəxridir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhid oğullar mənim övladımdır. Allah onların hər birinə rəhmət eləsin. Məkanları cənnət olsun."
Anası Samirə xanımın dediyinə görə, Rəvan həmişə Vətənə, doğma xalqına, elə, obaya  bağlı bir övlad olub.  
Samirə xanım kövrəlib susur... Arzuları böyük idi Rəvanın. Ancaq o qarşıdakı müharibədən xəbərsiz idi. İçində bir hiss isə həmişə onu düşməndən qisas almağa çağırırdı. 2020-ci il sentyabrın 27-də sübh tezdən düşmənin növbəti təxribatlarının qarşısını almaq üçün başlayan ordumuzun əks-hücum əməliyyatı Vətənin təhlükədə olmasına bir çağırış idi.
Atası və dayısı ilə sağollaşaraq yoldaşları ilə birlikdə cəbhəyə yola düşür. Sonradan anasına zəng edən Rəvanın bircə cavabı o olur: "Ana məndən nigaran qalma, hər şey yaxşıdır". Təəssüf ki, qəlbi daima Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda döyüşlərdə qələbə çalmaq, düşmənin ayağı torpaqlarımızdan çəkilənədək döyüşmək arzusu ilə çırpınan Rəvan namərd gülləsinə tuş gəlir. Doğma yurdu Cəlilabad rayonunun Novruzanlı kəndindəki Şəhidlər xiyabanında dəfn olunur. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edən və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən şəhid Rəvan İntiqam oğlu Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. Allah rəhmət eləsin!
Anım tədbirində şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
E.Əliyev adına Bayxanlı tam kənd orta məktəbinin xarici dil müəllimi Vilayət Əliyev, şəhidin babası Tarqulu Məmmədov,  şairə xanım Heyran Bünyadzadə Vətən müharibəsində canından keçən bütün şəhidlərin xatirəsinin daima qəlblərdə yaşayacağını, onların göstərdiyi fədakarlıqların, qəhrəmanlıqların heç zaman unudulmayacağını bildirdilər. Şəhidlərimizin ikinci Qarabağ savaşında yazdıqları əbədiyyət dastanlarının hər zaman oxunacağını diqqətə çatdırdılar. Sonda şairə Heyran Bünyadzadə Rəvana həsr etdiyi "Şəhid ömrü" şeirini mərasim iştirakçılarına təqdim etdi.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"