Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Fevral 2021 11:06

Qələbə ilə tariximizin səhifələrinə Azərbaycan xalqının mübarizliyinin, birliyinin növbəti nümunəsi həkk olundu

Azərbaycan hər zaman qəhrəman oğullar, igidlər və cəsurlar yurdu olub. Vətən müharibəsində mənfur düşmənə ağır zərbələr endirərək, onları əzəli torpaqlarımızdan qovan rəşadətli ordumuzun şəxsi heyəti sübuta ehtiyacı olmayan aksiomanı bir daha bütün dünyaya sübut etdi. Cəmi 44 günlük qısa zaman kəsimində yurdumuzun mərd oğulları Qarabağda qəhrəmanlıq dastanı yazdılar. Elə bir dastan ki, illər keçsə də, bu qələbəni xalqımıza bəxş edən həmin oğullar unudulmayacaq, onların həyat yolu gələcək nəsillərə nümunə olacaqdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan azad etdi. Tarix yazan qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizəsinin Vətən naminə əsl döyüş ruhunu meydanda nümayiş etdirdi. Bu qəhrəmanlardan biri də əsgər Kənan Əliyevdir.
O, Tərtər rayonunun Suqovuşan kəndi və Füzuli rayonu uğrunda gedən döyüşlərdə uğurla iştirak edib. Laçın dəhlizindən Şuşaya gedən yolun mühafizəsinin təmin olunmasında onun da zəhməti olub. Vətən müharibəsində göstərdiyi şücaətə görə əsgər Kənan Əliyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Füzulinin azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
"Bu gün hər kəs kimi mən də sevincliyəm ki, işğalda olan torpaqlarımızı yağı düşməndən azad etdik", - deyə əsgər söhbətə başladı:
- Xidmətə başladığım ilk gündən hərbin bütün sirlərini və üzərimə düşən vəzifə borcumu dərindən öyrənməyə çalışmışam. İnanırdım ki, torpaqlarımızı danışıqlar yolu ilə qaytarmaq istəməyən düşmənə, hərb meydanında gücümüzü göstərəcəyimiz vaxt gələcəkdir. Xalqımız heç zaman torpaqlarımızın işğalı ilə barışa bilməzdi. Xidmətim boyu soydaşlarımızı öz doğma yurd-yuvalarından zorla didərgin salan xain düşməndən intiqam alacağımız günü səbirsizliklə gözləmişəm. Ön xətdə döyüş növbətçiliyi aparan zaman bizim torpaqlarımızda düşmən əsgərlərinin olduğunu bilmək məni daha da hiddətləndirirdi. Çox sevinirəm ki, o vaxt gəlib çatdı. Ali Baş Komandanımızın əks-hücum əmrini verməsi hərbi xidmət dövrümə təsadüf etdi. Qısa zaman ərzində düşmənin mifləşdirdiyi "keçilməz" mühəndis maneələrini, səngərlərini, mövqelərini darmadağın edib, onlara sarsıdıcı zərbələr endirdik. Xainlərə göz açmağa imkan vermirdik. Döyüşlərin ilk günlərindən düşmən itki verərək, geri çəkilmək məcburiyyətində qaldı. 44 günlük haqq savaşımızı qələbə ilə yekunlaşdırdıq. Bu qələbə tək ordunun deyil, bütövlükdə Azərbaycan xalqının birliyinin qələbəsidir. Artıq qürur hissi ilə qalib ordunun qalib əsgəri olaraq ailəmin yanına başıuca qayıdacağam.
Sentyabrın 27-si Ermənistan silahlı qüvvələri tərəfindən başlanan əks-hücum əməliyyatlarında neçə-neçə igid oğullarımız qəhrəmanlıq salnaməsinə adlarını qızıl hərflərlə yazdırmaqla, doğma yurdumuzun bölünməzliyini bütün dünyaya sübut etdilər. Qüdrətli ordumuz əsl cəsarət və rəşadətlə tarixi torpaqlarımızı cəmi 44 gün ərzində düşmən işğalından azad etdi. Kənan kimi minlərlə Vətən övladının misilsiz qəhrəmanlığı, vətənpərvərliyi, qələbə əzmi sayəsində Azərbaycan Ordusu zəfər qazandı. Qələbə ilə tariximizin səhifələrinə Azərbaycan xalqının mübarizliyinin, birliyinin növbəti nümunəsi  həkk olundu.

Oruc MUSTAFAYEV, "Azərbaycan Ordusu"