Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Fevral 2021 09:11

“Tez bir zamanda döyüşə hazır vəziyyətə gətirildik”

Yenə yolumuz "N" hərbi hissəsinədir. Məqsədimiz torpaqlarımızı işğaldan azad edən igidlərimizlə görüşüb, onların qələbə sevincini oxucularımızla bölüşməkdir. Həmsöhbət olduğumuz hərbi qulluqçuların hər birinin simasından zəfər sevinci, bu sevincə səbəb olan Vətən eşqi sezilir. Vətənə sədaqət andı içən, onun müdafiəsində qətiyyətlə dayanan oğullarımızdan biri də əsgər Ruslan Haqverdiyevdir. O, hərbi xidmətə Goranboy rayonundan çağırılıb. Azərbaycan Ordusunun əsgəri olmağı ilə fəxr edən hərbi qulluqçu 44 günlük Vətən müharibəsinin iştirakçısı olduğu üçün qürurludur.
- Hər bir azərbaycanlının bir amalı, bir məqsədi var - Vətənimizi yağı düşməndən qorumaq, - deyə əsgər söhbətə başladı. - İllər öncə ermənilər torpaqlarımızı işğal edərək, minlərlə soydaşımızı doğma ocaqlarından didərgin saldılar. Ancaq biz bununla heç vaxt barışmadıq, tarixi ədaləti bərpa etmək üçün mütəmadi olaraq hərbi bilik və vərdişlərimizi təkmilləşdirdik, gücümüzə güc qatdıq. Eləcə də ölkə başçısının apardığı islahatlar nəticəsində ordumuzun maddi-texniki bazası gündən-günə güclənərək, ən müasir silah və texnikalarla təchiz edildi. Hərbi kadrların hazırlanması istiqamətində mühüm addımlar atıldı. Bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünyanın ən qabaqcıl orduları sırasındadır. Təəssüflər olsun ki, düşmən bunu görsə də, anlamaq istəmir, məkrli niyyətindən əl çəkmirdi. Ermənistan rəhbərliyi nəinki torpaqlarımızdan geri çəkilməyi, hətta yeni işğala imza atacaqlarını hər fürsətdə vurğulayırdı. Atəşkəs rejimini pozaraq ordumuzun şəxsi heyətini qorxu içərisində saxlayacağını düşünürdü. Sentyabrın 27-də düşmənin törətmək istədiyi təxribat bütün dünyaya kimin daha güclü və haqlı olduğunu göstərdi. Rəşadətli ordumuz Ali Baş Komandanımızın əmri ilə əks-hücum əməliyyatına keçərək, ərazi bütövlüyümüzü bərpa etdi, şəhid qardaş və bacılarımızın qisasını aldı.
Döyüşlərdən danışan hərbi qulluqçu bildirdi ki, əks-hücum əməliyyatı heç vaxt yaddaşından silinməyəcək. "Qürurlanıram ki, Vətən müharibəsinin başladığı an mən də Vətənimizin keşiyində dayanan igidlərimizin sırasında idim. Xidmət etdiyim bölmə düşmənlə təmas xəttində yerləşirdi. Komandirlərimizin əmri ilə tez bir zamanda döyüşə hazır olduq. Sevincimizin həddi-hüdudu yox idi. Əlimizdə silah düşməni törətdikləri əməllərinə görə peşman etməyə, Qarabağımız uğrunda canımızdan keçməyə hazır idik. Bizi bu müqəddəs yoldan heç nə döndərə bilməzdi. Çünki biz Mübariz, Raquf, Polad kimi qəhrəmanların davamçılarıyıq. Onların qəhrəmanlıqları hər bir Azərbaycan əsgərini döyüşə ruhlandırdı".
- Müharibə çox çətin və acımasızdır, - deyə əsgər sözünə davam etdi. - Döyüş meydanında çox ehtiyatlı olmalısan. Atılan səhv addım böyük fəsadlara yol aça bilər. Biz ölümdən qorxmurduq. Çünki Vətənimizin azadlığı uğrunda şəhadətə yüksəlmək ən böyük zirvədir - deyə düşünürdük. Bu zirvəyə ucalanlar isə daima xalqımızın qəlbində yaşayacaqlar. Onların qəhrəmanlıqları gənc nəslə örnək göstəriləcək. Mən qəzet vasitəsiylə xalqımızı böyük Qələbə münasibətilə təbrik edirəm. Demək istəyirəm ki, bu gün hər bir azərbaycanlı ordusu, əsgəri ilə fəxr edə bilər. Çünki Azərbaycan əsgəri sələflərinin başladığı mübarizəni qələbə ilə yekunlaşdırdı.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"