Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Fevral 2021 09:11

Dastana dönən ömür

Şahnur Şahin oğlu Hüseynov həyatı dərk edən gündən ürəyini Vətəninə bağlayır və ömrünün mənasını xalqına, el-obasına təmənnasız xidmətdə görür. Onun adını tarixə yazan da getdiyi bu işıqlı yol, torpaq uğrunda canından-qanından keçməyi oldu. Yeniyetmə Şahnuru erməni qəsbkarlarının Qarabağ torpaqlarına təcavüzü, Azərbaycana qarşı etdikləri ədalətsiz müharibə bir an belə rahat buraxmır. Vətən oğlunun sevdalandığı gözəl, nəcib əməllər olsa da, Qarabağ özü boyda dərd kimi ürəyinə yüklənir. Nəyin bahasına olursa-olsun, müqəddəs Vətən torpağının hər qarışının azadlığı naminə silaha sarılıb döyüş meydanında düşməni məhv etməyin məqamını gözləyir...
Ş.Hüseynov H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib, Vətənin müdafiəsinə qalxır. Beləcə, Şahnurun hərbi həyatı başlanır. Ləyaqətlə doğma Azərbaycanın şərəfini qoruyur. Kapitan rütbəsinə qədər yüksəlir və uğurlu xidmətinə görə tabor komandiri təyin edilir. Bacarıqlı hərbçi, gözəl insan, vətənpərvər bir şəxs kimi tanınır, əsgərlər, zabitlər ona ürəkdən inanırlar. Ağır günlərdə Vətənə sipər olan  igid komandir düşmənin hiyləsindən, bəd niyyətindən əsgərlərini məharətlə qoruyur.
Şahnurun torpaq sevgisi Aprel döyüşlərində özünü açıq-aydın büruzə verir. Müharibə meydanında mərdliklə vuruşaraq düşmənə qan uddurur, əsl qəhrəmanlıq salnaməsi yaradır. Lələtəpədə bayrağımızın ucalmasında Şahnurun əməyi böyük olur. Məhz bütün bunlara görə onun göstərdiyi şücaət dillərdən düşmür.
Vətən müharibəsində  kapitan Şahnur gərgin döyüşlərə atılır. Ulu yurdun hər daşı, hər cığırı uğrunda, sözün əsl mənasında, can qoyur. Cəbhənin hansı istiqamətinə gedirsə, igidliyinə görə fərqlənir. Füzulinin azad olması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Bu şərəfli ölümlə əbədilik qazanır. Astaranın Vətən sədaqətli oğlu tarixdə yaşamaqla, tarixi yaşadan Azərbaycanın mərd igidlərindən olur. Bununla da şəhidimiz bütün zamanlarda, məkanlarda yurdunun döyünən ürəyi, həm də milli ruhun daşıyıcısı olaraq qalxdığı müqəddəslik zirvəsində  bizim qürur yerimizə dönür...
İgid zabitimizin göstərdiyi qəhrəmanlıq dövlət tərəfindən də öz qiymətini alıb. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Zəfər ORUCOĞLU,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü