Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Fevral 2021 09:11

Xocalı faciəsi - insanlığa qarşı ən böyük cinayət

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qaldı. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salındı,  kütləvi qətl və qırğınlara düçar oldular. Tarixi havadarlarından böyük dəstək alan mənfur ermənilər 32 il müddətində başladıqları qanlı münaqişə nəticəsində Qarabağımızı, ümumilikdə 20 faiz torpaqlarımızı illərlə işğal altında saxladılar. Bir milyondan artıq soydaşımız öz doğma Vətənində köçkün, qaçqın həyatı yaşamağa məcbur oldu. Tarixi torpaqlarımız, yaşayış yerlərimiz, maddi-mədəniyyət abidələrimiz erməni faşistləri tərəfindən barbarcasına yerlə-yeksan edildi.
Ötən il sentyabrın 27-də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlayan əks-hücum əməliyyatı  44 günlük Vətən müharibəsi ilə tarixləşdi. Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etdi. 30 ilə yaxın müddətdə erməni vandallarının işğalı altında qalan tarixi torpaqlarımız  öz  azadlığına qovuşdu. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. 8 Noyabr Azərbaycanın 200 ildə tarixi  ədalətinin zəfər çaldığı gündür. İllərdir ki, erməni daşnak qüvvələrinin soydaşlarımıza qarşı törətdikləri faciələrin, qanlı hadisələrin qisası alındı. Ağdaban, Meşəli, Qaradağlı, ən nəhayət, Xocalı qisası ilə böyüyən, düşmənə nifrət hissi ilə yaşayan Vətənimizin mərd oğulları yüzlərlə erməni işğalçısını məhv etdi. Atalar  gözəl deyib: "Qisas qiyamətə qalmaz."
Hələ ötən əsrin əvvəllərində ermənilərin "Dənizdən-dənizə böyük Ermənistan" planına toxunan görkəmli publisist  Ömər Faiq Nemanzadə 1905-ci ildə "İrşad" qəzetində yazırdı: "Ermənilər öz planlarını həyata keçirmək üçün bizi İrəvandan, Qarabağdan və Qarsdan qovmağa çalışacaqlar. Biz bilməliyik ki, ermənilər bu yolda hər bir alçaqlığa əl ata bilərlər. Onlar qəsdən müsəlmanları öz üzərlərinə qaldıracaq, onların hücumuna və özlərinin bir qədər artıq itkisinə şərait yaradacaq və beləliklə, bütün Avropanın diqqətini əzabkeş bir xalq olmalarına cəlb edəcəklər. Onlar öz cinayətləri üçün tədricən planlar hazırlayır və onu həyata keçirməyə yollar axtarırlar."
Məhz tarixən Xocalı soyqırımına qədər baş verən qanlı hadisələrin, faciələrin hamısı öncədən düşünülmüş planlar istiqamətində inkişaf edib. Tarix təkrar olundu: Bədnam qonşularımız 1905-1906, 1918-1920-ci illərdə xalqımıza qarşı həyata keçirdikləri etnik soyqırımı siyasətini 1992-ci ildə bəşəriyyət tarixində ən amansız qətliam olan Xocalı faciəsi ilə davam etdirdilər. Bütün soyqırımlarda düşmənin məqsəd və hədəfi eyni idi - Azərbaycan torpaqları hesabına "böyük Ermənistan" dövlətini qurmaq. Ermənilərin XX əsrin 80-ci illərindəki təcavüzü 20 mindən çox soydaşımızın şəhidliyi, 50 min nəfərin yaralanması və əlil olması, 4866 nəfərin itkin düşməsi ilə nəticələndi. Xocalı soyqırımı isə bədnam qonşularımızın ölkəmizə qarşı başladıqları müharibənin ən dəhşətli səhifəsidir, insanlığa qarşı ən böyük cinayətidir. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Dünya tarixi dinc insanların kütləvi qətliamını həmişə hiddətlə qarşılayıb və bu cinayəti törədənlər tarixin məhkəməsindən qurtula bilməyiblər. Təkcə Xolokost, Serebrenitsa soyqırımlarını törədənlər üzərində məhkəməni xatırlayın. Xocalı soyqırımını törədən erməni faşistləri də tarixin ədalət məhkəməsindən qurtula bilməyəcəklər.
Müharibə itkilər, qurbanlar tələb edir. Lakin Xocalı qətliamının qurbanları yalnız hərbçilər deyil, dinc sakinlər - ahıllar, qadınlar, uşaqlar, döyüş meydanından qaçmağa gücü çatmayan əliyalın soydaşlarımız idi. Uzun sürən hərbi hazırlıqdan sonra 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə irimiqyaslı hücuma başlayan erməni qəsbkarları 613 nəfər dinc sakini qətlə yetirdilər, yüzlərlə soydaşımız əsir düşdü, şikəst oldu, vandallar tərəfindən girov götürüldü. Onlarla Xocalı sakininin taleyi bu günə qədər də bəlli deyil.
Xocalı soyqırımına doğru gedən yolun mürəkkəb siyasi, hərbi səbəbləri vardır. Məlumdur ki, sovetlər ittifaqının  süqutundan sonra Xankəndidə 366-cı motoatıcı alayın hərbi texnikası qalırdı. O zaman bunu ermənilər də yaxşı bilirdilər. Erməni siyasətçiləri əvvəlcədən peşəkar rus hərbçilərini müxtəlif hiylələrlə ələ alırdılar. Bundan başqa, ermənilər 1990-1992-ci illərdə Zaqafqaziya  Hərbi Dairəsinin silah anbarına bir neçə dəfə hücum edərək çoxlu sayda silah-sursat ələ keçirmişdilər. Erməni hərbçiləri ilə sovet-rus hərbçiləri arasında silah alveri ilə bağlı razılaşmalar da olmuşdu. 1991-ci ilin axırlarında Ermənistan və Rusiya Federasiyası arasında "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə" imzalandı. Müqavilədən sonra ermənilərə silahların verilməsinə beynəlxalq ictimaiyyət göz yumdu və bundan istifadə edən erməni daşnakları daha da azğınlaşdılar. Ermənilərin silahlandırılması Dağlıq Qarabağ  bölgəsində qüvvələr nisbətini kəskin şəkildə dəyişdirdi və erməni-rus hərbçilərinin potensialını xeyli artırdı. 1991-ci ilin əvvəllərində Azərbaycanın ayrı-ayrı bölgələrində özünümüdafiə taborlarının yaranmasına baxmayaraq, onların döyüş təcrübəsi yox idi. Orduda vahid komandanlığın olmaması səbəbindən bir-birinin ardınca kəndlərimiz və strateji məntəqələrimiz ermənilər tərəfindən işğal olunurdu. Erməni hərbçiləri Xocalıya hücuma hazırlaşarkən özlərindən əlavə beynəlxalq aləmdə tanınan terrorçu dəstələrindən də geniş istifadə etmişdilər. Fransada, Vyanada, Suriyada, Livanda və başqa yerlərdə fəaliyyət göstərən terrorçu daşnak törəmələri, muzdlu qatillər xocalılara qarşı qanlı cinayətlər törətdilər.
Xankəndidə yerləşən 366-cı alayın məsul zabitlərindən biri Xocalı faciəsinin ilk məlumatlarını toplayan, hadisələrin şahidi olan Vladimir Savelyev "Məxfi arayış"ında o dəhşətli səhnələrdən birini belə xatırlayır: "...ermənilər ruslara məxsus "02-19-MM" nömrəli "KAMAZ"la ərazidəki meyitləri yığıb Xocalıda tonqal qurdular... İnsanın insana olan nifrəti burada həddini aşmışdı. Kim yaratmışdı bunu, dərk edə bilmirdim... Mən  sizə ermənilərə qoşularaq əsir alınmış azərbaycanlıları sıraya düzərək tək-tək məhv edən və bundan həzz alan rütbə sahiblərini tanıtmaq istəyirəm." V.Savelyev sonra 19 nəfər rus və erməni millətindən olan zabitlərin rütbə, ad və soyadlarını qeyd edir...  
Erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımı bəşər övladına qarşı ağıla gətiriləsi mümkün olmayan ən qanlı cinayətdir. XX əsrin ən dəhşətli facilərindən sayılan Xatın, Xirosima, Naqasaki, Sonqmi kimi insan fəlakətləri və kütləvi insan qırğınları sırasına Xocalı soyqırımı da əlavə edildi. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral  tarixi "Xocalı soyqırımı və Milli Matəm Günü" elan olunub. 1997-ci ilin 25 fevralından ümummilli lider Heydər Əliyevin sərəncamına əsasən, hər il fevralın 26-da saat 17.00-da Xocalı qurbanlarının əbədi xatirəsi ölkəmizin ərazisində dərin üzüntü və sükut dəqiqəsi ilə qeyd edilir.
Tariximizin qan yaddaşına yazılan Xocalının yanıb kül olmasından 29 il keçir. Erməni barbarlığı bax belə bir tarixi şəhərimizi yer üzündən sildi. Kül olmuş şəhər əfsanəsi yarandı hər bir azərbaycanlının qəlbində. Əslində, məkrli qonşularımız Azərbaycan xalqının sinəsinə Xocalı adlı dağ çəkdi. 29 ildir ki, biz bu dözülməz dərdin acısını yaşayırıq. Bir vaxtlar Azərbaycanda Xocalı adlı hər gün tikilən, hər gün qurulan, cazibədar yaşayış məskəni vardı. İndi isə onun yerində Xocalı boyda xarabalıq durur.
Azərbaycan xalqının başına gətirilən belə qanlı faciələr bir daha onu göstərir ki, erməni cəlladları özlərinin avantürist planlarını həyata keçirməyə daim əlverişli bir məqam axtarıblar.
Xocalı soyqırımına yalnız ümummilli liderimiz Heydər Əliyevin fəal təşəbbüsü və diqqəti sayəsində hüquqi-siyasi qiymət verildi.
1994-cü il fevralın 24-də Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı qərar və bəyanat qəbul edildi, dünya parlamentlərinə, beynəlxalq təşkilatlara göndərildi.
Çox təəssüf ki, Xocalı soyqırımı hələ də beynəlxalq aləmdə əsl hüquqi-siyasi qiymətini tapmayıb və günahkarlar cəzalarına çatmayıblar.
Biz o yerlərə də  tezliklə qayıdacağıq. Erməni vəhşilərinin yandırıb kül etdiyi şəhərin küçələri ilə addımlayacaq, müqəddəs şəhid qanı ilə suvarılmış torpağa baş əyəcəyik. O yerlərdə yeni bir Xocalı qurulacaq. Baş meydanında şəhidlərin xatirəsinə və ruhuna yaraşan möhtəşəm abidələr kompleksi də yaradılacaq.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"