Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Fevral 2021 09:11

Azərbaycan Prezidenti İlham ƏLİYEV: Vətən müharibəsində Azərbaycan Ordusu dünyanı heyrətə gətirən taktiki döyüşləri ilə hərb tarixinə adını qızıl hərflərlə yazdı

Ölkəmizin iqtisadi qüdrətinin artması güclü ordu quruculuğuna əhəmiyyətli  dərəcədə təsir etdi və regionun yeni hərbi-siyasi reallığının formalaşması ilə yekunlaşdı. Son illər ərzində ölkəmizdə aparılan inkişaf siyasəti, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu, təbii ki, Azərbaycan Ordusunun  mövcud qələbəsini şərtləndirdi. Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu döyüş meydanında böyük ruh yüksəkliyi ilə irəliləyərək torpaqlarımızı işğalçılardan təmizlədi.Döyüş meydanında qazandığımız zəfərə baxmayaraq, bu gün ölkəmizin milli və hərbi təhlükəsizlik maraqlarının təminatı prioritet məsələ olaraq qalmaqdadır. Bu mənada Azərbaycan indiki məqamda milli və hərbi təhlükəsizliyini qorumaq məqsədilə təlimlərə xüsusi diqqət yetirir. Təlimlər qələbədən sonra şəxsi heyətdə döyüş hazırlığının yüksəldilməsi, vərdişlərin təkmilləşdirilməsi, ağır şəraitdə aparılan müasir ümumqoşun döyüşünün hərbi elementlərinin qarşılıqlı fəaliyyəti və döyüş uzlaşmasının səviyyəsinin artırılmasına xidmət edir. Danılmaz faktdır ki, təlimlər döyüş hazırlığının ən yüksək zirvəsidir. Təlimlər bölmələrin, əsgərlərin idarə olunmasından tutmuş, hədəflərin məhv olunmasına qədər döyüş hazırlığının bir analizidir. Hər bir taktiki təlim komandirlərin, qərargahların işini, fəaliyyətini mükəmməlləşdirir. Bunlar ordunun şəxsi heyəti üçün böyük məktəbdir. Təlimlərin əhəmiyyətini sözlə və rəqəmlə ifadə etmək mümkün deyil. Hər bir təlim qoşunların püxtələşməsində böyük rol oynayır. Təlimlər zamanı hərbçilər müasir hərbi texnika, yeni raket və artilleriya qurğuları ilə daha yaxından tanış olur, ondan dəqiq atəş açmağın sirlərini öyrənirlər.
Təlimlərin daha bir önəmi müxtəlif qoşun növləri arasında birgə fəaliyyətin, döyüş əlaqəsinin təmin edilməsi ilə bağlıdır. Müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsi, koordinasiyalı fəaliyyətin təmin edilməsi müharibə zamanı qələbə əldə etmək, hər hansı çaşqınlıq və anlaşılmazlığın baş verməsini önləmək, qətiyyətlə irəliləmək üçün olduqca vacibdir.
Azərbaycan Ordusunun təlimləri yüksək qiymətləndirilməli, ordumuzun bilik və bacarığının artırılması istiqamətində irəliyə doğru atılan bir addım kimi xarakterizə edilməlidir. Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzləri və poliqonlarda minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri və Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin təlim uçuşları bu mənada mühüm əhəmiyyət kəsb edir.
Bu gün Azərbaycan əsgəri dövlətin qayğısını hər zaman üzərində hiss edərək, xalqdan güc alaraq təlimlərə qatılır, torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır. Xalqımızın ordumuzu güvənc yeri bilməsi qəlbi Vətən eşqi ilə döyünən vətəndaşlarımızın əsgərlərimizə sevgi və ehtiramının göstəricisidir. Göründüyü kimi, əldə olunan uğurların, qazanılan zəfərlərin arxasında xalq-ordu birliyi və Azərbaycan Ordusunun şəxsi heyətinin peşəkarlığı dayanır. Odur ki, nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz.

"Azərbaycan Ordusu"