Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Fevral 2021 10:00

“Bu qələbə Azərbaycanın tarixində əbədi olaraq qalacaq”

Soyuq yanvar səhəridi... Səhərin ala-toranlığında yolumuz Vətənə övladlıq borcunu yerinə yetirən, Azərbaycan xalqına qələbə sevincini yaşadan qəhrəman oğullarımızla görüşədi. Onlarla ötən ilin 27 sentyabrında başlayan, 44 gün davam edən və ordumuzun Böyük Qələbəsi ilə başa çatan uğurlu əks-hücum əməliyyatından, torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıqla döyüşənlərdən danışacağıq. Ordumuzun qazandığı qələbəni, Qarabağ sevincini birlikdə yaşayacağıq. Üçrəngli Azərbaycan Bayrağı Şuşada, Zəngilanda, Qubadlıda və digər işğaldan azad olunan yurd yerlərimizdə fəxarətlə dalğalansın deyə, öz canından keçən şəhidlərimizdən, qazilərimizdən söz açacağıq. Düşmənə və onun havadarlarına gözdağı olan Azərbaycan Ordusunun şəxsi heyətinin vətənpərvərlik ruhu, döyüş əzmi söhbətimizə körpü salacaq.
Bu düşüncələrlə "N" hərbi hissəsinə çatdıq. Mayor Çingiz Mahmudovla birgə vaxt itirmədən bölmələrə yollandıq. Yol boyu zabit Azərbaycan əsgərinin döyüş ruhundan, mənəvi-psixoloji hazırlığından, sosial-məişət şəraitindən danışdı: "Burada xidmət edən cəsur əsgərlərimiz qarşıya qoyulan bütün vacib döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdirlər. Onlar günün istənilən vaxtında xain düşmənin həyata keçirə biləcəyi təxribatların qarşısını layiqincə almaq əzmindədirlər. Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı qələbə dediklərimizin bariz sübutudur. Xalqımıza Zəfər sevincini yaşadan şəxsi heyətimizin əhval-ruhiyyəsi yüksəkdir. Yuxarı komandanlığın əsgərlərimizin qayğı və problemləri ilə maraqlanması şəxsi heyətin mənəvi-psixoloji hazırlığına və döyüş ruhuna təsir edən mühüm amillərdəndir. Bizlər də öz növbəmizdə Vətənin keşiyində dayanan oğullarımızın qayğıları ilə maraqlanır, problemlərinin həlli üçün əlimizdən gələni əsirgəmirik."
Zabit Çingiz Mahmudov qələbə ilə başa çatan Vətən müharibəsindən də söz açaraq bildirdi ki, Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrinin təxribat xarakterli hücumunun qarşısını alaraq uğurlu əks-hücum əməliyyatına başladı. "Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında düşməni darmadağın etdi. Mənfur qonşularımızın illərdən bəri qurduqları mühəndis-istehkam maneələri əsgərlərimiz tərəfindən qısa zaman ərzində dəf edildi. Qəhrəman oğullarımız düşmənə sarsıdıcı zərbələr vuraraq, qanları və canları bahasına tarixi torpaqlarımızı işğaldan azad etdilər. Düşmən ordumuzun gücünə tab gətirə bilmədi. Azərbaycan Ordusu döyüşlərdə qəhrəmanlıq göstərərək xalqımıza qələbə sevinci yaşatdı. Bu qələbə Azərbaycanın tarixində əbədi olaraq qalacaq. Adları dillər əzbəri olan igidlərin, şəhidlərin hər biri gələcək nəsillərə nümunə, örnək olacaqdır."
Mayor Çingiz Mahmudovun həm birinci Qarabağ, həm də Vətən müharibəsinin iştirakçısı olduğunu öyrəndik. “İgidlik, Vətən sevgisi qandan gəlir”, - deyirlər. Səmimi söhbətimiz zamanı təcrübəli zabitin oğlu Elşadın da könüllü olaraq Vətən müharibəsinə yollandığını öyrəndik. Elşad Cəbrayıl istiqamətində gedən döyüşlərdə atasına layiqli övlad, Vətənə candan bağlı gənc kimi şücaət göstərib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Ordumuzun qazandığı qələbənin sevincini yaşayanlardan biri də gizir Sahib Abbasovdur. Əslən Siyəzən rayonundan olan Sahib qalib ordunun hərbi qulluqçusu olması ilə qürur duyduğunu bildirdi. Sahibin qardaşı Rövşən də Vətən müharibəsində qəhrəmancasına döyüşüb. Müharibə başlayan gündən atası Əzizəddin kişi hər iki oğluna xeyir-dua verərək, onları Vətən üçün böyütdüyünü, torpaq uğrunda son damla qanlarınadək vuruşmağı tapşırıb. "Ata nəsihətinə qulaq asaraq qardaşımla döyüşlərdə fəal iştirak etdik. Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının illərdən bəri həyata keçirə bilmədiyi tarixi ədaləti bərpa etdi. Düşmən ağır məğlubiyyətə uğradılaraq torpaqlarımızdan çıxarıldı. Qardaşım Rövşən Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edirdi. O, döyüşlərdə şücaət və igidlik göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi."
Digər həmsöhbətim müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər Babək İbrahimov Tovuz rayonunun Əlibəyli kəndindəndir. Güllə səsinə öyrəşən Babəkin uşaqlığı müharibə illərinə təsadüf edib. Hərbi qulluqçunun əmisi Nazim İbrahimov birinci Qarabağ müharibəsi veteranıdır. Əmisinin söhbətləri onda düşmənə olan nifrət hissini oyadıb. Bu hisslə ordu sıralarına qatılan Babək Vətənə xidmətdən qürur duyduğunu bildirdi. Sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən müharibəsindən danışan B.İbrahimov bu döyüşlərin xalqımızın şanlı və tarixi qələbəsi olduğunu vurğuladı. "Uşaqlıqdan düşmənə qarşı içimdə nifrət hissi var idi. Düşmən daim atəşkəsi pozur, yaşayış məntəqələrimizi iriçaplı silahlardan atəşə tuturdu. Torpaqlarımızın işğalda olması hər bir Azərbaycan vətəndaşı kimi, məni də narahat edirdi. Artıq bu narahatlığa heç bir əsas yoxdur. Qalib Azərbaycan Ordusu işğala son qoydu. Tarixi ata-baba yurdlarımız işğalçılardan qarış-qarış təmizləndi. Yurd-yuvalarından didərgin düşən soydaşlarımız artıq öz evlərinə geri dönə biləcəklər. Sərhədlərimizin daxilində heç bir səngər qalmadı. Hamı kimi biz də bu qələbənin, bu zəfərin qürurunu yaşayırıq."
Həmsöhbətim əsgər İlkin Piriyev dedi ki, hərbi xidmətini başa vurmasına sayılı günlər qalıb. "Hərbi xidmətimin torpaqlarımızın işğaldan azad olunduğu dövrə təsadüf etməsindən sevincliyəm. Azərbaycan xalqına bu sevinci bəxş edən ordunun sıralarında xidmət etməyimlə fərəh hissi keçirirəm. Ordudan tərxis olunmağıma az qalıb. Ailəmin yanına alnıaçıq, qalib ordunun əsgəri kimi qayıdıram”.
"Vətəni sadəcə sevmək azdır, onun uğrunda hər addımda fədakarlığa hazır olmalıyıq. Hərbi xidmətə gəldiyim ilk gündən yurdumun müdafiəsində ayıq-sayıq dayanacağıma, komandirlərimin əmr və tapşırıqlarını sözsüz yerinə yetirəcəyimə söz vermişəm", - deyə əsgər Pərviz Abidov söhbətə qoşuldu. - Ermənilər bizim tarixi düşmənlərimizdir, onlar zaman-zaman xalqımıza qarşı vəhşiliklər törədiblər. Düşmənin etdiyi vəhşiliklərin, cinayətlərin qisası 44 gün davam edən və qələbə ilə başa çatan Vətən müharibəsində layiqincə alındı. Müharibə sona çatdı. Artıq Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan qardaş və bacılarımızın ruhları şaddır. Düşmən işğalında olan tarixi torpaqlarımıza həyat yenidən qayıdır. Şuşada, Cıdır düzündə toy-bayram səsləri yenidən eşidiləcək. Bütün silahdaşlarımı və xalqımızı qələbə münasibətilə təbrik edirəm.
Əsgərlərdən Bayram Həsənov, Əhmədbəy Əsədullayev, İlkin Quliyev, Ümid Hüseynov və digərləri bir müqəddəs amalla xidmət etdiklərini bildirdilər - torpaqlarımızı düşməndən gözbəbəyi kimi qorumaq.
Ürəklərində tükənməz Vətən sevgisi olan oğullarımızla görüşdən sonra fəxrlə düşünürəm ki, şəhidlərimizin, qazilərimizin canları bahasına işğaldan azad etdikləri torpaqlarımızı qorumaqdan qürurlu, müqəddəs hansı vəzifə ola bilər ki?!
Bu düşüncələrin ağuşunda əsgərlərlə vidalaşır, öz xidmətlərini zəfər ab-havası ilə aparan igidlərimizin torpaqlarımızın bütövlüyünün təminatçısı olduğuna bir daha əmin oluram.

Elçin İMANOV, "Azərbaycan Ordusu"