Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Fevral 2021 13:50

Azərbaycan Ordusunun tarixləşdirdiyi Zəfər tarixini “Azərbaycan Ordusu” böyük qürurla yaşadı, yaşatdı...

11 fevral 1992-ci il...
Qış olsa da, soyuq deyildi, şaxta yoxuydu. SSRİ dönəmində Xalq Nəzarəti Komitəsinin inzibati binası olmuş binanın 2-ci mərtəbəsində müstəqil Azərbaycanın jurnalistikası tarixində yeni bir mərhələnin başlanğıcı ərəfəsiydi. Yeni ideyanı gerçəkləşdirəsi gün sözə söykənən mətləblərlə, mətləblərlə ümumiləşdirilən məqalələrlə günortaya yaxınlaşmışdı. Xalqın ordusunun qəzeti ("Xalq Ordusu" qəzeti, sonralar nəşrini "Azərbaycan Ordusu" kimi davam etdirdi) dərcə hazırlanırdı. Çox yaxın dünənlərin hadisələrinə, Ermənistanın elan etmədən başladığı müharibəyə mətbu münasibət (ilk sayı dərc edilən hərbi mətbuatda!) bir gündən sonra hər birimizi qürurlandıracaq; yeni qəzetin yeni işıq misallı olacağına hamımız ümidliydik.
O illərdə ordumuz hələ hərbi nəzəriyyələr əsasında formalaşmırdı, orduda vahid komandanlıq yox idi, ərazilərimizi struktur baxımından bir-biri ilə əlaqəsi olmayan batalyonlar (indi taborlar) qoruyurdu. Belə bir vaxtda yeni yaradılan hərbi mətbuat da müəyyən çətinliklərlə qarşılaşırdı. Təcrübəsinə istinad ediləsi hərbi mətbuat yox idi və bunu 29 ildə 2519 sayı dərc edilmiş "Azərbaycan Ordusu" qəzetinin özü yaratmalı idi. Və yarada bildi...
Qəzet formalaşa-formalaşa nəşr olunur, nəşr olunduqca formalaşırdı; istər hadisələrə fəal, operativ, dürüst müdaxilə baxımından, istərsə də yeni jurnalistikada yeni tərtibat baxımından yeni qəzetçilikdə özünəməxsusluğuyla fərqlənməklə formalaşırdı...
Azərbaycanda ciddi siyasi qarşıdurmalar yaranmışdı. Belə bir gərgin vaxtda ordu quruculuğuna (deməli, dövlətə) sədaqətlə xidmət edən ilk hərbi mətbu orqan məfkurəvi missiyasını da sədaqətlə yerinə yetirirdi. Böyük tarixi şəxsiyyət Heydər Əliyev xalqın ciddi, dönməz tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğunda da arzulanan dönüş yarandı: yerli müdafiə batalyonları ləğv edildi, vahid komandanlıq yarandı, ordu quruculuğu hərb elminin tələbləri əsasında davam etdirildi, bununla da ordu nizami ordu kimi formalaşmağa başladı. Ordu quruculuğunda həyata keçirilən islahatlar "Azərbaycan Ordusu" qəzetinin fəaliyyətində dönüş yaratdı; qəzetin əməkdaşları bölgələrdə, ön xətdə, səngərlərdə əsgər və zabitlərlə daha müntəzəm söhbətlər aparır, qəzetdə müxtəlif janrlarda (informasiya, məqalə, reportaj, müsahibə) operativ yazılar dərc olunurdu ki, bu da şəxsi heyətin mənəvi-psixoloji hazırlığında, əsgərlərin vətənpərvərlik ruhunda daha dönməzliklə formalaşmasında əhəmiyyətli olurdu. Yəni, ilk hərbi mətbu orqan ordu quruculuğunun mühüm tərkib hissələrindən biri olan şəxsi heyətin mənəvi-psixoloji hazırlığının söz cəfakeşi idi...
Azərbaycanda ordu quruculuğu həmişə dövlət üçün prioritet olub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ulu Öndərin siyasi kursunu ordu quruculuğu istiqamətində də uğurla davam etdirməsi "Azərbaycan Ordusu"nun da fəaliyyətində öz əksini dolğunluğu ilə tapırdı...
Ordu quruculuğunda həyata keçirilən irimiqyaslı islahatlar, müxtəlif təyinatlı təlimlər şəxsi heyətin döyüş hazırlığını daha da artırdı. "Azərbaycan Ordusu" qəzeti bu mühüm prosesi böyük məsuliyyətlə əks etdirən məqalələr dərc etdi ki, bunlar da istər ordu quruculuğunda iştirak baxımından, istərsə də mətbuat tarixi baxımından gərəkli hesab edilməlidir.
İstər Azərbaycanda, istərsə də ikitərəfli hərbi əməkdaşlıq etdiyimiz xarici dövlətlərdə keçirilən ikitərəfli (çoxtərəfli) beynəlxalq tədbirlərdə, müsabiqələrdə "Azərbaycan Ordusu" qəzetinin əməkdaşları da iştirak edib, müxtəlif janrlarda yazılan məqalələr təlimin (müsabiqənin) mahiyyətini açıb, Azərbaycan hərbçilərinin peşəkarlığını, təlimin yüksək səviyyədə keçirilməsində, yarışlarda qələbə qazanıılmasında onların əzmkarlığını ifadə edib. Digər tərəfdən, belə tədbirlərdə iştirak həm də beynəlxalq jurnalistika anlamında təcrübə deməkdir...
Vətən müharibəsində Azərbaycan əsgəri döyüşlərin ilk günlərində düşmənin müdafiə səddini darmadağın etdi. Bu, düşmənin müqavimətini silkələdi. Azərbaycan əsgərinin qətiyyəti, mərdliyi, cəsarəti düşmənin ordusunu döyüşdən yayınma həddinə çatdırırdı. Yəni, düşmənin öz ordusunun əsgərləri də, xarici dövlətlərdən gətirdiyi muzdlular da döyüşdən yayınırdılar. Ermənistan ordusu hər döyüşdən sonra ağır itkilərə məruz qalırdı. Azərbaycan əsgəri döyüşə-döyüşə qələbələr qazanırdı, qələbələr qazana-qazana döyüşürdü, düşmənin əsgəri çarəsiz müqavimət göstərə-göstərə döyüşürdü, çarəsiz döyüşlərlə qaçırdı. "Azərbaycan Ordusu" bu gerçəklikləri həm vəzifə borcu kimi, həm də dövlətə, dövlətçiliyə, Hərbi anda sədaqətlə təqdim edir.
"Azərbaycan Ordusu" müharibə taleyi yaşayan qəzet kimi ruhən həmişə döyüş növbətçiliyi aparan əsgərlərin yanında, döyüşlər başlayanda ruhən döyüşənlərin sırasında olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa hər müraciətini qələbə ovqatı ilə, böyük sevgilərlə dərc edən qəzet işğalın son nəfəsini də böyük qürurla dərc etdi.
İlk milli qəzetimiz olan "Əkinçi"nin yaradıcısı H.B.Zərdabi ustadımız deyirdi: "...Bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus da doğru söz...". "Azərbaycan Ordusu" 29 ildi doğru sözün, dürüst sözün cəfakeşləri sırasındadı. 2020-ci ilin 27 sentyabrına kimi döyüş növbətçiliyi aparan əsgərlərdən yazırdı, ön xətdən reportajlar dərc edirdi, müxtəlif mövzularda disputların təşkilatçısı olurdu. Azərbaycan əsgərinin xidmət amalının ifadəsi kimi təqdim edilən "Səngərləri sərhədlərə köçürəcəyik!" məqaləsi dərc edilmişdi, Zəfərdən sonra Azərbaycan əsgərinə müraciətlə "Səngərləri sərhədlərə köçürdünüz, Azərbaycan əsgəri!" məqaləsi dərc edildi. Vətən müharibəsi dövründə əməkdaşlarımızın döyüşlərdən göndərdiyi faktlar, fotolar əsasında müharibənin mətbu tarixinin yaradılmasının iştirakçısı oldu; Vətən müharibəsinin təcrübəsi baxımından müharibə haqqında, müharibənin gedişi haqqında, döyüş əzmi haqqında, qələbə ruhu haqqında döyüşçü fikirləri indi də gərəkli hesab edilir, gələcəkdə də gərəkli hesab ediləcəkdir...
Müdafiə nazirinin müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyevin "Azərbaycan Ordusu" qəzetinə ünvanladığı məktubda deyilir: "Azərbaycan Ordusu" qəzeti Azərbaycan Ordusunun fəaliyyətini, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığında əldə edilən nailiyyətləri yaradıcılıqla işıqlandırır. "Azərbaycan Ordusu" qəzetinin əməkdaşları Vətən müharibəsində də əsgər və zabitlərin döyüş əzminin, qələbə ruhunun yüksəldilməsində məsuliyyətlə fəaliyyət göstərmişlər. Nazir müavini əməkdaşları qəzetin nəşrə başlanmasının 29-cu ildönümü münasibətilə təbrik etmişdir.
Azərbaycan Ordusunun tarixləşdirdiyi Zəfər tarixini "Azərbaycan Ordusu" böyük qürurla özü də yaşadı, oxucularına da yaşatdı, həm də bu müqəddəs qüruru tarixin yaddaşına köçürdü...
Azərbaycan Ordusunun tarixləşdirdiyi Zəfər tarixini "Azərbaycan Ordusu" böyük qürurla yaşadı, yaşatdı...
29 il əvvəl ilk sayı dərc edilən "Azərbaycan Ordusu" qəzeti ordu quruculuğunun söz əsgəridi...
 
Rəşid HÜSEYNOV, əməkdar jurnalist