Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Fevral 2021 13:50

“Fəxr edirəm ki, Vətən müharibəsində mən də iştirak etdim...”

Qırx dörd gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun zabit və əsgərləri cəsarətlə vuruşaraq erməni qəsbkarlarını məğlubiyyətə uğratdılar. Hünər və qəhrəmanlıqları ilə 28 ildən bəri davam edən işğala son qoydular. Erməni qəsbkarları ordumuzun gücü, qüdrəti qarşısında dayana bilməyərək geri çəkildilər. Təbii ki, torpaqlarımızı erməni işğalçılarından təmizləyən cəsur zabit və əsgərlərimiz hər cür tərifə, hər cür xoş sözə layiqdirlər.
İkinci Qarabağ savaşında vuruşan, sözün həqiqi mənasında, erməni qəsbkarlarına qan udduran əsgərlərdən biri də İsmayılov Əli Asif oğludur. Vətən müharibəsində böyük hünər, qəhrəmanlıq göstərən əsgər Əli İsmayılovla bu günlərdə görüşüb, iştirakçısı olduğu döyüşlər barədə söhbət etdik. Öyrəndik ki, Əli İsmayılov Saatlı rayonunda dünyaya göz açıb. Orta təhsilini başa vurandan sonra həmyaşıdları kimi ordu sıralarına yollanıb. 2014-2016-cı illərdə cəbhə bölgəsində yerləşən hərbi hissədə xidmət edib.
Əsgər Əli İsmayılov söhbətə həmin illərdən cığır saldı:
- Xidmətə başlayanda bizə təlim keçən zabitlərdən öyrəndim ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov da bu hərbi hissədə xidmət edib. Ölümdən qorxmadan cəsarətlə, hünərlə erməni qəsbkarlarının üzərinə gedib. Düşmənə qarşı təkbaşına döyüşüb, neçə-neçə yağını məhv edib. İşğalçılara Azərbaycan əsgərinin gücünü, qüdrətini göstərib. Bunu öyrənəndə çox sevindim. Deməli, mən Milli Qəhrəmanımızın xidmət etdiyi hərbi hissədə xidmət edəcəkdim. İl yarım ərzində bir çox silahlardan hədəflərə atəş açmağın sirlərini öyrəndim. Ordu sıralarından tərxis olunandan bir-iki ay sonra ordumuzun böyük üstünlüyü ilə başa çatan Aprel döyüşləri başlandı. Çox təəssüfləndim ki, mən o döyüşlərin iştirakçısı olmadım. İkinci Qarabağ müharibəsi başlanan kimi döyüşlərdə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinə müraciət etdim. Məni ordu sıralarına çağırdılar. İlk savaşımız uğurlu oldu. Cəbrayıl rayonunun üç kəndini erməni işğalçılarından azad etdik. Onlar güclü əks-hücumlarımız qarşısında dayana bilməyərək geri çəkilirdilər. Zabit və əsgərlərimiz qorxu bilmədən vuruşurdular. Düşmənlə üz-üzə gəlib döyüşəcəyimiz, onları məhv edəcəyimiz günü illərdən bəri idi ki, gözləyirdik. Komandirimiz baş leytenant Qadir Quliyev çox cəsarətli və qorxmaz zabit idi. Daim bizi döyüşlərə, düşmən üzərinə aparırdı. O, Aprel döyüşlərində də iştirak etmişdi. Bu əməliyyatlarda böyük igidlik göstərmiş, düşmənə sarsıdıcı zərbələr endirmişdi. Təəssüflər olsun ki, ayağından yaralanmış, döyüş yolu yarımçıq qalmışdı. Sağaldıqdan sonra o yenə də səngərdəydi, düşmənlə döyüşürdü. Hamıdan öndə vuruşurdu, dəqiq atəş zərbələri ilə erməni qəsbkarlarını məhv edirdi. Sevinirdim ki, ordumuzun belə cəsur, igid zabitləri var. Oktyabrın 17-nə qədər Cəbrayıl rayonunda vuruşduq. Elə həmin gün bölməmizi Qubadlı rayonuna apardılar. Oralar çox gözəl, səfalı yerlər idi. Həkəri çayını gördüm, hələ suyundan da içdim. Gör, düşmən necə səfalı və gözəl yerlərimizi işğal etmişdi. Biz addım-addım yurdumuzu ermənilərdən azad edirdik. Çox fərəhləndirici və qürurverici günlər yaşayırdıq. Yağılar müqavimət göstərməyə çalışsalar da, biz onları üstələyib geri qovurduq. Hər günümüzü zəfərlə, uğurla başa vururduq. Amma təəssüflər olsun ki, oktyabrın 19-da döyüşün qızğın vaxtında qəsbkarlar bizi minaatanlardan atəşə tutdular. Qəlpələr ayağımdan dəydi, döyüş yolum yarımçıq qaldı. Buna çox təəssüfləndim, çünki istəyirdim ki, Şuşanın azad edilməsi əməliyyatında iştirak edim. Ona sevinirəm ki, məni arzularıma döyüşçü yoldaşlarım çatdırdı. Onlar erməni qəsbkarlarını Qubadlıdan, Laçından qova-qova Şuşaya daxil oldular. Yağıları buradan da geri oturdub üçrəngli bayrağımızı Şuşada dalğalandırdılar. Ordumuz 44 gün ərzində səngiməyən döyüşlərdə 28 illik işğala son qoydu. Fəxr edirəm ki, bu qələbənin, bu zəfərin qazanılmasında mən də iştirak etdim. Komandirimiz baş leytenant Qadir Quliyevlə tez-tez zəngləşir, əsgər dostlarımdan xəbər tuturdum. Şükür, həm komandirim, həm də əsgər yoldaşlarım sağ-salamatdılar. Yaralarım yavaş-yavaş sağalır, ağrılarım azalır. Vətən üçün nə vaxt lazım olsam, yenə də döyüşlərə hazıram.
Əsgər Əli İsmayılovun döyüşlərdə göstərdiyi igidlik, qəhrəmanlıq layiqincə qiymətləndirilib. O, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə "Cəsur döyüşçü" və "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görülüb. Bu gün əsgər Əli İsmayılov kimi cəsur oğullarla təkcə valideynləri, yaxınları deyil, bütün xalqımız fəxr edir.

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"