Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Fevral 2021 13:50

“Vətənə xidmət edənlərin xidmətindəyik”

İnsanlar ömür payını öz seçimləri əsasında yaşayırlar. Elə insanlar var ki, əməlləri onu sevgi ilə xatırladır. Onlar bu səbəbdən həm də ömrünü ürəklərdə yaşayırlar.
Həkimlik nəcib, gərəkli və məsuliyyətli peşələrdəndir. Həkimlər şəfa bəxş etdiyi xəstələrin ruh qardaşı olur...
Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin tabeliyində olan Mərkəzi Stomatoloji Poliklinikanın sınaq-təlim bölməsinin rəisi tibb xidməti mayoru Faiq İslamov təcrübəli stomatoloqdur.
Azərbaycan Tibb Universitetini bitirib. Qəlbinə hakim kəsilən vətənsevərlik onun orduda xidmət etməsi ilə nəticələnib. 21 ildir hərbi xidmətdədir.
Sınaq-təlim bölməsinin rəisi bildirdi ki, yeni təmir olunaraq istifadəyə verilən tibb məntəqəsinin ən müasir tibbi avadanlıqlarla təchiz edilməsi hərtərəfli müayinə və müalicələrə imkan verir. Bizə zabit, gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgərlər, Vətən müharibəsi yaralıları, ehtiyatda olan hərbçilər, onların ailə üzvləri və mülki vətəndaşlar müraciət edirlər. Xəstələrə əlverişli tibbi xidmət göstərilməsi üçün hər cür imkanlarımız var.
Sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başlayıb, 44 gün davam edən, Qələbə ilə başa çatan Vətən müharibəsi haqqında qürurla danışan tibb xidməti mayoru qeyd etdi ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoydu. "Torpaqlarımız işğaldan azad edildi. Bu qələbə bu günün uşaqlarının da, yeniyetmələrinin də, gənclərinin də vətənpərvərlik ruhunun formalaşmasında mühüm əhəmiyyətə malik olacaqdır. Qüdrətli Azərbaycan Ordusunun qazandığı şanlı Zəfər xalqımıza yaşadığı bütün ağrı-acıları unutdurdu..."
Vətən müharibəsində, sözün əsl mənasında, 24 saat xidmətdə olan həkim-stomatoloq onu da dedi ki, döyüşçülərimizin üz-çənə nahiyəsindən aldıqları bütün travma və zədələr tam bərpa olunub. Bizim sahədə yaralanmalardan heç bir itki olmayıb. Vətənə xidmət edənlərin xidmətindəyik.
Tibb sahəsində baş verən yenilikləri daim izlədiyini deyən təcrübəli stomatoloq respublikadaxili konfranslarda iştirakından danışaraq qeyd etdi ki, belə tədbirlər peşə hazırlığının formalaşmasına zəmin yaradır.
Yaxşı həkim həm də milli mentalitetimizin daşıyıcısı olur. Yüksək mənəvi dəyərlərə malik olmadan xalqın həkimi olmaq mümkün deyil; hərbçi həkimlər bu amalla xidmət edirlər...
Sokratın bir kəlamını xatırlayıram: "Yaxşı bir həkimdə dörd xüsusiyyət vardır: nəzakətlə dinləmək, ağıllı danışmaq, diqqətlə düşünmək və tərəfsiz qərar vermək". Tibb xidməti mayoru Faiq İslamovda bu xüsusiyyətləri sezmək çətin deyil...
Həkimlik qəhrəmanlıq, hünər deməkdir.
Həkimlik fədakarlıq, duru, saf niyyət tələb edir.
 
Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"