Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Fevral 2021 13:33

“Ruhumuzla, bütün varlığımızla xalqımızla bir sırada nəfəs alırdıq”

Müharibənin ilk günündən xalqla sevincini bölüşən Ali Baş Komandan "Qarabağ Azərbaycandır!" deyirdi. Xalq da, ordu da Vətən müharibəsində ölkə başçısını - Ali Baş Komandanını dəstəkləyərək, bu savaşa bir şüar və bir amalla getdi  - "Qarabağ Azərbaycandır!".
Bu şüarla döyüşlərə qatılan oğullarımızdan biri ilə - əsgər Orxan Məmmədovla  "N" hərbi hissəsində həmsöhbət olduq.
"Qazandığımız tarixi Zəfər Azərbaycan xalqının, xüsusən Azərbaycan hərbçisinin milli vətənpərvərlik ruhunun yüksək olduğunu, millətimizin Vətən, dövlət, dövlətçilik, milli bayraq sevgisini, dövlət başçısı və xalq birliyini parlaq şəkildə nümayiş etdirdi", - deyə əsgər söhbətə başladı. - Vətən uğrunda döyüşmək, onu sevmək və qorumaq biz əsgərlərin əsas vəzifəsi idi. Vətənpərvərlik fəlsəfəsi hər bir Azərbaycan vətəndaşının, hər bir Azərbaycan əsgərinin, zabitinin, gizirinin simasında ifadəsini tapdı. Vətən hər birimizin müqəddəs səcdəgahı, pənah yeridir. Dünyada ən böyük qəhrəmanlıq məhz Vətən naminə edilib. Hər şeydən pay ola bilər, amma Vətəndən pay olmaz. Vətən müharibəsi başlayanda tərəddüd etmədən "Tarixi torpaqlarımız yolumuzu gözləyir" deyib döyüşlərə qatıldıq.
Əsgər Orxan Məmmədov onu da bildirdi ki, ilk uğurlu əməliyyatda düşməni qərarlaşdığı postdan çıxartmağa nail oldular. "Ermənistan ordusunun bir alayı Suqovuşanda yerləşirdi. Ordumuzun uğurlu əməliyyatı nəticəsində həmin alayın darmadağın edilməsindən sonra ilkin olaraq post, bəzi yaşayış məntəqələri və Suqovuşan işğalçılardan təmizləndi. Torpaqlarımızın azadlığı yolunda qarşımıza çıxan hər bir maneəni dəf etdik, ermənilərin qurduğu sədləri dağıdıb keçdik. Düşmənin əsas müdafiə xəttini yarmaqla, döyüşün gedişində mühüm bir üstünlük əldə etdik. Əslində, biz bu Qələbəni xalqımızdan aldığımız gücün, dəstəyin sayəsində qazandıq. Biz hərbi qulluqçular döyüşlər zamanı ruhumuzla, bütün varlığımızla xalqımızla bir sırada nəfəs alırdıq. Ancaq bu Qələbənin qazanılmasında Ali Baş Komandanımızın, Ağabala Manafov, Tural Tağıyev, Üzeyir Ağabalayev, Gülməmməd Rzazadə, Məhəmməd Ələsgərov, ... kimi zabitlərimizin, şəhidlərimizin, qazilərimizin, ümumiyyətlə, bütün şəxsi heyətin zəhməti ölçüyəgəlməzdir".
"Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunan əsgər Orxan Məmmədov göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana təşəkkür etməklə yanaşı, Azərbaycan xalqının Zəfər günündən də söz açdı. "Xalqımız Azərbaycan Ordusunun qazandığı Qələbə sayəsində heç zaman unudulmayacaq, hafizələrdən silinməyəcək bir Tarix yaşadı… Zəfər tarixini... Zəfər paradı bir daha sübut etdi ki, Azərbaycan qalibdir! Hamı gördü ki, Azərbaycan Ordusu Ermənistanın işğalçı ordusunu diz çökdürdü, Azərbaycan əsgəri qəhrəmanlıqla döyüşərək faşist xislətli düşməni öz torpaqlarından sürətlə qovdu, bir qarış ərazisini belə özgədə qoymadı! Bu, Azərbaycan xalqının möhtəşəm Qələbəsidir! Bu, Azərbaycan Ordusunun hünər və şərəfli çarpışmasının məntiqi və qanuni nəticəsidir!".

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"