Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Fevral 2021 13:33

“Biz amalımıza çatmalıydıq – işğalda olan torpaqlarımızı azad etməliydik”

Tariximizin səhifələrinə qızıl hərflərlə yazılan Vətən müharibəsi hər bir azərbaycanlının yaddaşında silinməz izlər qoydu. 44 günlük müharibədə hərbçilərimiz qəhrəmanlıq salnaməsi yazaraq, qısa vaxtda işğalçı düşmənin təcavüzünə son qoydu. Qəlbində Vətən sevgisi olan igidlərimiz döyüş meydanında sürətlə irəliləyərək, ermənilərin torpaqlarımızda yaratdıqları müvəqqəti mövqelərini darmadağın etdilər. Qarşısında cəsur əsgərlərimizi görən mənfur düşmən vahimə içində geri çəkilməyə məcbur oldu. Bütün dünya Qarabağda baş verən hadisələri izləyərək, işğalda olan torpaqların bizim üçün nə qədər müqəddəs olduğunun şahidi oldu.
Döyüşlər başladığı gündən hər kəs üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdi. Buna görə bu gün biz qalib xalq olaraq qələbəmizi qeyd edirik.
Əsgər İlfan Abdullayev də Vətən müharibəsində düşmənə qarşı amansız mübarizə aparanlardandır. Onunla "N" hərbi hissəsində tanış olduq. Balakən rayonunda dünyaya göz açan əsgər müharibənin kənardan göründüyü qədər asan olmadığını bildirdi. "Döyüş meydanında baş verənləri sözlə ifadə etmək çox çətindir. Hərbi xidmətə gəldiyimiz gündən keçirilən məşğələ və təlimlərin hərbin sirlərinə yiyələnməyimizdə rolu böyük olmuşdur. Savadlı və bacarıqlı komandirlərimizin səyi nəticəsində döyüşün nə olduğunu öyrənmişdik. Buna görə əks-hücum əməliyyatı başlayanda özümüzü itirmədik. Komandirlərimizin verdiyi əmr və tapşırıqları dəqiq icra etdik. Hər tərəfdən güllə, mərmi, partlayış səsləri eşidilirdi. Bizi heç nə qorxutmurdu. Çünki biz amalımıza çatmalıydıq - işğalda olan torpaqlarımızı azad etməliydik. Ali Baş Komandanımızın dilindən kəndlərimizin, rayonlarımızın azad edildiyini eşidəndə sevinc gözyaşlarımızı saxlaya bilmirdik. Bu anı illərdir gözləyirdik. Fəxr edirəm ki, mən də ərazi bütövlüyümüzü bərpa edən oğulların sırasındayam."
Əsgər İlfan Abdullayevin qardaşı Soltan Abdullayev və bibisi oğlu Faiq Əliyev də torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərin iştirakçıları olublar. Həmsöhbətimiz bildirdi ki, bibisi oğlu Vətən uğrunda canını fəda edərək, şəhidlik zirvəsinə ucalıb. "Fəxr edirəm ki, Faiq kimi qorxmaz və cəsur qəhrəmanın qohumuyam. O, qorxu bilmədən düşmənin üzərinə şığıyaraq, Vətənimizin bütövlüyü, xalqımızın azadlığı uğrunda canını fəda etdi. Xalqımız qəhrəman oğullarını heç vaxt unutmayacaq, həmişə qəlbində yaşadacaq. Şəhidlərimizin döyüş yolu gələcək nəsillərə örnəkdir. Bibim oğlunun simasında bütün şəhidlərimizə Allahdan rəhmət, ailə üzvlərinə səbir diləyirəm. Hər birinin qarşısında baş əyirəm”.
Əsgərlə söhbətimizi yekunlaşdırıb vidalaşırıq. Hərbi hissədə olduğumuz müddətdə əsgər İlfan Abdullayev kimi, Vətənimizə bütün qəlbi ilə bağlı olan oğullarımızın çox olduğunun şahidi olduq. Hər biri Vətənimizin müdafiəsində ayıq-sayıq dayanaraq, torpaqlarımızı göz bəbəyi kimi qoruyur.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"