Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Fevral 2021 11:42

İşğaldan azad olunan torpaqlarımız minalardan və partlayıcılardan təmizlənir

Mühəndis qoşunları müharibə şəraitində hücum edən qoşunlarımızın maneəsiz düşmənin müdafiə xəttini yararaq onun fortifikasiya qurğularını qısa zamanda asanlıqla keçməsini təmin edirdi. Həmçinin döyüşlər zamanı işğaldan azad edilmiş ərazilərimizdə hərbi avtomobillərin, döyüş texnikalarının rahat və təhlükəsiz hərəkəti üçün yolları minalardan təmizləyərək dağılmış yolları hamarlayıb bərpa etmiş, lazım olan yerlərdə isə yeni yolların açılması işlərini həyata keçirmişdir.
Bölmələrimizin qarşılıqlı fəaliyyəti nəticəsində işğalda olan torpaqlarımız düşməndən azad edilib. Hər bir azərbaycanlı qazanılan Qələbənin sevincini yaşayır, tezliklə işğaldan azad edilən torpaqlarımızın səfalı yerlərini görmək istəyir. Ancaq unutmamalıyıq ki, düşmən məğlubiyyətinə baxmayaraq işğalda olan torpaqlarımıza minalar və digər partlayıcı maddələr döşəyib. Belə bir vaxtda yenə əsas vəzifə mühəndis-istehkam bölmələrinin üzərinə düşür. Biz də onların fəaliyyəti ilə yaxından tanış olmaq üçün işğaldan azad edilən Ağdam rayonuna yollandıq.
Burada bizi kapitan Roman Sərkarov qarşıladı. İlk növbədə  qarşıya qoyulan tapşırıqlardan danışan zabit bildirdi ki, tabeliyində olan bölmə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir. "Mühəndis qoşunları müharibənin ilk vaxtlarında olduğu kimi, hal-hazırda da işğaldan azad edilmiş ərazilərimizdə hərtərəfli təminatın yüksək səviyyədə təşkil olunması məqsədilə üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlirlər. Yollarda təhlükəsiz hərəkətin təmin edilməsi üçün partlamamış mərmilərin, minaların aşkar olunması və zərərsizləşdirilməsi prosesini uğurla yerinə yetirirlər. Hərbi qulluqçularımız müasir avadanlıq və vasitələrdən istifadə etməklə  düşmən tərəfindən basdırılan minaları və partlayıcı maddələri aşkar edərək, xüsusi üsulla məhv edirlər. Bu zaman təhlükəsizlik qaydalarına ciddi riayət edilir. Çünki hərbi mütəxəssis qarşıya qoyulan tapşırığın yerinə yetirilməsi zamanı həyati təhlükə ilə üzbəüz dayanır. Belə çətin və şərəfli vəzifənin öhdəsindən yalnız seçilmiş şəxslər gəlirlər."
Döyüş təəssüratlarını bizimlə bölüşən zabit bildirdi ki, hər birimiz illərdir bu günün həsrəti ilə yaşayır, mütəmadi olaraq hərbi bilik və vərdişlərimizi təkmilləşdirirdik. “Əks-hücum əmri verildiyi zaman sevincimin həddi-hüdudu yox idi. Düşməndən şəhid olan qardaş və bacılarımızın qisasını almaq istəyirdik. Bölmələrimiz irəlilədikcə azad olunmuş ərazilərimizi təmizləyirdik. Ağdam Cümə məscidinə daxil olduğum an heç vaxt yaddaşımdan silinməyəcək. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən digər tarixi abidələrimiz kimi, Ağdam Cümə məscidi də yandırılıb, ciddi dağıntılara məruz qalıb. Ətrafda minaların və partlayıcı maddələrin olub-olmaması yoxlanıldıqdan sonra məsciddə illər sonra azan da səsləndirildi. Şükürlər olsun ki, Zəfər gününü görmək, qələbə sevincini yaşamaq mənə də qismət oldu. İnşallah, tez bir zamanda Ali Baş Komandanın rəhbərliyi ilə xarabalıq halına salınmış rayonlarımız, kəndlərimiz gülüstana çevriləcək."
Daha sonra ərazidə minadan təmizləmə işlərinə nəzarət edən baş leytenant Camal Əzizbəyli ilə həmsöhbət olduq. Hərbi qulluqçu bildirdi ki, döyüşlər zamanı bütün qoşun növləri hazırlıqlarının nə qədər yüksək səviyyədə olduğunu nümayiş etdirdilər. "Döyüş meydanında qazandığımız qələbə qoşun növlərinin bir-biri ilə sıx əlaqəli olduğundan irəli gəlir. Biri digəri olmadan qələbəyə doğru tək irəliləyə bilməz. Hər biri ayrılıqda böyük əhəmiyyət kəsb edir. Mühəndis qoşunları düşmənə itki verdirmək, onun irəliləməsini ləngitmək, bütün silah növlərinin atəşi ilə zərbə vurmaq üçün əlverişli şərait yaradır. Həmçinin düşmənin manevr etməsini məhdudlaşdırır və ya onları öz qoşunlarımız üçün lazım olan istiqamətdə hərəkət etməyə məcbur edir. Bu məqsədə istehkamçılar ərazidə qurulan mina-partlayış vasitələri, süni şəkildə yaradılan maneələr, tikililər və obyektlərin dağıdılması ilə çatırlar. Vaxtında düzgün şəkildə aparılan mühəndis işlərinin və təmas xəttində olan bölmələrimizin sayıqlığı nəticəsində düşmənin hücumunun qarşısı alındı. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatına başladıq. Hər birimiz torpaqlarımızın azadlığı uğrunda mübarizə aparırdıq. Çox sevinirəm ki, uğurla başladığımız əks-hücum əməliyyatı Zəfərlə başa çatdı."
Ərazidə işləyən hərbi mühəndislərin hər birinin peşə vərdişlərinə dərindən yiyələnməsi aydın sezilirdi. Detektorun siqnalından sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Zair Əliyevin axtarış sahəsində təhlükəli maddənin olması haqqında məlumatı diqqətimizi cəlb etdi. Hərbi mühəndis daha dəqiq və səlist hərəkətlərlə ərazinin kəşfini aparırdı. Mütəxəssis ərazidə partlamayan mərminin olması haqqında bölmə komandirinə məruzə etdi. Mərmi təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv edildi.
Öyrəndik ki, hərbi qulluqçu əslən Laçın rayonundandır. O, işğalda olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərin iştirakçısıdır. "Böyüklərimizdən işğalda olan dilbər guşələrimizin gözəlliyi haqqında çox eşitmişdim. Həmişə xəyallarımda o yerlərə səyahət edərdim. Ali Baş Komandanımızın rəhbərliyi altında işğala son qoyanların sıralarında olmağımla fəxr edirəm. Biz şəhidlərimizin qanını yerdə qoymadıq. Əminəm ki, tezliklə işğalda olan torpaqlarımızı minalardan təmizləyəcəyik. Doğma yurd-yuvalarından didərgin düşən soydaşlarımız isti ocaqlarına geri dönəcəklər. Yenə bu yerlərdə sülh və əmin-amanlıq hökm sürəcək. Qürurluyam ki, qalib ordumuzun hərbi qulluqçusuyam."
İşğaldan azad edilən torpaqlarımızı gəzdikcə pis niyyətli düşmənin əməllərinin bir daha şahidi olursan. Evlərimiz və tarixi abidələrimiz dağıdılmış, meşələrimizdə ağaclar qırılaraq yandırılmışdır. Ancaq rəşadətli ordumuz işğala son qoydu. Bütün dünya ictimaiyyətinə çatdırdı ki, biz torpaqlarımız uğrunda mübarizə apardıq və döyüş meydanından qalib ayrıldıq. İnşallah, tezliklə Ali Baş Komandanımızın rəhbərliyi altında bu yerlər minalardan təmizlənəcək və bu ərazilərdə yenidənqurma işləri aparılacaqdır.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"