Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Fevral 2021 10:55

44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq

Ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. Hər kəs Vətən fədaisi oldu o gün. İllərlə yaşadığımız ağrı-acılar bir andaca sevincə çevrildi. Ordumuzun bu qalibiyyəti bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətindədir.
Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Gedən döyüşlər bizim hansı iradəyə, hansı hisslərə sahib olduğumuzu göstərdi. Vətən müharibəsinin qəhrəmanlarından biri mayor Elsevər Hümbətov da öz ordusu, öz xalqı, öz milli mənliyi uğrunda qəhrəmancasına vuruşdu. Bu qəhrəmanlığı yüksək qiymətləndirən Ali Baş Komandan zabiti bir çox hərbi qulluqçularımız kimi 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif etdi.
"Adi günlərdən biri kimi yaşayacağımız 2020-ci ilin 27 sentyabrı indi tarixdir - Zəfər tariximizin başlanğıcıdır. Həmin tarixdən xalqımıza məxsus olan milli qürur, əyilməzlik kimi keyfiyyətlər tüğyan etdi", - deyə zabit söhbətə başladı.
- Vaxt gələcək 30 ildən bəri inşa edilmiş istehkamları yarıb keçən Azərbaycan Ordusunun əks-hücum əməliyyatları hərb tarixi üzrə mütəxəssislər tərəfindən öyrəniləcək. Şuşanı işğaldan azad edən oğullarımızın şücaəti isə peşəkar hərbçilərin araşdırma mövzusu olacaq. Öz cəsarəti, igidliyi ilə Vətən torpağını azad edən və qətiyyəti ilə düşməni dizə gətirən Azərbaycan Ordusunun fəaliyyətini bütün xalqımız yüksək qiymətləndirir.
Ordumuzun zəfər yürüşləri xalqımıza qol-qanad verdi. Erməni xainləri ordumuzun bu rəşadətli hünəri qarşısında diz çökdü. Yalan və hiylə ilə qurulan qondarma rejim özünün çürüklüyünü və iflasa uğradığını etiraf etdi. Dünyanı öz çirkin, bəd əməlləri ilə əsas həqiqətlərdən yayındırmaq istəyən xain düşmən ilahi həqiqəti aldada bilmədi. Otuz il bundan əvvəl ayaqyalın evindən, doğma yurd-yuvasından didərgin saldıqları insanların taleyini bu gün özləri yaşadılar.
Zabit onu da qeyd etdi ki, sentyabrın 27-də ermənilər mövqelərimizi ağır artilleriyadan atəşə tutdular. "Verilən əmr əsasında düşmənin arxasında kəşfiyyat əməliyyatları aparmalı və həmin mövqeləri azad etməli idik. Düşmən o qədər də hündür olmayan yüksəklikdə mövqe tutmuşdu. Yüksəkliyi azad etdikdən sonra digər ərazilərə hücum etmək imkanlarımız daha da asanlaşacaqdı. Ona görə də bu mövqe qoşunlarımız üçün strateji əhəmiyyət kəsb edirdi. Nəhayət, ağır döyüş başladı...
Biz üzərimizdəki güllələr, qumbaralar və silahlarla yüksəkliyə qalxır, bu da işimizi çətinləşdirirdi. Biz erməni postuna yaxınlaşdıqca onlar atəşi daha da sürətləndirir, erməni artilleriyasının atdığı mərmilər sağ-solumuzda partlayırdı. Bəzən mərminin düşəcəyini hiss etsək də, macal tapıb yerə uzana bilmirdik. Çünki həmin vaxt atılan hər addımın hədəfə çatmaq üçün əvəzsiz dəyəri vardı. Artıq şəhidlərimiz və yaralılarımız var idi... Allahdan şəhidlərimizə rəhmət və qazilərimizə şəfa diləyirəm. Döyüşün gedişində mən ayağımdan və sinəmdən qəlpə yaraları aldım. Yaralandıqdan sonra mənə elə gəlirdi ki, nəfəsim çatmır... Öz-özümə əmr verirdim ki, dayanmaq olmaz, yalnız irəli! Əmrimə əməl edə bilmədim. Gözümü açanda özümü hospitalda gördüm".
"Ən əsası odur ki, bu müharibədə bütün xalq öz rəhbəri ətrafında bir yumruq kimi sıx birləşdi. Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə tutdu", - deyə zabit sözünə davam etdi.
Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazandıq... Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"