Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Fevral 2021 10:54

Bir zamanlar bizə həmvətən olub indi vətənləşənlər

44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı sayəsində Böyük Qələbə ilə başa çatdı. Bu müqəddəs yolda şəhidlərimizin Vətən sevgisini sabahlarımız üçün yaşadacağıq. Şəhidlər xalqımıza ölçüyəgəlməz qürur, fəxr hissi yaşatmaqdadır.
Şəhidlik müqəddəsdir. Şəhidlik Vətənə sonsuz sevginin təcəssümüdür. Şəhidlik şərəf, ucalıq zirvəsidir. Bu zirvəyə çatmaq,  bu məqama yüksəlmək hər insana nəsib olmur.
İkinci Qarabağ müharibəsində bu zirvəyə ucalan, müqəddəs amallar uğrunda döyüşən Vətən və xalq yolunda canını fəda edən döyüşçülərimizdən biri də tank komandiri gizir Səbuhi İbrahim oğlu Səmədovdur.
Tank komandiri gizir Səmədov Səbuhi İbrahim oğlu 23 iyun 1985-ci ildə Neftçala rayon Xıllı qəsəbəsində anadan olmuşdu. 2002-ci ildə Rafiq Gözəlov adına 1 saylı tam orta məktəbi bitirmişdi. Müddətli həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra, yenidən ordu sıralarına qayıtmışdı. 2010-cu ildə tank komandiri vəzifəsinə təyin edilmişdi. Xidmət müddətində nümunəvi xidmətinə görə dəfələrlə fəxri fərman və medallara layiq görülmüşdü. Aprel döyüşlərinin iştirakçısı olan Səbuhi 2020-ci ildə Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
Gizir Səbuhi Səmədov Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.  
Yol boyu qəbiristanlıqlardakı şəhid məzarlarını gördükcə qürurqarışıq kövrəklik, izaholunmaz hisslər yaşamaqdayam. Ruhunu yerindən oynadan qəlb pıçıltılarınla baş-başa qalanda şəhid məzarı önündə bu qədər rahatlıq tapa bilərsən.
İlk öncə Vətənə sədaqət və sevgisini öz canından üstün tutan, bu yolda şəhid olan qəhrəman hərbçimizin məzarını ziyarət etdim. Sıralanmış şəhid məzarları... Müqəddəs torpağın müqəddəslik nişanələri. Əzəmətlə dalğalanan üçrəngli bayrağımızın kölgəsində şəhidlərin gülümsəyən məğrur şəkilləri... Hər baxışdan bir məna süzülür. Babalarımızdan miras qalan əzəli və əbədi torpaqlarımız işğaldan azad edilib. Vətən torpağının hər qarışını canından əziz bilən igid həmvətənlərimin müqəddəs ruhu qarşısında ehtiramla baş əyərək, qürur duydum.
Şəhidin qəsəbənin mərkəzindəki fotostenddə qalibanə görünüşlü nurlu simasıyla, qapılarında əzəmətlə dalğalanan üçrəngli bayrağımızla qarşılaşıram. Ailə üzvləri nə qədər üzgün olsalar da, onun Vətən sevgisi, ərazi bütövlüyümüz uğrunda canından keçməsi ilə fəxr edirlər.  
Şəhidin məğrur görünüşlü atası İbrahim Səmədov dedi ki, Səbuhi indi bütün Azərbaycanın övladıdır. “Mən bir ata olaraq onun Vətən, torpaq, xalq sevgisi ilə fəxr edirəm. Oğlumun ucaldığı şəhidlik elə bir zirvədir ki, hər kəs bu zirvəyə ucala, ölümsüzlüyü qazana bilmir. Peyğəmbərimiz (s.ə.s) şəhidlik haqqında buyurmuşdu: "Cənnətə girən şəxs, yer üzünün bütün nemətləri ona verildiyi təqdirdə belə, dünyaya qayıtmaq istəməz. Təkcə şəhiddən başqa. Şəhid on dəfə dünyaya gəlib, on dəfə də şəhid olmaq istər". Şəhidlər Vətən, millət, dövlət yolunda ölümün üzərinə gözlərini belə qırpmadan yürüyə bilirlər".
Şəhidin atası bildirdi ki, sonuncu dəfə oğlu ilə oktyabrın 7-si səhər saatlarında telefon əlaqəsi saxlayarkən böyük ruh yüksəkliyi ilə hər şeyin yolunda olduğunu, tezliklə  ordumuzun düşmən işğalında olan bütün torpaqlarımızı azad edəcəyindən danışıb.
Bu günlərdə şəhidin məzarını, ailəsini ziyarət edən döyüş yoldaşları bildiriblər ki, həmin vaxt Cəbrayılda gərgin döyüşlər gedirdi. Avtovağzal adlanan ərazinin azad edilməsi üçün gedən döyüşdə Səbuhinin komandiri olduğu tank vurulur. Tank komandiri özü də qəlpə yarası alır. Lakin bu barədə heç kəsə bir söz demir. Tankı istifadəyə yararlı olmadığı üçün səhəri gün - oktyabrın 8-də Səbuhi döyüş meydanına başqa bir tankda Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidovla birlikdə gəlir. Çox böyük ruh yüksəkliyi, Qələbə əhval-ruhiyyəsi ilə ordumuzun işğalda olan tarixi torpaqlarımızda müqəddəs bayrağımızı dalğalandıracağından danışırlar. Biz artıq Qubadlının azad olunmasından, hansı istiqamətdə hərəkətimizdən danışırdıq...
Döyüşdə mərmi Səbuhinin komandiri olduğu tankın bir metrliyinə düşür. Zərbədən tank qalxıb yerə çırpılır.  Daxilindəki qəlpə öz işini görməklə bərabər, bu zərbədən də aldığı ürək travması tank komandirinin arzularını yarımçıq qoyur. Vətən müharibəsində düşmənin onlarla hərbi texnikasını sıradan çıxaran, canlı qüvvəsini məhv edən tank komandiri gizir Səbuhi Səmədov şəhid olur.
Dövlətimizin şəhid ailələrinə olan diqqət və qayğısından razılıqla danışan ata o günlərdə Neftçala rayonunun millət vəkilinin, rayon rəhbərliyinin onlara baş çəkdiyini vurğuladı.
Səbuhi daim Aprel döyüşlərində iştirak etməsindən, Lələtəpənin azad olunması döyüşlərindən qürurla danışar, Ali Baş Komandanın əmri ilə işğalda olan torpaqlarımızın azad olunmasına hazır olduğunu deyərmiş.     
Oğlunun şəkillərinə həssaslıqla toxunan Əsli ana kövrəkliklə danışdı şəhid övladından. "Səbuhinin uşaqlıqdan hərb sənətinə böyük marağı vardı. Qardaşları ilə taxtadan tapança, avtomat düzəldib, bağda xəzəllərin arasında dava-dava oynayardılar. Hər dəfəsində də deyərdi ki, "düşmən" gülləsi məni öldürə bilməz... Əsgəri xidmətini başa vurduqdan sonra da ordu sıralarında xidmətini davam etdirmək istədiyini bildirdi. Ailə böyüklərinin xeyir-duası ilə xidmətə başladı. Ən böyük arzusu torpaqlarımızın düşmən tapdağından azad olunmasını, üçrəngli bayrağımızın Qarabağda dalğalanmasını görmək idi".
Rəssamlıq istedadı vardı. Tankının şəkillərini çəkərmiş. Müharibədən öncə anası ilə özünün birlikdə rəsmi üzərində işləyirmiş. Təəssüf ki, bu gün ananın əzizləyərək çərçivəyə salıb evin baş köşəsində asdığı tablo tamamlanmayıb...
Əsli ana oğlunun ona olan sonsuz sevgisindən də danışdı: "Səbuhi həmişə deyərdi: "Ay ana, Cənnət sənin ayaqlarının altındadır. Mən səndən ayrı düşməmək üçün Cənnəti qazanmalıyam”. Qazandı da. Mənim balam, badam gözlüm cənnətdədir. O şəhadətə qovuşub. Mən elə bir igid, vətənsevər oğulun anası olmağımla fəxr edirəm".
Şəhid övladına məktublar yazan ana yola salmadığı məktubları özü ilə bərabər Haqq dünyasına aparacaq...
Şəhid gizirin oğlu 12 yaşlı İbrahimin  hərb sənətinə, hərbi geyimə olan sevgisi sonsuzdur. Nəvəsinin xahişi ilə nənəsi şəhid atasının formalarından birini dərzidə ona uyğun düzəltdirib. İndi bu forma onun ən sevimli geyimidir. İbrahim dedi ki, bu formadan atamın ətri gəlir. "Düşünürəm ki, mən onu geyinəndə atamın ruhu da xoş olur, sevinir.  Mən də böyüyəndə atam kimi hərbçi, tank komandiri olacam. Vətənimizi düşmənlərdən qoruyacam".
Düşünürəm ki, İbrahim ata nəvazişinə həsrət böyüsə də, həyatı dərk edəndən sonra şəhid adının böyüklüyünü, şəhidlərin dünya boyda eşq ilə sevildiyini başa düşəcək. Qəhrəman atasına layiq oğul olacaq.
Şəhid gizirin qardaşı Ələkbər dedi ki, işi ilə əlaqədar tez-tez görüşə bilməsək də, telefon əlaqəsi saxlayardıq. Qardaşım həyatındakı fərqlilikləri ilə seçilirdi. Ölümü şəhadəti ilə də seçildi. Səbuhi qısa, amma şərəfli bir ömür yaşadı.
Qardaş itkisindən yanıb-yaxılan Elçin içindəki qəhərini gizlədərək sakitcə söhbətə qoşuldu.
- Vətən səngərdən başlayır. Qardaşım sübut etdi ki, tutduğu vəzifədən asılı olmayaraq hər bir Azərbaycan övladının ürəyi əzəli torpaqlarımızın azadlığı üçün döyünür. Vətənimin bağrını dələn səngərləri sərhədlərə köçürən qüdrətli ordumuzla fəxr edirik. Onlar xalqımıza həsrətində olduğumuz qələbə sevincini yaşatdılar. Mən qardaşımla fəxr edirəm.
Şəhidliyindən bir gün öncə axşam zəng vurub qardaşına. "Hiss edirəm ki, şəhid olacam. Valideynlərimə deyərsən ki, haqlarını halal etsinlər, başlarını da daim dik tutsunlar. Mənim üçün deyil, Zəfər müjdəsinə sevinc gözyaşları axıtsınlar. Oğlum öncə Vətənimə, sonra sizə əmanət...".
Şəhidin bacısı Gülzar qardaş itkisinin bacı üçün çox ağır olduğunu bildirdi: "Amma düşünəndə ki, qardaşım Vətən, torpaq uğrunda şəhid olub, müqəddəs bir məqama yüksələrək ölümsüzlük qazanıb, ürəyimə rahatlıq çökür. Qardaşım çox vətənpərvər, mehriban, qayğıkeş, mərhəmətli bir insan idi. Onun kimi igid bir qardaşım olduğu üçün fəxr edirəm".
Şəhidin xalası Xoşqədəm xanım səsindəki hüznü gizlətməyə çalışaraq övladı qədər sevdiyi Səbuhinin Vətən, torpaq, millət yolunda şəhid olması ilə təsəlli tapıb, qəhrəmanlığıyla qürurlandığını, Tanrı dərgahında şəhidlik məqamının Peyğəmbərlikdən sonra ən yüksək zirvə olduğunu qeyd etdi.
Yaxın qohumlarından Günel İbrahimova və Vilayət Süleymanov bildirdilər ki, düşmən işğalında olan torpaqlarımızın qüdrətli ordumuz tərəfindən 44 gün müddətində azad olunması misilsiz tarixi hadisə olaraq uzun illər Qələbə, Zəfər tarixi kimi xatırlanacaq.
Şəhidin həyətlərində əkdiyi əzgil ağacı bol meyvə gətirib. Yetişsə də, bir dənəsi belə yerə tökülməyib, heç kəs də dərməyə ürək etmir. Əzgil ağacı sanki, onu əkib-becərəni gözləyir...
İgid şəhidim! Saçların heç zaman ağarmayacaq, belin bükülməyəcək. Gənc yaşında zamanı donan igid, adın vətənsevərlərin qəlbində əbədi yaşayacaq. Əcdadlarımızın ruhu dolaşan torpağımızı düşməndən azad etmək üçün şəhidliyi seçdin. Şəhid kimi dəfn olunmaq haqqının dəyərini bilib, ölümdən qorxmadın, çəkinmədin. Anana göndərdiyin şəklin arxasına "ölsəm Vətən üçün öləcəm, Vətən də ana deməkdir, o da sənsən" yazanım. Həsrətində olduğumuz torpağı qanınla suvardın ki, bu yerlərdə dünyanın ən gözəl gülü - Xarı bülbül yenidən bitsin... Sentyabrın 27-dən bir an belə dilindən düşürmədiyin, son anda da "Vətən sağ olsun!" - deyən qəhrəman şəhidim, qanın ürəyinin üstündə gəzdirdiyin üçrəngli müqəddəs bayrağımızın rənginə qarışıb, indi o bayraq işğaldan azad etdiyin kəndlərimizdə, şəhərlərimizdə əzəmətlə dalğalanır...
Bir zamanlar bizə həmvətəniydin, indi vətənləşibsən...

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"