Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Fevral 2021 10:48

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)
Mövzu: Erməni terrorizmi. Ermənistanın Azərbaycana qarşı təcavüzü.
İctimai-siyasi hazırlıq qrupunun rəhbəri bu dərsə hazırlaşarkən Azərbaycanın tarixinə dair nəşr olunmuş vəsaitlərdən, dövri mətbuatda çap olunmuş materiallardan istifadə etməli və öz bölməsinin tapşırıqlarını, xüsusiyyətlərini, xidmət şəraitini nəzərə alaraq, mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirməlidir.
Suallar:
1. Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və təcavüzünün formalaşması tarixi.
2. XX əsrin axırlarında erməni separatçılığı. Ermənistan-Azərbaycan münaqişəsinin yaranma tarixi.

 

Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və təcavüzünün formalaşması tarixi


Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla bu əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları "Böyük Ermənistan" dövləti yaratmaq olmuşdur.
Eramızın 327-ci ilinə kimi Kiçik Asiyada xırda bir ərazidə olan Ermənistan sonralar İran dövləti və Bizans imperiyası arasında bölüşdürülmüşdür. Həmin vaxtdan İranın tərkibində olan erməni çarlığı 428-ci ildə tamamilə ləğv edilmiş, ermənilər isə bütün dünyaya səpələnmişlər. Bu zamandan 1918-ci ilin mayına qədər erməni dövləti, erməni milli dövlətçiliyi olmamışdır.
Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır. Bu dövrdə regionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyən çar Rusiyası XVIII əsrin sonu XIX əsrin əvvəllərində Türkiyə və İrana qarşı müharibə apararkən "erməni amili"ndən siyasi alət kimi istifadə etmişdir.
XIX əsrdən başlayaraq ermənilər Qafqazda və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına "Böyük Ermənistan" xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq hərbi və ideoloji vasitələrdən yararlanmış, XX əsr boyu Azərbaycan və türk xalqlarına qarşı dəhşətli soyqırımı cinayətləri həyata keçirmişlər. 1890-cı ildə "Daşnaksütyun" partiyasını yaratmaqla mənfur niyyətlərinə start verən ermənilər "yazıq millət" pərdəsi arxasında Qafqazda, Türkiyədə və dünyanın müxtəlif ölkələrində ən qanlı hadisələrə, terrora, qırğınlara “imza” atmışlar. Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımı və deportasiya siyasəti də planlaşdırılmış ssenari üzrə tarix boyu mərhələlərlə davam etmişdir. XIX əsrin sonlarında, XX əsrin əvvəllərində, xüsusən 1905-1907-ci, 1915-1920-ci illərdə Bakıda, bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin çirkin və məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı, eyni zamanda, Azərbaycana qarşı ərazi iddialarının siyasətinin ilkin mərhələləri idi.
1917-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra mərkəzi Tiflis şəhəri olmaqla Azərbaycan, Gürcüstan və Ermənistanın ərazilərini birləşdirən Zaqafqaziya seymi yaradıldı. Seymə Azərbaycan və Gürcüstanın nümayəndələri ilə birlikdə ermənilər də daxil idilər. Ancaq hadisələrin sonrakı inkişafı nəticəsində 1918-ci il mayın 27-də Gürcüstan, 28-də isə Azərbaycan Zaqafqaziya seymindən çıxaraq müstəqil dövlət qurduqlarını elan etdilər. Bundan sonra isə ermənilərin ən çox məskunlaşdıqları keçmiş İrəvan xanlığının ərazisində mərkəzi İrəvan şəhəri olmaqla Ermənistan Respublikası yaradıldı.
Burada ermənilərin Qərbi Azərbaycanda və Qarabağda məskunlaşması tarixinə nəzər salaq:
Səfəvilərin vaxtında Azərbaycan inzibati-ərazi quruluşuna görə bəylərbəyliklərə bölünmüşdü. İndiki Ermənistanın ərazisi, Naxçıvan da daxil olmaqla Çuxur Sədd bəylərbəyliyi adlanırdı. XVIII əsrdə Azərbaycanda olan fransız səyyahı Jan Şarden Çuxur Sədd bəylərbəyliyinin mərkəzi İrəvan qalasının səkkiz yüz evdən ibarət olduğunu və burada ancaq təmiz qanlı səfəvilərin (yəni azərbaycanlıların) yaşadığını yazırdı.
1736-cı ildə Nadir şah Azərbaycanda mövcud olmuş inzibati-ərazi quruluşunu - bəylərbəylikləri ləğv etdi və həmin ərazilərdən ibarət mərkəzi Təbriz şəhəri olmaqla Azərbaycan vilayəti yaratdı.
1747-ci ildə Nadir şah öldürüldükdən sonra Azərbaycanın ərazisində müstəqil xanlıqlar, o cümlədən İrəvan xanlığı yarandı.
Rusiya qoşunları 1827-ci ildə Azərbaycanın paytaxtı Təbriz şəhərini işğal etdilər.  1828-ci il Türkmənçay müqaviləsinə əsasən rus qoşunları Cənubi Azərbaycanı tərk etməli oldular. Çar Rusiyası öz əsarəti altına aldığı Şimali Azərbaycanda möhkəmlənmək üçün İranda yaşayan ermənilərin İrəvana və Qarabağa köçürülməsi prosesini təşkil etdi.
Həmin illərdə on minlərlə erməni İrandan və Türkiyədən İrəvana və Qarabağa köçürülmüşdü. Rus-İran müharibəsi başa çatdıqdan sonra 1828-ci il mart ayının 21-də rus çarı I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ləğv edilib, onların əvəzinə "erməni vilayəti" adlanan inzibati-ərazi vahidi yaradıldı.
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra yaradılan Azərbaycan Ordusu köməyə gələn Türkiyə qoşunlarının köməyi ilə erməni silahlı birləşmələrinə qarşı bir sıra uğurlu əməliyyatlar apararaq azərbaycanlıların kütləvi qırğınının qarşısını ala bildilər. Lakin türk qoşunları Azərbaycanı tərk etdikdən və Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut etdikdən sonra Ermənistan rus bolşeviklərinin dəstəyi ilə 1921-ci ildə Azərbaycanın Zəngəzur bölgəsini ələ keçirə bildi.

 

XX əsrin axırlarında erməni separatçılığı. Ermənistan-Azərbaycan münaqişəsinin yaranma tarixi


Sovet hakimiyyəti illərində öz məkrli niyyətlərini gizlədən ermənilər ermənipərəst Mixail Qorbaçovun SSRİ rəhbərliyinə gəlişindən sonra fəal hərəkətə keçdilər. 1985-ci ilin dekabrında ABŞ-dakı erməni inqilabı federasiyası (daşnak partiyası) və erməni milli komitəsi Birləşmiş Ermənistan yaratmağı özlərinin strateji vəzifəsi elan etdi. "Birləşmiş Ermənistan" Naxçıvanı, Qarabağı və Gürcüstanın tərkibində olan Axalkalakini də özündə birləşdirməli idi.
Mixail Qorbaçovun milli siyasət sahəsində buraxdığı kobud səhvlərə qarşı öz etirazını bildirməklə ermənilərin planlarının həyata keçməsinə mane olan görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev 1987-ci ilin oktyabrında SSRİ rəhbərliyindən uzaqlaşdırıldıqdan dərhal sonra, 1987-ci ilin noyabrında Dağlıq Qarabağ erməniləri öz separatçı tələblərini irəli sürdürərək, Azərbaycan Respublikası ərazisində "ikinci erməni" dövlətini yaratmağa cəhd göstərdilər.
1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin (DQMV XDS) yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi haqqında qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti DQMV XDS-nin konstitusiyaya zidd qərarını rədd etdikdən sonra Ermənistanın millətçi rəhbərləri "Daşnaksütyun" partiyasının "Türksüz Ermənistan" proqramını həyata keçirməyə başladılar.
1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Sovetinin sessiyası DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edərək SSRİ Ali Sovetinə müraciət etdi ki, buna razılıq versin. 1988-ci il iyulun 18-də SSRİ Ali Soveti Rəyasət Heyətinin iclası DQMV haqqında məsələni müzakirə edərək respublikalar arasında sərhədlərin dəyişdirilməsini yolverilməz hesab etdikdən sonra, erməni millətçiləri türklərin Ermənistandan çıxarılması üçün hər yerdə mitinqlər təşkil etməyə başladılar.
1988-ci ilin iyununda erməni dəstələri azərbaycanlılar yaşayan Masis rayonunun mərkəzinə və Zəngilər, Zəhmət, Dəmirçi, Dostluq, Nizami, Sarvanlar kəndlərinə basqınlar etdilər. Müdafiəsiz qalmış on mindən çox azərbaycanlı SSRİ -Türkiyə sərhədində toplaşaraq, orada gecələməyə məcbur olmuşdu. Masis qəsəbəsində 3 mindən çox azərbaycanlı evlərindən çıxarılmışdı.
1988-ci ilin noyabrın ortalarına qədər Azərbaycana 80 mindən çox qaçqın pənah gətirmişdi. Noyabrın 17-də Bakının Azadlıq meydanında keçirilən mitinq zamanı Ermənistanda yaşayan azərbaycanlılara muxtariyyət verilməsi tələbi ilə qətnamə qəbul edildi. Bu tələbdən narahat olan Ermənistan rəhbərliyinin noyabrın 22-də rayon rəhbərlərinə yerlərdə qayda-qanunu bərpa etmək (əslində isə bir həftə ərzində, yəni, noyabrın 28-dək Ermənistanı türklərdən təmizləmək) tapşırığını verdi.
1988-ci ilin noyabr-dekabr aylarında Ermənistanın azərbaycanlı əhalisi yaşayan kəndlərə ərzağın göndərilməməsi, elektrik xətlərinin kəsilməsi, kəndlərə silahlı basqınlar əhalini öz tarixi vətənindən qaçqın düşməyə məcbur etdi. 1988-ci ilin noyabr-dekabr aylarında Azərbaycana 200 mindən çox soydaşımız pənah gətirdi.
Moskvanın ermənilərə arxa durması nəticəsində 1988-89-cu illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 qarışıq yaşayış məntəqəsi boşaldıldı.
Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi Ermənistan ərazisinin (29,8 min kv.km) 25%-ni, yaxud təqribən 7,5 min kv.km-ni təşkil edirdi. Bu isə keçmiş DQMV-nin ərazisindən (4,4 min kv.km) 3,1 min kv.km artıqdır.
Ermənistan rəhbərliyi azərbaycanlıların deportasiyasını başa çatdırdıqdan sonra, onların yaşadıqları kəndlərin adlarını dəyişdirməyə başladı. Ermənistan Respublikası Ali Sovetinin 9 aprel 1991-ci il tarixli qərarı ilə 90 türk mənşəli yaşayış məntəqəsinin adı dəyişdirildi. Ümumiyyətlə, 1920-ci ildən 1988-ci ilin avqustuna qədər Ermənistanda 517 azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilib.
1991-1993-cü illərdə Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi vəziyyətdən istifadə edən Ermənistanın silahlı birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətrafda olan 7 rayonu - Laçını, Kəlbəcəri, Ağdamı, Füzulini, Cəbrayılı, Qubadlını və Zəngilanı işğal etməyə müvəffəq oldu.
Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20.000 nəfər azərbaycanlı həlak olmuş, 100.000 nəfərdən çoxu yaralanmış, 50.000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Münaqişə dövründə 4853 nəfər itkin düşmüş, onlardan 1357 nəfəri əsirlikdən azad edilmiş, 783 nəfəri isə hələ də Ermənistanda əsirlikdədir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə 439 nəfər əsirlikdə ölmüşdür.
XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Dünya tarixində Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Xolokost kimi dəhşətli faciələrdən heç də geri qalmır.
Münaqişənin nizama salınması prosesində Azərbaycan dövləti və onun başçısı cənab İlham Əliyev ilk növbədə sülh variantına üstünlük vermişdir. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq etdiyini vurğulamışdır. 2016-cı ilin aprel ayında Goranboy rayonu, Tərtər şəhəri və Horadiz qəsəbəsi istiqamətlərində, 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və 2020-ci ildə Tovuzda dövlət sərhədində Ermənistan təxribatlar törətmişdir. 27 sentyabr 2020-ci ildə Ermənistanın növbəti təxribatı Azərbaycan Ordusunun əks-hücum əməliyyatının keçirilməsi ilə nəticələnmişdir.  Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qısa müddətdə Azərbaycan Ordusu uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqları işğaldan azad etmiş və dövlətimizin ərazi bütövlüyünü bərpa etmişdir. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Bu qələbəmizin başlıca səbəbi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və Azərbaycan Ordusunun şəxsi heyətinin ruh yüksəksəkliyi idi.  
Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu  ümummilli lider Heydər Əliyevin başladığı və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern bir ordusunun olması ilə də diqqəti cəlb edir. Ulu öndər Heydər Əliyevin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıran Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur. Güclü ordu, güclü dövlət deməkdir. Ordu müstəqilliyimizin və dövlətçiliyimizin qarantıdır. Bu isə hər bir hərbi qulluqçudan öz vəzifə borcunu vicdanla yerinə yetirməyi, döyüş və ictimai-siyasi hazırlıq dərslərində, təlimlərdə hərbi biliklərə dərindən yiyələnməyi, mənəvi-psixoloji və fiziki hazırlıqlı olmağı, hərbi intizamı möhkəmləndirməyi tələb edir.  

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi