Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Fevral 2021 10:46

Vətənimizi qoruyuruq, qoruyacağıq!

2 fevral tarixi Azərbaycan gənclərinin bayramıdır. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Bu gün ölkəmizdə gənclər siyasətinin mahiyyət və keyfiyyətcə yeni mərhələyə daxil olması, Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, Azərbaycan ordusunda xidmət edən hərbi qulluqçuların xüsusi diqqət və qayğı ilə əhatə olunması, dövlətimizin gələcəyi naminə yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
Bu gün bir gənc kimi mən özümü ona görə xoşbəxt sanıram ki, Azərbaycan tarixinin şərəfli səhifəsinin yazılmasında mənim də payım var. Sevinirəm ki, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları - 44 günlük Vətən müharibəsi ölkəmizin hərbi və siyasi Qələbəsi ilə başa çatdı. İkinci Qarabağ müharibəsində möhtəşəm Qələbəmiz xalqımızın 30 illik torpaq həsrətinə son qoymaqla yanaşı, Azərbaycanda illərdir güclü dövlət quruculuğu istiqamətində həyata keçirilən strategiyanın və müəyyən hədəflərə hesablanmış siyasətin məntiqi nəticəsi oldu.
Bu zəfərlə ordumuzun hərbi qulluqçuları, Azərbaycan gəncliyi sübut etdi ki, dövlətin müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsində, ərazi bütövlüyünün təmin edilməsində, işğal olunmuş torpaqlarımızın azad olunmasında biz gənclərin xüsusi yeri və çəkisi var. Ali Baş Komandanımızın Şuşada hərbçilərlə görüşündə səsləndirdiyi "Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi" fikirlər biz gənclərə verilən ən yüksək qiymət və dəyərdir.
Sentyabrın 27-dən başlayan cəbhə xəttində erməni hərbi birləşmələrinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri Silahlı Qüvvələrimizin gücünün praktik təsdiqi oldu. Bu döyüşlər, eyni zamanda, ordumuzun peşəkarlığını göstərdi. Sıralanan qələbələr Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu, bir daha dövlətimizin və ordumuzun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü təmin edəcəyini sübut etdi.
Artıq Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız işğaldan azad olunub və üçrəngli bayrağımız ata-baba yurdlarımızda - Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Cəbrayılda, Zəngilanda, ... dalğalanır. Zabitlərimizin, əsgərlərimizin, şəhidlərimizin, qazilərimizin sayəsində tarixi torpaqlarımızın təhlükəsizliyi təmin edilib.
Bu gün Azərbaycan dövləti və xalqı tam əmindir ki, onun güclü potensiala malik, intellektual imkanları və fiziki göstəriciləri yüksək olan gənclər ordusu problemin ədalətli şəkildə tənzimlənməsində daim öz rolunu oynayıb və bundan sonra da belə olacaq. Əsasını gənclər təşkil edən Azərbaycan Ordusu, onun şəxsi heyəti üzərinə düşən vəzifəni və ondan irəli gələn məsuliyyəti dərk edir və xalqımızın tarixi torpaqlarına qovuşması üçün əlindən gələni əsirgəmir.
Mən bu gün ordu gənclərinin adından böyük fəxarət hissi ilə deyirəm ki, bütün ölkə gəncləri kimi biz Azərbaycan Ordusunun gəncləri də bu gün Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək və onu canımızla qorumaq üçün hər bir əmrə hazırıq!
Bütün Azərbaycan gənclərini bu bayram münasibətilə təbrik edir, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıram!

Səddam HÜSEYNOV, "N" hərbi hissəsi