Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Fevral 2021 10:28

Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətə başlaması Prezident İlham Əliyevin prinsipial siyasətinin məntiqi nəticəsidir

Ermənistanın işğalçılıq siyasətinə son qoymaq üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi, düşünülmüş strategiyası, diplomatiya cəbhəsində apardığı mübarizə nəticəsində istər ön, istərsə də arxa cəbhədə böyük uğurlar qazandıq, düşmən üzərində şanlı Qələbəmizi təmin etdik. Tarixi həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı. 44 günlük Vətən müharibəsinin gedişində bir daha sübut edildi ki, Azərbaycanın razılığı olmadan Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. İnzibati ərazisi xeyli böyük olan Kəlbəcər, həmçinin Ağdam və Laçın rayonları şəhid verilmədən, qan tökülmədən geri qaytarıldı. Bu rayonların geri qaytarılması isə Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir.
Bu gün respublikamız hərb meydanında olduğu kimi, diplomatik arenada da üstün mövqedədir və bu mövqeyini qoruyur. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da xalqa müraciətində bildirmişdi ki, qardaş Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaq. Belə də oldu. Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş naziri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanatın 5-ci bəndinə əsasən yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayıb. İşğaldan azad olunmuş Ağdamda inşa edilən mərkəz Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin reallaşmasının, Azərbaycan-Türkiyə qardaşlığının və strateji tərəfdaşlığının daha bir əyani təzahürüdür. Birgə Monitorinq Mərkəzi münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyini artırmaq məqsədi daşıyır.
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması Azərbaycanın siyasi iradəsinin növbəti təzahürü və dövlətimizin başçısının düşünülmüş, qətiyyətli və prinsipial siyasətinin məntiqi nəticəsidir.
Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə regionda yeni geosiyasi reallıqlar da yaradıb. Türkiyə hərbçilərinin azad olunmuş ərazilərdə xidmətə başlaması bu reallıq nəticəsində mümkün olub və ölkəmizin maraqlarına tamamilə uyğundur. Hazırda ən yüksək səviyyəyə çatmış Azərbaycan-Türkiyə tərəfdaşlığı Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və davamlı inkişaf üçün böyük önəm kəsb edir. Eyni zamanda, prosesdə Rusiya və Türkiyənin birgə iştirakı da olduqca pozitiv amildir və regionda daha geniş əməkdaşlıq planlarının gerçəkləşdirilməsi üçün yeni imkanlar açır.
Birgə Monitorinq Mərkəzinin yaradılması və fəaliyyətə başlaması Prezident İlham Əliyevin irəli sürdüyü 3+3 (Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistan) əməkdaşlıq formatının reallaşması, kommunikasiyaların açılması baxımından da növbəti uğurlu addımdır. Prezident İlham Əliyevin dediyi kimi, qonşu ölkələr də regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Beləliklə, əminliklə söyləmək olar ki, Cənubi Qafqaz Azərbaycanın liderliyi ilə çox ciddi və mühüm bir başlanğıca qədəm qoyur. Bu başlanğıc isə sülh, sabitlik və inkişafdan ibarətdir.

"Azərbaycan Ordusu"