Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Yanvar 2021 10:00

Hərb sənətimizin böyük Zəfəri

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbə təkcə Qafqaz regionunda deyil, bütün dünyada böyük əks-səda doğurdu. Aparılan döyüşlər noyabrın 10-da Azərbaycanın əzəli və əbədi parçası kimi Dağlıq Qarabağın və ətrafındakı ərazilərimizin  birdəfəlik işğaldan azad olunmasına gətirib çıxardı, Ermənistan ordusunun tam məğlubiyyəti, kapitulyasiyası ilə yekunlaşdı. 44 gün davam etmiş "Dəmir Yumruq" əməliyyatı bütün dünyaya Azərbaycan dövlətinin qüdrətini, ordumuzun nəyə qadir olduğunu nümayiş etdirdi. Ay yarım ərzində rəsmi İrəvanın öz ordusu barədə yaratdığı mifik "məğlubedilməzlik" təsəvvürü kartondan düzəldilmiş daxma kimi uçulub dağıldı.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadiyyatı gücləndikcə ordu quruculuğu prioritet sahə elan edilmiş, dünyanın müxtəlif aparıcı ölkələrindən ən müasir, yüksək dəqiqlikli silah və döyüş texnikası alınmışdı. 2016-cı ilin Aprel döyüşləri artıq Azərbaycan Silahlı Qüvvələrinin artan qüdrətindən xəbər verirdi. Həmin qarşıdurma zamanı ordumuz müasir silah və texnikadan istifadə etmişdi. O zaman hərbi bölmələrimiz havada ordumuzun üstünlüyünə nail olmaqdan ötrü PUA-lardan ilk dəfə istifadə etmişdi. Bu, düşmən üçün Azərbaycanın məqsədlərini açıq-aydın bildirən ciddi siqnal idi, ölkəmizin heç zaman Qarabağın işğalı faktı ilə barışmayacağını sübut edən güc nümayişi idi. Ancaq Ermənistan yetərincə sarsıdıcı zərbə alsa da, mənasız inadından əl çəkmədi.
Qırx dörd günlük müharibədə isə Silahlı Qüvvələrimiz ən müasir hərbi texnologiyadan, kəşfiyyat və zərbə pilotsuzlarından, həmçinin yüksək dəqiqlikli artilleriya silahlarından, Ermənistan ordusunun öncə görə bilmədiyi döyüş üsullarından istifadə etməklə Qarabağ səmasında hakim olduğunu, uzun illər ərzində döyüş hazırlığı sahəsində düşməni xeyli qabaqladığını, tamamilə yeni döyüş əməliyyatları modelinə yiyələndiyini bütün dünyaya sübut etdi və göstərdi ki, bu, gələcəkdə, ümumiyyətlə, hərb sənətində quru döyüşlərinin taktiki mənzərəsini tamamilə dəyişə bilər.
Vətən müharibəsində ordumuzun qazandığı böyük Qələbədə Şuşanın azad edilməsi isə Azərbaycan hərb tarixinin ən yaddaqalan şanlı səhifələrindəndir. Qoşunlarımızın bölmələri düşmənin gözləmədiyi istiqamətdən müdafiə mövqelərini yararaq təbii relyefinə və coğrafi mövqeyinə görə taktiki cəhətdən alınmaz qala hesab edilən Şuşa şəhərinə istiqamət götürdü, kəşfiyyat və zərbə PUA-larından yararlanmadan, Azərbaycan zabit və əsgərlərinin yenilməz iradəsi, yüksək döyüş ruhu və igidliyi ilə Azərbaycanın mədəniyyət beşiyini noyabrın 8-də düşməndən xilas etməyi bacardı. Həmin tarix ölkə təqviminə böyük Zəfər Günü kimi həkk edildi.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimində Şuşanın azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən deyib: "Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir".
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar dünya hərb dairələrinin diqqətini cəlb etdi və heyrətini doğurdu. Dünyanın güc mərkəzləri ordumuzun Qarabağda nümayiş etdirdiyi döyüş taktikası və istifadə etdiyi yüksək dəqiqlikli hərbi texnika, ən başlıcası isə Azərbaycan əsgərinin mətinliyi və cəsurluğunu hətta ölkəmizi gözü götürməyən hərbi mütəxəssislər, ekspertlər belə etiraf etməli oldular.
Müxtəlif media resurslarında çıxış edən tanınmış hərbi mütəxəssislər bildirirdilər ki, Vətən müharibəsi günlərində Qarabağda aparılmış hərbi əməliyyatlar dünya hərb sənətində yeni tendensiyalardan xəbər verir və əvvəlki müharibələrdən xeyli fərqlənir. Ən başlıcası ona görə ki, Azərbaycan düşmənlə mübarizədə yeni taktiki üsullardan, müasir silah və texnikadan istifadə edirdi.
Rusiyanın "Nasionalnaya oborona" jurnalının baş redaktoru, obyektiv təhlillərilə tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko "Region plyus" jurnalına müsahibəsində Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyətini yüksək qiymətləndirib: "Dünya hələ belə bir vəziyyətlə rastlaşmamışdı ki, bir ordu digər ordu ilə vuruşarkən bu sayda yüksəkdəqiqlikli silahlardan istifadə edilsin. Zərbə uçuş aparatlarından istifadənin miqyasına və intensivliyinə görə bu, dünya tarixində ilk belə hadisədir. Nə ABŞ, nə Rusiya, nə İsrail, nə də hansısa başqa ölkə bu miqyasda pilotsuz zərbə uçuş aparatlarından istifadə etməyib. Pilotsuz uçuş aparatları bu cür münaqişələrdə özünün mübahisəsiz üstünlüyünü sübut edib. Buraya Azərbaycan Ordusu tərəfindən düşmənin canlı qüvvələrinin və hava hücumundan müdafiə vasitələrinin məhv edilməsi və daha sonra zirehli texnikanın, yüksək dərəcədə müdafiə olunan hədəflərin və canlı qüvvənin məhv edilməsi üçün pilotsuz uçuş aparatlarından geniş istifadə taktikasını da əlavə etmək lazımdır".
O da xoşdur ki, Azərbaycan Ordusunun Qarabağda nümayiş etdirdiyi yüksək hərbi keyfiyyətlər dünyanın aparıcı hərbi elmi mərkəzlərində təhlil obyektinə çevrilib. Rusiyada, Ukraynada, Gürcüstanda və bir sıra digər ölkələrdə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində təcrübəsi yaxından öyrənilir və nümunə kimi qəbul edilir.
Maraqlıdır ki, ABŞ Ordusunun komandanlığı da ordumuzun Ermənistan qoşunlarına qarşı tətbiq etdiyi taktiki modeli araşdırmağa başlayıb. Bu barədə nüfuzlu "Breaking Defence" nəşri yazır. Onun yazdığına görə, Qarabağda kəşfiyyat və zərbə PUA-larının ənənəvi qüvvələrlə birgə tətbiqi yeni təcrübədir.
Silahlı Qüvvələrin modernləşdirilməsinə, gələcəyin döyüş sistemlərinin hazırlanmasına rəhbərlik edən Birləşmiş Ştatların Gələcəyin Ordusu Komandanlığından (Army Futures Command-AFC) yüksək rütbəli general anonimlik şərti ilə bildirib ki, Qarabağda gedən hərbi əməliyyatlar gələcəyin müharibələrində hadisələrin necə cərəyan edəcəyini təxmin etməyə imkan verir. (Army Futures Command strukturdur və 2018-ci ildə yaradılıb).
General deyib ki, Dağlıq Qarabağda Azərbaycan Ordusu erməni zirehli texnikasını sürətlə məhv etmək üçün  nəinki kəşfiyyat, eləcə də zərbə PUA-larından, habelə "kamikadze-dronlardan" kütləvi şəkildə istifadə edib. Bu taktika Azərbaycan Ordusuna imkan verib ki, erməni qüvvələrini sürətlə məğlub edib irəliləsin.
Eyni zamanda, Azərbaycan əsgəri döyüş meydanında ortaya qoyduğu dəmir intizam, yüksək döyüş bacarığı ilə həm də regionumuzda və dünyada özünə və ölkəmizə böyük rəğbət qazandı.
Dünyanın nüfuzlu "Global Fire Power" araşdırma mərkəzi 2021-ci il üçün təqdim etdiyi dünya ordularının reytinqində ölkəmizin güc strukturu yetərincə yüksək yer tutub.  Araşdırma zamanı əsasən ordular barədə bir sıra amillər, o cümlədən illik hərbi büdcə, orduda xidmət edən şəxsi heyətin, Hərbi Hava Qüvvələrinə məxsus təyyarə, pilotsuz uçan aparat və helikopterlərin, eyni zamanda, qırıcı təyyarələrin, tankların sayı və hərbi donanma üzrə göstəricilər nəzərə alınır.
"Global Fire Power"in yeni hesabatında Azərbaycan Ordusu 138 ordu arasında 64-cü pillədə qərarlaşıb və Cənubi Qafqazın ən güclü müdafiə təşkilatıdır. Bolqarıstan, Belçika kimi Avropa dövlətləri Azərbaycandan sonrakı mövqelərdə qərar tutub. Qonşu Gürcüstan siyahıda 92, Ermənistan isə 100-cü yerdədir.
Bütün bunlar bir daha göstərir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı tarixi Zəfər  Azərbaycanın bir dövlət olaraq qüdrətinin bariz təzahürüdür.

Əbülfət QASIMOV, ehtiyatda olan zabit